1324 – 1345 – ci illərdə (1945 – 1946) Azərbaycan hərəkatı bir də ona görə həqqiqi xalq hərəkatı adlanır ki, burada təkcə kəndlilər, fəhlələr, aşağı rütbəli dövlət məmurları, əsnaf, kiçik maliklər deyil, hətta milli burjua nümayəndələri də iştirak etmişlər.Azərbaycanın məşhur tacirlərindən Hacı Məhəmmədhüseyn Həbəşinin oğlu sərhəng (polkovnik) Həbəşinin Azərbaycanın Xalq Qoşunları sırasında xidmət etməsi bu cəhətdən diqqətəlayiqdir.
Əkbər Həbəşi Tehranın hərbi zabitlik məktəbinin piyada hissəsini qurtsrmış,İran ordusunun müxtəlif hərbi hissələrində xidmət etmiş təcrübəli, bacarıqlı zabitlərindən biri idi.
1324 – cü ildə (1945) İran ordusunun Ərdəbil hərbi hissəsi qəhrəman fədailər tərəfindən tərksilah edilib Milli Hökumət qurulduqdan sonra, Əkbər Həbəşi Azərbaycan Xalq Qoşunları sıralarında xidmət etməyi İran ordusunda işləməkdən üstün tutduğunu bildirir. Ərdəbildən Təbrizə gələrək baş qərargah tərəfindən xidmətə qəbul edilir.
Azərbaycan Xalq Qoşunları sırasında, xalq mənafeyi uğrunda xidmət etmək Əkbər Həbəşinin də həyat və fəaliyyətində böyük dəyişikliyə səbəb olur.Milyonlarla xalq kütləsinin azadlıq hərəkatına , Azərbaycanın hər tərəfində davam edən islahat işinə rəhbərlik edən Azərbaycan Demokrat Firqəsinə üzv olmaqla Həbəşinin fəaliyyəti yeni məzmun, yeni məna kəsb etmiş olur.O, öz xalqının azadlıq və səadəti uğrunda Milli Hökumətin islahat və quruculuq işində fəal surətdə iştirak edir.O, Xoy və Salmas şəhərlərindəXalq Qoşunları hissələrinin təşkilində və yaradılmasında səmimiyyətlə çalışır.Xalq Qoşunlarının Təbriz hərbi hissələrində piyada bölmələrinin təlim – tərbiyə işində də Sərhəng Əkbər Həbəşi özünün bilik və bacarığını və əlindən gələn köməkliyi əsirgəmir.
1325 – ci ildə (1946) şahənşah ordusu Azərbaycana xaincəsinə basqın etdikdə Sərhəng Əkbər Həbəşi Azərbaycan Xalq Qoşunlarının zabiti və Azərbaycan Demokrat Firqəsinin üzvi kimi tutulub öldürülür.
Xalqın azadlq və səadəti uğrunda şəhid olmuş sərhəng Həbəşi öz qəhrəmanlığı ilə fədai yoldaşlarının və Azərbaycan xalqının qəlbində həmişə yaşayacaqdır.
Müəllifi Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzv