آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

21 AZƏR ŞƏHİDİ TEYMUR MƏDƏDİ

1280 – 1325 (1901 – 1946)

Gərmrud mahalının Vərzeqan kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.İranın hər tərəfində hökm sürən ərbab – rəiyyət münasibəti, rəhmsiz feodal istismarı Mədədini də hələ cavan yaşlarından mövcud quruluşdan narazı olanlar sırasına çəkib gətirmişdi.İctimai quruluşun törətdiyi maneələr onu da öz istedadından istifadə etməyə, öz zəhmətinin bəhrəsindən faydalanmağa qoymamışdır.O, nə tək oxuyub savadlanmaqdan məhrum olmuş, torpağı olmadığı halda işdə tapa bilməmiş və nəhayət, vətənini tərk edib başqa kəndlərə, şəhərlərə getməli olmuşdur.Həmin bu vəziyyət onun müxtəlif şəhərlərin kargərlərin (fəhlələrin) görüşməsinə, siyasi inkişafına təsir edərək mövcud quruluşa nifrətini, mübarizə enerjisinə çevirmişdir. O, Mazandaranda işlədiyi vaxt orada dəmiryol işində çalışan müxtəlif əyalətlərin fəhlələri ilə tanış olmuş, onlarla birgə işləmiş, birgə mübarizə aparmışdır.Mədədi çalışqanlıq, fəhlə həmrəyliyini hər şeydən üstün tutmaq, yoldaşlarına sımimi fəhlə münasibəti bəsləmək nəticəsində həm öz yerli yoldaşlarının,həm də başqa millətlərə mənsub fəhlə və kəndlilərin içərisində böyük hörmət kəsb etmişdi. Zəhmətkeşlərin mənafeyinə hörmət qoymaq, bu mənafe uğrunda mübarizə etmək , başqalarını da mübarizəyə çağırmaq Mədədinin ən bariz xüsusiyyətlərindən idi.Buna görə də hamı onu ən yaxın yoldaşı və əziz dostu kimi sevirdi.O, bir neçə dəfə əmək haqqını artırmaq, iş şəraitini yaxşılaşdırmaq üstündə kargərləri mübarizəyə çağırdığı üçün polis orqanlarına aparılmış, döyülmüş, neçə dəfə zindana salınmış və nəhayət, işlədiyi məntəqədə fəhlələrlə, kəndlilərlə bir daha əlaqə saxlamayacağınan görə ondan iltizam alıb buraxmışlar.Lakin bu iltizama baxmayaraq az sonra onu işdən qovaraq Mazandaran fəhlə məntəqəsindən uzaqlaşdırmışlar.Rza xan diktatorluğunun yıxılmasından sonra azadlıq hərəkatının güclənməsi ilə əlaqədar olaraq Teymur Mədədi də Gərmrud, Həştrud, Çarotmaq mahallarında jandarmalara qarşı kəndlilərin etiraz hərəkatını təşkil etmişdir.O, jandarmalarla atışdığına görə 1321 – ci ildən (1942) etibarən dövlət tərəfindən ciddi surətdə təqib edilir və ona görə də gizli işə keçməlu olur.Teymur Mədədi 1322 – ci ildə ( 1943 ) Hizbe Tudə İrana üzv olmaqla öz mübarizəsini milyonlarla İran zəhmətkeşlərinin mübarizəsilə birləşdirir, onun həyatı və mübarizəsi yeni məna kəsb edir. Teymur Mədədi Hizbe Tudə tərəfindən təbliğatçı səmtilə ətrafa göndərilmiş və beləliklə bir çox hövzələrin təşkilində fəal surətdə çalışmışdır.

1324 – cü il (1945) aban ayının 24 – də  (15 noyabr) Miyana kəndliləri Azərbaycan Demokrat Firqəsinin bayrağı altında səltənət rejiminə qarşı üsyan edərkən Teymur Mədədi də öz vətəndaşlıq vəzifəsini ləyaqətlə yerinə yetirmişdir.O, Türkmənçay jandarm postunu tərksilah edərək illər boyu xalqın malına, canına və namusuna təcavüz edən jandarmları xalqın birgə mübarizəsi qarşısında diz çökməyə məcbur etmişdir.Mədədi saray və satqın heyəti tərəfindən göndərilmiş müdaxiləçilərə və qarətkarlara qarşı mərdliklə vuruşmuşdur.Sonra o, Xəmsə mahalına getmiş, orada Zülfiqari və başqa xalq düşmənlərinə qarşı döyüşlərdə içtirak etmişdir.O, bu rəşadət və sədaqəti müqabilində həm firqə təşkilatının, həm də fədai yoldaşlarının hörmət və diqqətini cəlb etmişdi.Xəmsə mahalı biganələrdən azad olandan sonra Mədədi Səidabad fədailərinin başçısı təyin olunur.Onun məsul olduğu məntəqələrdən dəfələrlə əhali tərəfindən Xəmsə vilayəti komitəsinə və Zəncan fədailər qərargahına minnətdarlıq göndərilirdi.

Azərbaycan Milli Məclisi Teymur Mədədinin zəhmətlərini nəzərə alaraq, onu” 21 Azər”medalı ilə təltif etmiş və ona Azərbaycan Xalq Silahlı Qüvvələrinin soltanlıq dərəcəsi verilmişdi. Son zamanlarda o, Qaflanki bölməsində fədai başçısı idi.

Şahənşah ordusu ölkəmizə xaincəsinə basqın etdiyi zaman Mədədini də başqa yoldaşları ilə birlikdə dar ağacından asmışlar. O, asılarkən demişdir:” Mən öz vətənimin istiqlalı və xalqımın azadlığı uğrunda səltənət rejiminə, onun imperialist hamilərinə qarşl mübarizə etdiyim üçün ölümə gedirəm; Yaşasın Azərbaycan Demokrat Firqəsi!” Teymur Mədədi bütün şüurlu həyatını zəhməkeşlərin istismarçılara qaşı mübarizəsinə, xalqın azadlıq hərəkatına həsr etmiş, mərdliklə vuruşmuş, qəhrəmanlıqla şəhid olmuşdur.Onun şərəfli adı bütün şəhid olan yoldaşları ilə birlikdə əsrlər boyu xalqımızın qəlbində yaşayacaqdır.O, Azərbaycan fədaisinə layiq şərəfli adı ölənə qədər öz doğrultmuş, son nəfəsinə qədər xalqına və firqəsinə sadiq qalmışdır.

Müəllifi Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzv

Facebook
Telegram
Twitter
Email