آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin bəyanatı


İran İslam Respublikasının “qadına düşmənçilik” siyasətlərinə qarşı

 İran xalqlarının geniş etirazları münasibətilə

Azərbaycan Demokrat Firqəsı Mərkəzi Komitəsinin bəyanatı

Hörmətli həmvətənlər!

Azərbaycanlı qardaşlar  və  bacılar!

Ölkəmizin hakim rejiminin polis qüvvələrinin “Gəşte Erşad” tərəfindən Məhsa Əmininin dəhşətli şəkildə qətlə yetirilməsi ilə İran İslam Respublikasının “qadına düşmənçilik” rekorduna daha bir qara səhifə əlavə olundu. Bu qətlin üstü açıldıqdan və günahsız 22 yaşlı qızın cəsədinin “Səqqez” şəhərində basdırılmasından sonra Vilayət Fəqihin zalım hökumətinə qarşı qəzəb və nifrət dalğası yüksəldi. Gənclər və tələbələr, onların önündə qadınlar və qızlar “Qadın, həyat, azadlıq” müştərək  şüarı ilə keçirilən etiraz toplantılarında bu cinayəti törədənlərin üzə çıxarılmasını və cəzalandırılmasını tələb ediblər. Vətənimizın cəsur qızları zabitlər qarşısında hicablarını çıxartmaq, çadraları yandırmaq, saçlarını ictimai yerlərdə kəsdirmək kimi yeni hərəkat və təşəbbüslərlə hakim rejimin ideoloji aparatına meydan oxuyublar.

İndiyədək bu etirazların ölkəmizin şərqindən qərbinə, şimalından cənubuna qədər, yüzə yaxın şəhərlərə yayılması ilə bağlı çoxlu xəbərlər dərc olunub. Kürdüstan şəhərlərində etirazçılarla həmrəylik əlaməti olaraq mağazalar iki gün bağlanıb.

Əvvəlcə bu ağrılı hadisəyə bəraət qazandırmağa çalışan təhlükəsizlik orqanları və dövlət rəsmiləri əvvəlki illərdə olduğu kimi, çox keçmədən etirazçıların əleyhinə zorakılıq, qəddar və qanlı hucumlara başladılar. İndiyədək müxtəlif şəhərlərdə rejimin repressiv qüvvələri tərəfindən 20-dən çox insanın öldürüldüyü barədə məlumatlar yayılıb. Bu etirazların sürətlə yayılmasından şoka düşən repressiv hakimiyyət 1396-cı və 1398-ci günəş illəri (2017 və 2019 miladi illər) hadisələrində olduğu kimi internet xəttlərini və mobil telefon əlaqəsini kəsməyə əl atıb, bəlkə də eyni illərdə olduğu kimi, geniş miqyasda etirazçıları qırğına vermək niyyətindədir.

Rejim Kürdüstanın bəzi şəhərlərində hərbi idarəçiliyə bənzər bir vəziyyət yaradıb, kürd şəhərlərinin sakinlərini cəzalandırmaq üçün qonşu vilayətlərdən və xüsusilə, Azərbaycan vilayətlərindən repressiv qüvvələr göndərərək  parçalanma yaratmağa, türk və kürdləri qarşı-qarşıya qoymağa çalışır. Təbii ki, Təbrizdə gənclərin, oğlan və qızların nəhəng nümayişləri  və “Azərbaycan Oyaqdir, Kürdüstana Dayaqdır” şüarının səsləndirilməsi  göstərdi ki,  Azərbaycan  gəncləri  repressiya  və təhlükəsizlik qüvvələrinin parçalama planlarını başa düşüblər və bu sui-qəsdləri ifşa etməyə doğru hərəkət edirlər.

1396  və 1398-ci günəş illərdə olduğu kimi, etirazçılara qanlı hucumların genişlənməsi ilə yanaşı, küçələrdə gənclərin, qadınların və qızların şüarları  daha da radikallaşdı. “Diktatora ölüm”, “Xameneiyə ölüm”, “Zalıma ölüm, istər Şah olsun, istərsə  Rəhbər” və “Kürdüstandan Təbrizə, aşıb-daşıb  səbrimiz” kimi şüarlarla, etirazçılar indi birlikdə hökumətin rəhbərliyini hədəfə alıblar.

Keçən illərdə İslam Respublikası  zalım rejimin müxtəlif idarələrinə qarşı ədalətli və insan kimi həyatı təmin etmək üçün fəhlə və zəhmətkeşlər, müəllimlər və təqaüdçülər,  müxtəlif  siniflərdən və laylardan ibarət etiraz hərəkatları olub. İndi qadınların qədim və daimi hərəkatları bərabər hüquqluq və hakim rejimin ideoloji və orta əsrli  buxovlarından azad olmağı uğrunda  yeni mərhələyə qədəm qoyub və qadınların mühüm rolunu göstərir. Bundan əlavə, cəmiyyətin və işçi qüvvəsinin bir hissəsi kimi, fəhlə və zəhmətkeşlər, müəllimlər və təqaüdçülər hərəkatında, qadınlar  ölkəmizin kişiləri ilə  yoldaş və tərəfdaşdılar.

Fəhlələrin, müəllimlərin, təqaüdçülərın, gənclərin geniş hərəkatı və indi də Məhsa Əmininin dəhşətli qətli münasibətilə qadın və qızların geniş və ümummilli hərəkatı onu göstərir ki, İran İslam Respublikasının diktator idarəçiliyinin boğucu maşını ölkəmizin sakinləri tərəfindən ciddi sınaqlarla üzləşib. Bu,  yaxşı  fürsətdir ki, demokratik hüquq və azadlıqların, sosial ədalətin və ölkə xalqlarının hüquqlarının bərpası uğrunda birgə və mütəşəkkil mübarizə məsələsini müxtəlif  hərəkatlar fəaliyyətlərini bir araya gətirmək diqqət mərkəzində olsun.

Azərbaycan Demokrat Firqəsi  inanır  ki, ölkəmizin sakinlərinin istəkləri və iradəsini təmin etmək üçün mütərəqqi və azadlıqsevər partiya və təşkilatların birgə fəaliyyətləri və mübarizə meydanında olan insanlarla birləşməklə ölkəmizdə hökümət edən mürtəce rejimi və onun rəhbərliyini geri çəkmək olar və ölkəmizdə yeni və mütərəqqi bir şərait yarana bilər.

Azərbaycan Demokrat Firqəsı  Mərkəzi Komitəsi Məhsa Əminin vəfatının ağrılı faciəsi ilə əlaqədar ailəsinə dərin hüznlə başsağlığı verir və bu dəhşətli cinayətin günahkarlarının cəzalandırılması üçün Əmini ailəsinə və ölkəmizin müxtəlif şəhərlərində keçirilən aksiya iştirakçılarına qoşulur, həm də etiraz edən qadın və gənclərin tələblərini dəstəkləyir.

Azərbaycan Demokrat Firqəsı Mərkəzi Komitəsi

29  Şəhrivər 1401-ci günəş ili

20  sentyabr 2022-ci milad ili

Facebook
Telegram
Twitter
Email