(1911 -1960)
İran xalqlarının azadlıq hərəkatı tarixini vərəqlədikcə bir çox bacarıqlı və fədakar mübarizə rast gəlirik.Bu simalardan biri də şəhid Əyyub Kələntəridir.
Əyyub Kələntəri İbrahim oğlu 1290 – cı ildə (1911) Təbriz şəhərində nüfuzlu bir ailədə anadan olmuşdur.Onun atası İbrahim Şərəfüldövlə Azərbaycan vətənpərəstlərindən biri olmuş və uzun müddət Təbrizdə hakim vəzifəsində işləmişdir.Əyyub Kələntərinin qardaşları təhsil aldıqdan sonra xaricdən vətənə qayıtmış və dəmiryol və yollar idarəsinin rəisi, mühəndis və Təbriz işıq karxanasının müdiri vəzifələrində çalışmışlar.Əyyub Kələntəri özü də bir müddət dövlət qulluğunda olmuş, dövlət idarələrində məmurların xalqa zülm və özbaşınalığını daha yaxından görmüş və bu hadisələr onda mövcud quruluş əleyhinə nifrət doğurmuşdur.Zaman keçdikcə bu nifrət güclənmiş və onu xalq işi uğrunda ictimai mübarizəyə sövq etmişdir.O, dəfələrlə demişdir ki, dövlət idarələrində işləmək və vicdan əzabı çəkmədən mümkün deyildir.
Azərbaycanda Hizbe Tudə İran təşkilatı yarandığı zaman Əyyub Kələntəri də partiyaya üzv olmuş və ona tapşırılan vəzifələri ləyaqətlə yerinə yetirmişdir.O, ailəvi nüfuzundan , özünün xalq içərisində şəxsi hörmətindən istifadə edərək irticaya qarşı təsirli mübarizə aparır,xalqın hərəkata cəlb olunmasında mühüm rol oynayır.Onun ləyaqəti, təşkilati bacarığı və dönməzliyi irticaçı qüvvələri xüsusilə narahat edir və ona görə də mürtəcelər Əyyub və onun yoldaşlarına qarşı dəfələrlə müxtəlif maneələr düzəldirlər.Əyyub bu maneələri öz sayıqlığı, mübarizə bacarığı və yoldaşlarının səmimi köməkliyi ilə puça çıxara bilir.Lakin bir dəfə məşhur şahpərəst cəlladlardan biri olan terrorçu Bağmeşəli Seyfulla xanın oğlunun başçılıq etdiyi dəstə tərəfindən gecə ikən qəflətən mühasirəyə alınmış Əyyub qeyri – adi çeviklik nəticəsində xilas olur, lakin ölümcül surətdə yaralanır və mübarizəni davam etdirir.
1323 – cü ildə (1944) Təbrizdə həmkarlar ittifaqı tərəfindən təşkil edilmiş böyük bir nümayişdə Əyyub Kələntəri qabaq cərgədə hərəkət etdiyi zaman İran ordusu nümayişçilərə atəş açdığı vaxt Əyyub Kələntəri də ağır yaralanır.O, həmməslək dostlarının birinə demişdi ki, “mən Azərbaycan xalqının azadlığı, fəhlələrin haqq işi uğrunda yaralandığım üçün iftixar edirəm.Əgər ölməsəm, bundan sonra yüz dəfə də bu yolda yaralansam mənə xoşdur.Qoy yüzlərlə Kələntərilərin qanı axsın, ancaq vətən azad olsun”.
Azərbaycan Demokrat Firqəsi yarandığı zaman Əyyub Kələntəri də onun sıralarında firqənin məqsəd və hədəfi uğrunda yorulmadan mübarizə aparmışdır.Kələntəri xalq işinə sadiq olduğundan, bundan əlavə özünün gözəl insani xüsusiyyətlərilə Təbriz əhalisi , məxsusən Bağmeşə, Şeşgilan və Xiyaban məhəllələrinin sakinləri ona yüksək dərəcədə etimad göstərirdilər., onu ürəkdən sevir və ona hörmət edirdilər.Bu məhəllələrdə Ağsaqqallar Şurasına hazırlıq aparılan zaman Əyyun Kələntəri də öz məhəllələrindən həmin şuraya nümayəndə göndərilmişdir.O, şanlı 21 Azər nəhzətində (hərəkatında) fəal iştirak etmiş, çətin və ciddi vəzifələrin öhdəsindən ləyaqətlə gəlmişdir.Azərbaycan Demokrat Firqəsi və onun rəhbərlik etdiyi Milli Hökumət və Milli Məclis onun xidmətlərini yüksək qiymətləndirərək onu ” 21 Azər” medalı ilə təltif etmişlər.Əyyub Kələntəri Azərbaycan xalqının azadlığı uğrunda hər bir fədakarlığa hazır olan bir mübariz idi.O, çətin tapşırıqları yerinə yetirməklə bərabər milli hətəkata maddi vəsait ilə də kömək etmişdir. Əyyub Kələntəri Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər konfranslarının nümayəndəliyinə və həmçinin Təbriz Şeşgilan komitəsinin üzvülüyünə seçilmiş və ona tapşırılan vəzifələri bacarıqla yerinə yetirmişdir.Azərbaycan xalqı Əyyub Kələntəriyə yüksək etimad göstərərək onu Milli Məclisə nümayəndə göndərmiş və o, bu etimadı alovlu mübarizəsi və fədakarlığı ilə doğrultmuşdur.
Cəllad şah və onun vəhşi dəstəsi milli hərəkatı qan dəryasında boğduqdan sonra da Əyyub Kələntəri öz fəaliyyətini dayandırmamış, imperializm və irtica əleyhinə, ümumiyyətlə, xalqa zidd qüvvələrə qarşı mübarizəni gizli şəraitdə davam etdirmişdir.Fəaliyyətinin bu dövründə daha ciddi çətinliklər və məhrumiyyətlərlə üz – üzə gələn Əyyub 1332 – ci il (1953)28 mordad hadisələrindən sonra iki dəfə tutulmuş və hər dəfə uzun müddət zindanda saxlanılmışdır.Lakin nə həbs, nə təqib onun mübarizə əzmini qıra bilməmişdir.Hər dəfə zindandan çıxandan sonra o yeni qüvvə ilə çox ehtiyatla öz mübarizəsini davam etdirmiş, Azərbaycanda firqənin gizli şəbəkələrini yaratmağa çalışmış və mövcud quruluşu dəyişmək uğrunda gərgin fəaliyyət göstərmişdir.Lakin bir müddət fəaliyyət etdikdən sonra o və yaxın yoldaşları dövlətin əmniyyət cəlladları tərəfindən tutulmuş, 1338 – ci ildə (1959) Tehranda sərhəng Səlahiərbin rəisliyi ilə təşkil edilmiş sifarişli hərbi məhkəmə, 1339 – cu ilin fərvərdin ayında isə sərtib Əbdinin rəisliyi ilə şifarişli hərbi məhkəmə onu güllələnməyə məhkum etmiş və 1339 – cu ilin ordubeheşt ayının 14 – də (1960) Təbrizdə güllələnmişdir.
Azadlıq hərəkatında öz canını qurban verən Əyyub Kələntəri olduqca təvazökar, ədəbli, sadə və səmimi bir yoldaş idi.O, həmişə özündən böyüklərə hörmət edər və kiçiklərə yüksək qayğı göstərərdi.Onun ictimai və siyasi məsələlərdə düzgün mövqe tutması, möhkəm iradəsi , igidlik və mətanəti hər yerdə, hətta hərbi məhkəmədə və ölüm ayağında özünü göstərmişdir.
Əyyub Kələntərinin nəcib sifətləri, mübarizə əzmi, dönməzliyi və başqa xüsusiyyətləri gələcək mübarizələrdə yoldaşları üçün, xüsüsilə cavanlar üçün böyük nümunədir.Böyük xalq amalı, vətənin azadlığı yolunda, xalqların rifah və səadəti üçün mübarizədə dönməz olan, yüksək mətanət və fədəkarlıq nümunələri göstərən Əyyub Kələntərinin əziz xatirəsi unudulmazfır və xalqımızın ürəyində əbədi olaraq yaşayacaqdır.
Müəllifi Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzv