Cinayət…! Oxucularımız, əlbəttə, təəccüb edəcəklər. Dözülməz cinayət…! Bu cinayət nədən ibarətdir, cani kimdir və kimə nisbət cinayət edib?
Bəşəriyyət aləminin inkişafı və insan mədəniyyətinin əsrlər boyu tərəqqisi nəticəsində bəşər cəmiyyətində bir para qəti və hətmi üsullar vücuda gəlmişdir ki, əvam demişkən sünni və şiə bu üsullara qaildir.
Dünyada olan bütün mədəni millətlərin təsdiq etdikləri üsullardan biri də milliyyət azadlığı prinsipidir.Məsələn, beynəlmiləl hüququn məcmuələrində dərc olunub, dünyanın ən əzəmətli demokrat dövlətləri tərəfindən təsdiq edilmiş Atlantik mənşuurunda hər xalqın müqəddaratı öz tərəfindən təyin edilməlidir. Milliyyət azadlığı və hər bir xalqın öz müqəddəratını təyin etmək işində azad və muxtar olması nə kimi təfərrüat və üsullardan təşəkkül tapır?
Dil azadlığı, milli mədəniyyt azadlığı, iqtisadi, siyasi və ictimai azadlıqlar bu məsələnin əsas prinsiplərindəndir.
Azərbaycan milləti dünyanın ən qədim və mədəni xalqlarından birisidir.Azərbaycanın üç min ildən artıq parlaq tarixi vardır.Bütün dünya ədəbiyyatlnda görkəmli yer tutan şairləri var, belə bir böyük xalqın özünə layiq tarixi, milliyyəti, dili və ictimai xüsusiyyətləri vardır.Bu dil, ana dilimiz Hacı Mirzə Həsən Rüşdiyyənin dediyi kimi Azərbaycan dilidir.Bu dil beş milyondan artıq əhalisi olan qəhrəman, mübariz və azadlıq istəyən bir xalqın dilidir.Məqaləmizin başlığını təşkil edən dözülməz cinayət Hitlerizmin məhv olması ilə bütün dünyada puça çıxmış, mənfur millətçilik nəzəriyyəsinin amillərinə, yəni Tehran mürtəcelərinin mədrəsələrdə, məhkəmələrdə və dövlət idarələrində bizim müqəddəs və doğma ana dilimizə qarşı olan bir cinayətdir.
Məsum Azərbaycan uşaqları çürümüş faşizmin tərəfdarı olan Tehran başçılarının hakimliyi nəticəsində öz ana dillərindən təhsil almaqdan məhrum qalmışlar.Əcəb zülmdür! XX əsrdə Hitler və Mussolini hökuməti demokratik qüvvələrin qabağında diz çöküb məhv olduğu bir zamanda Tehran mürtəceləri hələ də bizim milli varlığımızı və tarixi keçmişimizi inkar edərək mədrəsələrdə 100 minlərlə azərbaycanlı balalarının dilini kəsirlər.Onun Səttarxan və Şeyx Məhəmməd Xiyabanidən yadigar qalan qiymətli gövhərini tapdalayırlar.Budur bizim haqqımızda olan dözülməz cinayət!
Bu cür dözülməz cinayətlərdən təngə gəlib öz mübariz varlığını Azərbaycan Demokrat Firqəsində görən Azərbaycan xalqı bu zülmlərə son qoyacaqdır və özü üçün konstitusiya əsasında Əncümən Əyaləti, Vilayəti və Milli Muxtariyyət yaradacaqdır.
Seyid Cəfər Pişəvəri
“Azərbaycan” ruznaməsi, 21 şəhrivər 1324, sayı 3 (12 sentyabr 1945 – ci il.)
Təqdim etdi: Güləddin İsmayılov