آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

21 AZƏR HƏRƏKATININ ŞƏHİDİ DANİL YUŞİA

Çoxmillətli vətənimizin karxanalarında işləyən kargərlər, tarlalarda çalışan fars ya azərbaycanlı, gilək ya bəluc, assurilərdən, yəhudilərdən, kürdlərdən və s. millətlərdən asılı olmayaraq əsasən bir dərəcədə istismar olunurlar. Bunlardan hər biri istismara, torpaqsızlığa, zülmə və məhrumiyyətlərə qarşı etiraz etdikdə hakim təbəqənin bütün cəbr vasitələri tam kəskinliklə onlara qarşı çevrilir.Azadlıq və demokratik hüquqlar uğrunda, milli hüquq yolunda atılan hır bir addım , sadəcə olaraq maddi vəziyyətin yaxşılaşdırılması və işlə təmin olmaq üçün fəaliyyət itaətdən boyun qaçırmaq, mövcud quruluşa qarşı cinayət hesab edilərək amansız surətdə terror və təqib edilir. Zəhmətkeşləri istismar hökmranlığının tabeliyində saxlamaq, siyasi hakimiyyəti başqalarına təhmil etmək işində hakim təbəqə bütün xalqlara milli qruplar əleyhinə təzyiq göstərdiyi halda bunlardan bəzilərinə qarşı əlavə təzyiqlər, məhrumiyyətlər və milli təhqirə səbəb olan xüsusi ayrı – seçkiliklər siyasəti də tətbiq edir.

İstər Qacar istibdadı, istərsə də Rza xan diktatorluğu dövründə ayrı – ayrı dinə mənsub olan İran təbələrinin dövlət idarələrində işləmələrinə, məmləkətin siyasi, ictimai həyatında iştirak etmələrinə mane olmaq, onların hətta, yaşayan binaları üçün məhdudedici qaydalar qoymaq və sairə həmin siyasətin nəticələrindəndir.Rza xan diktatorluğunun son illərində bir sıra xalqlara mənsub olan cavanlar ordu sıralarına cəlb edilirdilərsə, ancaq onların topxana və rabitə kimi həssas hissələrdə olmalarına yol verilmirdi.Milli əqliyyətlərə mənsub olanlara öz ana dillərində mətbuat yaratmaq, kitab nəşr etmək, dərs oxumaq, teatr və filarmoniya açmaq, hətta milli orkestr düzəltmək də qadağan edilmişdi.Hakim təbəqənin bu zülmünə siyasəti təkcə azad inkişafa mane olmaqla deyil, eyni zamanda onların milli hislərinin təhqir edilməsilə də nəticələnirdi.

Azərbaycan xalqı da bu cəhətdən olduqca böyük maddi və mənəvi zərərlərə düçar edilmişdir.Azərbaycan dilinə qarşı qadağan tədbiri görmək xalqı öz mədəniyyətindən, elmi, tarixi və bədii yaradıcılıq irsindən məhrum etmişdi.Məhz bunların nəticəsindədir ki, səltənət rejimi büten İran zəhmətkeşlərinin, İran xalqlarının birgə mübarizəsinin müştərək hədəfi olmuşdur.İran xalqlarının tarixi ənənəvi dostluğu da məhz bu mübarizələr cərəyanında bərkiyib möhkəmlənmişdi.Şanlı 21 Azər nəhzəti  (hərəkatı) bu cəhətdən tarixi əhəmiyyətə malik həqiqətlərlə zəngindir.Azərbaycan xalqı yenilməz inqilabi əzmilə , öz doğma firqəsinin rəhbərliyi altında nəhzət bayrağını qaldırdıqda əqliyyətdə olmayan fars xalqının ən yaxşı oğullarının nümayəndələrilə birlikdə milli əqliyyətlərə mənsub olan bir çox xalqların ən ləyaqətli və tərəqqixah oğullarını özü ilə çiyin – çiyinə mübarizə səngərlərində gördü.

Azadlıq cəbhəsinin fədakar oğlu assuri xalqına mənsub olan DANİL YUŞİA bunların içərisində diqqəti xüsusilə cəlb edir.1265 – ci ildə (miladi 1886) Urmu şəhərində anadan olmuş Danil bütün şüurlu həyatını xalq səadətinə, tərəqqi və azadlıq işinə sərf etmişdir.Ən mütərəqqi, müasir elm bə ictimai nəzəriyyə ilə silahlanmış olan Danil özünün elm və inqilabi təcrübəsini də bu yolda sərf etmişdir.O, Təbrizdə təşkil olunmuş Milli Konqrənin iştirakçısı olmuş, Azərbaycan Demokrat Firqəsinin bəyaniyyə və məramnaməsinin başqa əqliyyətlər içərisində yayılıb izah olunmasına var qüvvə ilə çalışmışdır.Firqə kütləsinin etimad və hörmətini qazanmış qocaman mücahid Danil Yuşia Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvliyinə seçilmişdir.

21 Azər nəhzəti ərəfəsində hərəkatın məqsədi uğrunda izahat aparan, firqənin siyasi səfərbərlik işinə xidmət edən Danil Yuşia nəhzətin gedişində də fədakarcasına iştirak etmişdir.O, Azərbaycan Milli Məclisi tətəfindən şanlı “21 Azər” medalı ilə təltif edilmişdir.Xalqlar dostluğunun ən qızğın tərəfdarı, beynəlmiləlçi azadixah Danil Yuşia Azərbaycan Demokrat Firqəsinin nüfuz və təsir dairəsinin genişlənməsinə çalışmışdır.O, Milli Hökumətin ictimai, siyasi, iqtisadi nəqşələrinin həyata keçirilməsinə səmimiyyətlə xidmət etmişdir.Xalqın yüksək etimad və hörmətinə layiq olan Danil Yuşia Azərbaycan Milli Məclisinin nümayəndəsi seçilmişdir.

Azərbaycan Demokrat Firqəsi öz məramnaməsində bütün milli əqliyyətlərin hüququna hörmət etməsini , onların azad mədəni inkişafı üçün hərtərəfli şərait yaradılmasını nəzərdə tutmuşdu.Hərəkatın qələbəsindən sonra firqənin rəhbərliyi altında təşkil olunam Milli Hökumət belə bir şəraitin yaradılmasını öz iş bərnaməsinə daxil etdi və bunun üçün də lazımi vəsait ayırdı.Milli əqliyyətlətə mənsib xalqların demokratik hüquqlarının təmin edilməsi, maarif, elm, incəsənət müəssisələrinin nizama salınması, mətbuat, kitab nəşri və hökumət radio verlişlərində onlara xüsusi yer verilməsi və sairə bu cəhətdən diqqətəlayiqdir.

Azərbaycan xalqının milli nəhzətində təkcə Danil Yuşia deyil, bir çox xalqların ləyaqətli,adlı – sanlı azadixah oğulları Təbriz, Qaradağ, Urmu, Marağa, Miyandab, Səlmas və sairə məntəqələrin millətlərin nümayəndələri kütləvi surətdə böyük eşq, sədaqətlə iştirak etmişlər. Onlardan bir çoxu şoxum öküzünü, yük qatırını satıb silah aldılar.Azərbaycanlı qardaşları ilə birlikdə istismara, zülm və ədalətsizliyə, milli məhrumiyyətlərə qarşı müştərək düşmənlə vuruşurdular.Birlikdə vurdular və birlikdə də vurulub şəhid oldular.

” Mihən pərəstan” adı daşıyan quldurlar Danil Yuşianın üzərinə polis dəstələrilə birlikdə basqın təşkil etdirlər. Basqın zamanı Danil Yuşia yaralansa da, mübarizə yoldaşları onu aradan çıxararaq evinə çatdırırlar.Lakin hələ o müalicə olub qurtarmamış xainlər tərəfindən satılır. Dövlət orqanları isə onu yaralı – yaralı tirbaran etdirirlər.60 yaşlı qocaman mücahid ölüm əsnasında da öz mərdliyi bə inadcıllığı düşməni heyrətdə qoyur.

Minlərlə şəhid olmuş azadixahların xatirəsi həmişə izzət və hörmətlə yad ediləcəkdir.

Bu gün azadlıq cəbhəsinin mübariz oğlu, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Milli Məclisin nümayəndəsi, Azərbaycan xalqının ən səmimi dostu Danil Yuşianın adı xatırlanırsa, sabah qalib gəlmiş inqilab onun şöhrətli adını böyük abidələr vasitəsilə əbədiləşdirəcəkdir.

Facebook
Telegram
Twitter
Email