Azadlıq və istiqlal uğrunda canını qurban verənlər haqqında sənədləri gözdən keçirdikdə bir çox azərbaycanlı ailələrin heç olmasa bir üzvünün itirdiyini, bəzən bir ailənin iki üzvünün şəhid olduğunu, bəzən də bütün ailənin məhv edildiyini, yaxud neçə qardaşın bir yerdə, ata – oğulun bir səngərdə şəhid olduğunu görürük. Belə ailələrdən biri də İbrahim Əli oğlu Gərməduzinin ailəsidir.Bu ailədə azadlıq və istiqlal uğrunda ata və oğul bir yerdə şəhid olmuşlar.
Məşhədi 1275 – ci şəmsi ilində (1896) Gərməduz mahalının Motaəlli kəndində İbrahim kişinin əkinçi ailəsində anadan olmuşdur.O, cavan yaşlarına qədər məktəb üzü görmədən işləyib yaşamışdır.Çünki oxumaq üçün nə mahalda məktəb olmuş, nə də onun oxumağa imkanı olmuşdur. Böyüdükdən sonra o, hətta öz doğma kəndində iş tapa bilmədikdə çətinlik çəkmiş, nəhayət, hələ cavan ikən Təbriz, Tehran, Rəşt və Pəhləvi şəhərlərinə səfər etməli olmuşdur.Məşhədi haraya gedirsə getsin ölkədə sürən feodal – burjua ictimai mühitinin oxumaq, yazmaq və işləmək üçün yaratdığı maneələr çərçivəsindən kənara çıxa bilmir və yenə də doğma kəndlərinə qayıdır.O, burada yenə də uzun müddət atası İbrahimlə birlikdə işləmiş, əkinçiliyi də, mübarizə təcrübəsini də ondan öyrənmişdir.
İbrahim kişi Səttarxanın başçılığı altında Məşrutə inqilabında iştirak etmiş, Xiyabani hərəkatının sıralarında vuruşmuş gözüaçıq döyüşçü bir qədər savadı olan zəhmətkeş kəndli idi.Məşhədi azacıq yazıb – oxumağı da elə atasından öyrənmişdi.Lakin İbrahim kişi o kənddə təkcə öz oğluna deyil, bir çox cavanlara az – çox savad vermiş, əkinçilik təcrübəsi öyrətmiş və hətta mübarizə yolunu da göstərmişdir.
Hələ 1320 – ci ildən (1941) əvvəl Məşhədi də atası kimi bir neçə dəfə jandarm məmurları tərəfindən tutulmuş, məşhur mürtəce Abdulla xan və onun oğlu Əsədulla xan kimi zalım feodallar tərəfindənhəbsə salınmışdı.Lakin 1320 – ci ildə Rza xan diktatorluğunun süqutundan sonra qocaman inqilabçı İbrahim də gənc yaşlı Məşhədi də, kəndin başqa cavanları da öz səslərini bütün Azərbaycan kəndlilərinin səsinə qoşaraq malik və jandarm zülmünə qarşı ardıcıl mübarizələrə qoşuldular.Bu mübarizələr cərəyanında zəhmətkeşlər HizbebTudə İranın bayrağı altında birləşərkən ailənin hər iki üzvü – ata və oğul hizbə üzv olur və az keçmədən onun fəal təbliğatçılarından birinə çevrilirlər.Məşədi kənddə Azərbaycan Demokrat Firqəsi hövzəsinin təşkilində, firqə məramnaməsinin izahatında atasının köməyi ilə fəal iştirak edir.O, fədai kimi silah götürür, mürtəce maliklərin, xanların silahlı qüvvələrinin və jandarmaların tərksilah edilməsində igidlik göstərir.Həm Məşhədi, həm də onun qoca atası həmişə kəndliləri firqə ətrafında daha çox sıx birləşməyə və beləliklə də daha çox güclü olmağa çağırırdılar.
Lakin uzun illərin məhrumiyyətləri, həbsə düşüb işgəncələrə məruz qalmaq, qocalıq və maddi çətinliklər, dəfələrlə xəstələnmək İbrahim kişini həddindən srtıq taqətdən salmışdı.Firqə üzvlərinin hörmətini qazanmış Məşhədi kəndlərində hövzə sədri olur.O, nəhzətdəki ( hərəkatdakı) qoçaqlığına və xalq işinə göstərdiyi sədaqət və xidmətlərinə görə Milli Hökumətin təklifilə Milli Məclis tərəfindən ” 21 Azər” medalı ilə təltif olunur.O kəndlərinin fədai dəstəsi ilə birlikdə görkəmli hərbi xadim Məhəmməd Agahinin başçılığı altında Abdulla xana qarşı vuruşmalarda da iştirak edir.
Nəhayət, 1325 – ci ildə (1946) şahənşah ordusunun Azərbaycana basqını nəticəsində xaincəsinə hərəkatın geri çəkilfiyi dövrdə bir çox Qaradağ fədailəri kimi Məşhədi də jandarm qüvvələri və mürtəce maliklər tərəfindən tutulur.O, tutulmamışdan əvvəl vuruşur.Lakin mühasirəyə düşür.Abdulla xanın oğlu Əsədulla xan öz silahlı adamları ilə birlikdə şəxsən onunla atışır və nəhayət, Məşhədi yaralanıb əsir düşür.
Məşhədinin qoca atası İbrahim xəstə olsa da oğlunun köməyinə gəlir.Lakin Əsədulla xan ata və oğulu ələ keçirərəkən iplə bağlatdırır və kəndin kənarında onların üstünə neft töküb od vurdurur.Kənd əhalisinin xəbəri olunana qədər ata və oğul yanıb külə dönürlər.
İrticanın qara dəftətində yazılmış bu vəhşilik heç vaxt Məşhədi və İbrahim kişinin fədai yoldaşlarının , Azərbaycan xalqının yadından çıxmayacaqdır. Onları öldürən cəlladlara xalq özü divan tutacaqdır. Qocaman fədai İbrahim Əli oğlu və Məşədi İbrahim oğlu Gərmduzinin xatirəsi həmişə irtica və onu himayə edən imperialistlərə qarşı nifrət və qəzəblə qeyd ediləcəkdir.
Təqdim etdi: Güləddin İsmayılov