آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

görkəmli ziyalısı Firidun İbrahiminin mübarizəli ömür yolundan bəhs olunub

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Mədəniyyət” kanalında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə XX əsr tarixinin görkəmli ziyalısı, hüquqşünas, 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olmuş Firidun İbrahiminin mübarizəli ömür yolundan bəhs olunub.

Akademik Rafael Hüseynov qeyd edib ki, Xalq yazıçısı Mirzə İbrahimovun qələmə aldığı “Gələcək gün” romanının qəhrəmanı Firudin İbrahimi olmuşdur. Vurğulanıb ki, istiqlal tariximizin ən parlaq ulduzlarından olan Firidun İbrahiminin adı Azərbaycan tarixinin qızıl yarpaqlarında daim ehtiramla anılacaq.

Diqqətə çatdırılıb ki, Firidun İbrahimi 1918-ci ildə noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olub. 1945-ci ildə Tehran Universitetinin Hüquq fakültəsini bitirib, tələbəlik illərində inqilabi hərəkata qoşulub. “Ettelat”, “Aljir”, “Rəhbər”, “Mərdom”, “Zəfər”, “Siyasət”, “Azərbaycan” və sair qəzetlərdə Firudin İbrahimi dövrün çatışmamazlıqlarını ifşa edən publisistik məqalələr yazıb.

Qeyd olunub ki, Firudin İbrahimi təkcə Azərbaycanca, farsca yazmırdı, eyni zamanda, ərəb və fransızcanı da mükəmməl bilirdi. O, hər zaman elmə böyük marağı, dərin zəkası, istedadı ilə seçilib. Tehranda təhsil aldığı dövrdə hüquq elminin bütün əsaslarını mənimsəyib. Qazandığı biliklər Milli Hökumətin bütün qərarlarının və qanunlarının hazırlanmasında böyük rol oynayıb. 1945-ci ildə Azərbaycan Demokratik Firqəsinin rəsmi orqanı “Azərbaycan” qəzetinin ilk sayı nəşr olunduqda Firudin İbrahimi “Azərbaycan” qəzeti ilə əməkdaşlığa başlayıb.

Telehekayədə bildirilib ki, Firidun İbrahimi çox qısa şüurlu ömrünü Azərbaycanı, millətini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, milli kimliyini, milli varlığını dünyaya tanıtdırmağa həsr edib. İstər ədəbi-bədii, istər elmi-publisistik, istərsə də Paris Sülh Konfransında iştirakı zamanı qələmə aldığı qeydlərində ardıcıl olaraq azərbaycanlılıq düşüncəsinin inkişafına, onun təbliğinə və təntənəsinə xüsusi diqqət yetirib, bu yolda əlindən gələn bütün səyləri ortaya qoyub. Onun məqalələr toplusu 1946-cı ildə Təbrizdə ayrıca kitab şəklində nəşr edilib.

Verilişi buradan izləyə bilərsiniz. www.science.gov.az saytına istinad zəruridir.

Facebook
Telegram
Twitter
Email