Məlum olduğu kimi təbiəti dəyişdirən, maddi nemətlər yaradan da, ictimai quruluşu dəyişdirib ədalətli şəklə salan, onu demokratikləşdirib yaxşılaşdıran da xalq kütlələridir.Zəhmətkeş xalq kütləsi bu istiqamətlərdə hərəkət edərkən hakim siniflər və bir sözlə irtica qüvvələri tərəfindən düzəldilmiş çoxlu maneələrə rast gəlir, xüsusilə ictimai quruluşu dəyişdirmək irtica qüvvələrinın elə şiddətli maneələrinə təsadüf edir ki, bunları çox vaxt ciddi döyüşlərlə fəqət aradan qaldırmaq mümkün olur.Bir çox başqa xalqlarda olduğu kimi Azərbaycan xalqının da tarixi bu cür döyüşlərlə zinətlənmiş, bu vuruşmalarda bir zaman adlı – sanlı mübarizlər də yaranıb meydana çıxmışdır.Bu mübarizlərdən biri də azadlıq yolunun şəhidi Məhəmmədrza Xadimidir.O, Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə başlanan hərəkatın üzvlərindən biri olmuş, hələ gənc ikən əlində silah xalq azadlığı uğrunda mübarizələrə qoşulmuşdur.İrtica qüvvələri Xiyabani tərəfdarlarına qarşı xaincəsinə hücum etdikdə Məhəmmədrza bir çox demokratlar kimi öz vətənini tərk etməyə məcbur olur.Lakin o, bir müddətdən sonra yenə də öz vətəninə gəlir – doğma Təbriz şəhərinə qayıdaraq Bağmeşə məhəlləsində dəmirçiliklə məşğul olur. Məhəmmədrzanın dükanı Təbriz – Qaradağ yolunun üstündə idi. Bu yolda hərəkət edən adamlar çox vaxt onun dəmirçi dükanına müraciət edib əkinçilik alətlərini təmir elətdirərdilər.Məhəmmədrzanın dükanına müraciət edənlər istər kənd əhalisi, yaxud şəhərdən olsun həmişə onun xoş söhbətinə qulaq asar və heç olmasa özləri üçün bir şey öyrənərdilər.O, bir qayda olaraq Xiyabani hərəkatından , Xiyabaninin və onun yaxın silahdaşlarının mübarizə metodlarından,xalq yolunda fədakarlıqlarından epizodlar dsnışardı. Buna görə də o, dəfələrlə polis tərəfindən təqib olunmuş, tutulmuş və nəhayət, dostlarının köməyi ilə həbsdən buraxılmışdı.
O, xalqımızın 21 Azər hərəkatında iştirak etmiş, vuruşmuş, vurmuş, vurulmuş nəhayət, öz canını da , malını da bu yolda qurban vermişdir. Məhəmmədrza Xadimi 1322 -ci idən (1943 – cü il) Hizbe Tudəyə üzv olaraq bir çoxlarını azadlıq yoluna dəvət etmiş, hizbin ayrı – ayrı hövzələrinin təşkilində fədakarlıqla çalışmışdır.1324 – cü ildə ( 1945 ) Azərbaycan Demokrat Firqəsinin müraciətnaməsi nəşr olunduqda o, öz dəmirçi dükanının qabağında təşkil olunmuş yığıncaqda mütırəqqi fikirli adamları bu günü bayram kimi qeyd etməyə çağırmışdır.
Məhəmmədrza Xadimi 1274 – cü şəmsi ilində (1895) Bağmeşə məhəlləsində zəhmətkeş ailədə anadan olmuş,bir neçə il oxuduqdan sonra atasının dəmirçi dükanında işləməyə məcbur olmuş və nəhayət, uzun müddər Xorasanda, Semnanda işlədikdən sonra yenə də Təbrizin Bağmeşə məhəlləsinə qayıtmışdı.Onun burada çoxlu qohumları, dostları, həmməsləkləri var idi. Ona görə də əhali 1324 – cü il 20 Azər mitinqinə toplaşarkən Məhəmmədrza da böyük bir dəstə ilə bu mitinqə gəlmişdi.O, 21 Azər nəhzətində də (hərəkatında) öz məslək dostları ilə, qohum – qardaşları ilə birlikdə iştirak etmiş və irtica qüvvələrinin tərksilah edilməsində cəsarətlə vuruşmuşdur. Hələ Milli Hökumət dövründə bağmeşəli Seyfulla xanın başçılıq etdiyi silahlı quldurlar hökumət orqanlarına, firqə üzvlərinə basqın etmək istədikdə Xadimi onlara lazımi cavab vermiş və bir neçəsini tutaraq xalqımızın ədalət pəncəsinə tapşırmışdı.
Məhəmmədrza Xadimi Azərbaycan Demokrat Firqəsinun rəhbərlik etdiyi islahat işlərində də mühüm xidmətlər göstərmişdir.Bağmeşə məhəlləsində əlavə səhiyyə ocağı yaratmaq, bədii özfəaliyyət dərnəyi təşkil etmək, idman dəstələri düzəltmək və başqa işlərdə firqə təşkilatına yaxından kömək etmək Xadiminin gözəl quruculuq xidmətlərindən nümunələrdir.Lakin onun ən əsas xidməti Xiyabani hərəkatında, 21 Azər nəhzətində silah götürüb irtica əleyhinə vuruşması, inqilab ənənələrinin öyrənilməsində cavan nəslə göstərdiyi köməkdir.Xadimi olduqca qoçaq, bacarıqlı və iradəsi möhkəm bir mübariz idi.O, 21 Azər nəhzətinin qələbəsində olduğu kimi, nəhayət, geri oturarkən də mərdliklə vuruşmuşdur.
1325 – ci ilin Azər ayında (1946 – cı il, dekabr) şahənşah ordusu xaincəsinə Azərbaycana basqın edərkən Seyfulla xanın adamları Xadiminin evini nəzarət altına alaraq , oraya Tehran cəlladlarının, polis nəfərlərinin basqınını təşkil edirlər.Lakin o, gizləndiyi yerdən çıxa bilir və atışa – atışa Qaradağ yoluna – Payan gədiyinə çatır.Xadimi onu təqib edən düşmənlərlə çox cəsarətlə vuruşsa da az sonra yaralanır.O, bir neçə dəfə ayağından yarsaandıqdan sonra yenə də özünü ələ alır, daş dibində gizlənərək polis və silahlı qüvvələrin irəliləməsinə mane olmağa çalışır və müvəffəq də olur.Lakin o, neçə tərəfdən əhatə olunduğu üçün ikinci fəfə kürəyindən yaralanır və ölümcül halda düşmən əlinə düşür.Vəhşi cəlladlar onun yaralı bədənini öz dükanı qabağında sürüdükıəri yerdə o da şəhid olur Nəhayət, məhəllə ağsaqqallarının etirazı müqabilində cəlladlar cənazədən əl çəkməli olurlar.
Məhəmmədrza Xadimi sağlam bədənli, zəhmətsevən, sənətkar, xalqa xeyir verən, ağıllı və gözəl fərdi xüsusiyyətlərə malik mübariz insan idi.O,hadisələrə çox dəqiq və düzgün qiymət verməyi bacaran təmiz fikirli firqə üzvü idi.O, həm öz ictimai fəaliyyəti və inqilabi təcrübəsilə, həm də təşkilatçılıq bacarığı ilə xalqımızın azadlıq hərəkatına xidmət etmişdir. Onun xatirəsi həmişə əziz qalacaq, adı həmişə hörmətlə yad ediləcəkdir.
Təqdim etdi: Güləddin İsmayılov