QƏHRƏMAN XANIM – XAVƏR QƏHRƏMANİ
“Uşaqlıq illərimi Güney Azərbaycanın ən gözəl dilbər guşələrindən biri olan Qaradağ məhalında keçirmişəm.İlk kövrək qədəmlərim gözəl Qaradağın əlvan çiçəkli çəmənlərində, qartal dimdikli qayalarında, barlı – bəhrəli bağlarında, qoynu qalın meşəli, zirvəli dağlarında, ayna kimi parlaq yarpız ətirli buz bulaqlarında bərkiyib”- deyə Xavər xanım Qəhrəmani həqiqətən adına yaraşan bir qəhrəman idi.
Xavərin yaşayış yeri Aslanduz idi.Onun gənclik illərində Azərbaycsn Demokrat Firqəsinin günəşi parlayıb yurdumuzu işıqlandırdı. Xavər xanım bir çox azadə insanlar kimi Azərbaycan Demokrat Firqəsinin təbliğatçısı kimi kəndləri, obaları dolaşıb, şeir qoşub xalqımızı maarifləndirirdi.Onun ən şirin xatirəli günləri Aslanduz, Əhər, Kəleybər, Əruşə,
Qalakəndi, Qalalı, Surəcər, Mutaəlli və Qaradağın ayrı – ayrı yerlərində keçdi.Kaşki biz də o günləri, ya da ona bənzər günləri görərdik kaşki.
Səttarxan kimi igidin vətəni olan Qaradağda doğulub boya – başa çatmış Xavər Qəhrəmaninin poeziyası isə tamamilə xalq şeiri üslubunda yaranmışdır O, hansı formada yazırsa yazsın, yaratdığı nümunəyə daha incəliklə yanaşıb, sələflərinin üslubundan qətiyyən kənara çıxmayıb:
Doğma Təbrizimdən ayırdın məni,
Əlində oyuncaq qayırdın məni,
Candan usandırıb doyurdun məni,
Ürəksiz yaşamaz bədən ayrılıq.
Baxmadan gəncliyə, cavanlığıma,
Vaxtsız xəzəl saldın könül bağıma,
Bir gün vüsal çıxsa tuş qabağıma,
Bərələr gözlədin gendən ayrılıq.
Xavər Qəhrəmani bu şeirdə qoşma formasını dəqiqliklə edir və ən böyük dərdlərdən biri olan ayrılığı canlı səhnələrlə göz önünə gətirməklə yanaşı xalq şeirinin incəliklərindən peşəkarlıqla istifadə efir.Xavər xanımın bu səpkili şeirləri çoxdur.Onun xalq şeirinin bir çox formalarında olduqca sanballı əsərləri var.Bu da şairənin xalq yaradıcılığına, xalq şeirinə, folklora olan sevgisinin bariz nümunəsidir.
Sonra şah rejimi bir daha Azərbaycana qayıtdı və Xavər xanım da bir çoxları kimi Bakı şəhərinə mühacirət etməyə məcbur olub qalan ömrünü vətən həsrətində sızladı.Onun” Səttarxan nəvəsiyəm ” adlı şeir kitabında oxuyuruq:
Toxunma inciyən sınıq könlümə,
Yanağından küsmüş yolağ kimiyəm.
Sənin fərağından, sənin qəmindən,
Titrəyən dil kimi, dodaq kimiyəm.
Cəsarət göstərib, etsə də inad,
Mənzilə çatmayır hər qartal qanad.
Eşqimi vədəsiz soldurdu həyat,
Qönçəsi solmuş bir budaq kimiyəm.
Hünər təkan verər əqlə, kəmala,
İsmət şölə saçar hüsnə, cəmala.
Tale məni salıb hamıdan dala,
Yol üstə, tək bitmiş qovaq kimiyəm.
Cəlladın kəsdiyi qanan baş olub,
Ürəklər ağlayıb, gözlər yaş olub.
Gəlmələr yurdumda vətəndaş olub,
Mən öz vətənimdə qonaq kimiyəm.
Mən öz vətənimdə qonaq kimiyəm.
Müəllifi Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzv