Şahmar Səmədi Səməd oğlu 1265 – ci ildə
(1886) Ərdəbil vilayətinin Ağabağır kəndində zəhmətkeş kəndli ailəsində anadan olmuşdur. Şahmar doğma kəndində bir qədər köhnə üsulda oxumuş, sonra isə əkinçilik və kənd muzdurluğu ilə məşğul olmuşdur.Bir çox Azərbaycan kəndliləri kimi Şahmar da ictimai, iqtisadi və siyasi məhrumiyyətlər nəticəsində mövcud quruluşdan, xüsusilə kənd həyatının hər bir sahəsinə mənfi təsir edən İran ərbab – rəiyyətlik münasibətindən narazı olmuş və nəhayət, ömrü boyu həmin quruluşa qarşı mübarizə aparmışdır.Şahmar Səmədi hələ cavan ikən kənd həyatından uzaqlaşaraq sənaye şəhərlərinə işləməyə gedir.Kargərlik
(fəhləlik) həyatı onun siyasi şüurunu daha da möhkəmləndirir.Səttarxan hərəkatına var qüvvə ilə kömək edən Səmədi, Şeyx Məhəmməd Xiyabani hərəkatı dövründə daha da bərkiyib təcrübələnmişdir.O, 1320 – ci ildə (1941) Hizbe Tudə İranın sıralarına qoşulmaqla öz mübarizəsini bütün İran zəhmətkeşlərinin mübarizəsilə birləşdirmişdir.Şahmar Səmədi sadə üzv deyil, Nir və onun ətraf kəndlərində
Hizbe Tudə İranın təşkilatçılarından biri olmuş, öz kəndli yoldaşlarını təşkilatda birləşməyə çağırmışdır.Şahmar Səmədi həmin təşkilatçılıq fəaliyyətinə görə dəfələrlə yırtıcı quldurların təzyiqinə, jandarm və dövlət məmurlarının təqibinə məruz qalmışdır.Lakin o həbsdən, terrordan qorxmadan kəndlilərin mübarizə qüvvələrini birləşdirməyə çalışmış, böyük torpaq mülkiyyətini, ərbab – rəiyyətlik üsulunu var qüvvə ilə ifşa etmişdir.Azadlıq hərəkatının quduz düşmənlərindən olan , məşhur yurtçi feodalı Nəsrulla xan özünün silahlı terrorçuları vasitəsilə onun həyatını hədələmiş, lakin, o, mübarizədən əl götürməmişdir.
Şahmar Səmədi 1323 – cü ildə (1944) şahın xüsusi əmri ilə Sərab və Ərdəbil vilayətlərinə göndərilmiş cəza dəstələrinin fərmandehi, məşhur cinayətkar, sərhəng Canpolad vasitəsilə təqib efilsə də, o, yenə də bir təcrübəli təşkilatçı, qorxmaz təbliğatçı kimi kəndliləri mövcud quruluşa qarşı mütəşəkkil mübarizəyə dəvət etmişdir.O, inadcıl mübarizəsinə , xalq işinə göstərdiyi sədaqətinə görə Hizbe Tudə İranın Nir təşkilatının sədri seçilmişdi.Şahmar Səmədi 1324 – cü ildə (1945) Azərbaycan Demokrat Firqəsinin üzvlüyünə keçərək bütün mütərəqqi qüvvələrin səfərbər edilməsində öz mübarizəsini yeni ilham və enerji ilə davam etdirir.O, Azərbaycan Demokrat Firqəsinin təsir dairəsinin genişlənməsi məqsədilə tək – tək kəndlərdə hövmələr, hövzələr və komitələr yaratması üçün var qüvvəsini sərf edir.
Qocaman azadixah Şahmar Səmədi xalq nəhzətinin (hərəkatının) genişlənməsi, fədai dəstələrinin təşkili yolunda görkəmli xidmətlər etmişdir.1324 – cü ildə Təbriz şəhərində təşkil tapmış Milli Konqredə iştirak edən Səmədi Nirə qayıtdıqdan sonra konqrenin ruhunu mahallara, kəndlərə, bütün zəhmətkeş kəndlilərə, Azərbaycan Demokrat Firqəsinin məram və məqsədinin geniş xalq kütlələrinin çatdırılmasına səy göstərmişdir.
21 Azər nəhzətində öz fədai dəstəsilə birlikdə iştirak edən Səmədi Nir ətrafındakı jandarmaların tərksilah edilməsində, mürtəce feodalların nəhzətə qarşı düşmənlik fəaliyyətlərinin boşa çıxarılmasında görkəmli rol oynamışdır.
Şahmar Səmədi nəhzətin genişlənməsi və qələbəsi uğrunda xidmətlərinə görə şanlı “21 Azər”medalı ilə təltif edilmişdir.Hərəkatın qələbəsindən sonra Milli Hökumətin islahat tədbirlərinin həyata keçirilməsi və quruculuq işlərində Səmədinin xidməti diqqətəlayiqdir. Kəndlilərə əvəzsiz, heç bir qeyd – şərt olmadan torpağı verən islahat qanununun icrası yolunda Səmədi geniş izahat işi aparmış, kəndlilərin həmin torpaqlardan yaxşı istifadə etmələrinə çalışmışdır.
1325 – ci ildə (1946) şahənşah ordusu xaincəsinə Azərbaycana basqın edən zaman azadlıq yolunun on minlərlə mübarizləri kimi Şahmar Səmədi də tutulub faciəli bir vəziyyətdə öldürülür.Qoca Şahmarın barışmaz düşməni olduğu maliklər və bəylərdən bir neçəsi həbsxanaya gələrək dövlət məmurlarının köməyi ilə onu öz haqq yolundan dönməyə dəvət edirlər.Bütün işgəncə və əzablar, eləcə də aldadıcı vədlər onların alçaq məqsədlərinə heç bir xidmət edə bilmir.Azadlıq yolunun qocaman fədaisi son nəfəsinə qədər mərdanəliklə dayanır, ölümü də, onu ölümlə hədələyənləri də öz cəsarətilə təhqir edir.Məhəmməd Rza şahın quldur dəstələri 60 yaşlı Şahmarı, öz vətənini, xalqını sevdiyi üçün Meşkin şəhrdə dara çəkdirir və beləliklə də səltənət rejiminin zəngin tarixinə yeni bir rəng əlavə etmiş olurlar.Onun təşkilati xidməti, xalqın azadlıq və səadəti uğrunda keçdiyi şərəfli mübarizə yolu cavan nəsil üçün sərgüzəştlərlə doludur.Bu gün o öz mübarizə yoldaşlarının sırasında yoxdursa, onun parlaq xatirəsi ürəklərdə xalq işinə sədaqət və rəşadət rəmzi kimi yaşamaqdadır.
Müəllifi Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzv