Bəhmən ayının 7-də (yanvarın 27-də) Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı basqın edilmişdir. Təəssüflə bu terror nəticəsində səfirliyin daxili təhlükəsizlik şöbəsinin müdiri Rezvan oğlu Orxan Əsgərov qətlə yetirilərək səfirliyin daha iki əməkdaşı yaralanmışdır.
Bu qanlı hadisə İran İslam Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında son bir neçə ayda davam edən gərginliyə artırdı.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də ölkəsinin Tehrandakı səfirliyinin əməkdaşlarına qarşı törədilən terror aktını qətiyyətlə pisləyib və diplomatik nümayəndəliklərə qarşı terror aktını qəbuledilməz hesab edib.
Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi İran İslam Respublikası dövlətindən bu qanlı terror aktı törədənlərin tez bir zamanda müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tələb edib.
Digər tərəfdən, İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığında Azərbaycan Respublikasının səfirliyinə silahlı hücumu pisləyib və deyib: “Biz bu hadisənin iki ölkə arasında olan münasibətlərə mənfi təsir göstərməsinə imkan verməməliyik.”
Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, İtaliya, Misir, Gürcüstan, Meksika, Finlandiya və s. kimi regionun və dünyanın digər dövlətləri də terror aktını məhkum edərək, bunu qəbuledilməz hesab etməklə yanaşı, diplomatik nümayəndəliklərin İran İslam Respublikasının hökuməti tərəfindən effektiv müdafiəsini tələb ediblər.
İran və Azərbaycan hökumətləri arasında son aylarda münasibətlər geniş, mürəkkəb və davamlı gərginləşib. İslam İnqilabı Keşikçiləri Korpusunun iki ölkə sərhədləri yaxınlığında hərbi manevrləri, Zəngzur bölgəsində aksiyalar, Vilayəti-Fəqih rejiminə bağlı internet saytlarının Naxçıvan bölgəsində “narazılar” adlandırılanlara dəstək verməsi kimi iki tərəfin internet saytları arasında təxribat xarakterli qarşıdurmaların yarandığı hələ də davam etməkdədir. Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı basqın məhz belə bir şəraitdə baş verir.
Siyasi ekspertlər arasında terroristin həmin gün İran İslam Respublikası televiziyasında dərhal yayımlanan müsahibəsinin mətninə habelə hücumçunun motivasiyasının ailə problemləri olduğu iddiasına inanan kimsəni tapmaq çətindir.
Hər iki ölkədə yaşayan xalqlar arasında yüz illərdir dostluq və mehriban qonşuluq münasibətləri olub. Ona görə də bu dostluq münasibətlərinin sayəsində hər iki hökumət aralarında olan problemlərini sülh danışıqları yolu ilə həll etməyə çalışmalıdır.
Azərbaycan Demokrat Firqəsi bu terror aktını qətiyyətlə məhkum edir, Azərbaycan xalqına, xüsusilə cənab Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi
8 bəhmən 1401
28 yanvar 2023