Azərbaycan Məclisi Millisinin Səttarxan, Bağırxanın mücəssəmələrinin nəsb edilməsi və müstəbid Rzaxanın mücəssəməsinin götürülməsi haqqında 6 nömrəli qərarı:
1- İran xalqının azadlığını ortadan aparıb Azərbaycanı bərbad hala salan və mənhus Rzaxanın mücəssəməsini Gülüstan bağından götürüb onun yerində Səttarxan Sərdari – millinin mücəssəməsi nəsb edilsin və Gülüstan bağı sərdarın adı ilə adlandırılsın.
2- Azərbaycan məşrutə tələblərinin və mücahidlərin məhkum tarixi səngərlərindən olan Ərk qalasının yanında Bağırxan Salari – millinin mücəssəməsi nəsb edilsin.
Bu qanun Azər ayının 30 – da 1324 – cü il Azərbaycan Məclisi Millisinin 4 – cü cələsəsində təsvib olundu.
Azərbaycan Milli Məclisi “Azərbaycan” ruznaməsi, nömrə 105, yekşənbə 30 dey 1325 – ci il.
Səttarxanın mücəssəməsinin açılışı münasibətilə S.C.Pişəvərinin söylədiyi nitqindən
Möhtərəm həmvətənlər!
Bu gün birinci dəfə olaraq Təbrizin və Azərbaycanın həyatında yeni tarixi səhifə açılır.Azərbaycan xalqı 20 il bir xalqın hüququnu aradan aparan, 20 il məşrutiyyəti tətil edən, 20 il İranı tərəqqi və təkamüldən geri qoyan bir qəsbkarın heykəlini aşağı endirib və onun yerində İran məşrutəsinin əsasını qoyan Azərbaycan xalqının qəhrəman və rəşid oğlunun mücəssəməsini paydar edir.(Gurultulu alqışlar.)
Biz bununla o 20 illik faciənin büsatın quran adamlara bildiririk ki, onların xainanə siyasətləri məşrutiyyəti daha bundan artıq tətil etməyə imkan tapmayacaqdır.Azərbaycan xalqı rəşid və qəhrəman oğullarının qanı bahasına məşrutiyyəti alıb və o məşrutiyyət yaşayacaqdır.
(Gurultulu alqışlar.)
Biz bu mücəssəmənin qarşısında and içirik ki, məşrutiyyəti və azadlığı bütün İran üzərində həyata keçirib və İranın məzlum xalqlarının həqiqi azadlıqlarını təmin edək! (Alqışlar.)
Biz son qətrə qanımız qalana qədər bu yolda fədakarlıq edəcəyik, biz, məxsusən bu mücəssəməni ondan ötrü bu gün nəsb etdik ki, hələ də irtica tərəfdarları xəyal edirlər ki, əgər silah gücilə Azərbaycanın azadlığını aradan apara bilməsələr hiylə və nirəng ilə apara bilərlər.Qoy onlar bilsinlər ki, Azərbaycan xalqı öz azadlığının və İran xalqının azadlığını möhtərəm sayıb və onu saclamağı isə özü təzmin etmişdir.
Biz nə təkcə Azərbaycanda, bəlkə bütün İranda azadlığı həyata keçirəcəyik.Biz indiki hörümçək toru kimi İran xalqını tora salıb, onları sıxan mənhus rejimi aradan aparıb və onun əvəzində xalqa azadlıq və səadət verəcəyik.
Tehrandakı o çürük başlar, fasid beyinlər bilməlidirlər ki, nə vaxta qədər o qorxulu, zülm və əsarət nişanəsi olan mücəssəmələr aradan getməyibdir; nə vaxta qədər onlar millətin əlilə götürülüb sərnegun olmayıbdır; İranda azadlıq ola biməz; Tehran hökuməti Azərbaycan ilə yanaşa bilməz.
Tehran həqiqi azadlıq və demokrasi üsullarilə idarə olunan surətdə Azərbaycan ilə yanaşacaqdır.Azərbaycan özünü heç vaxt mürtəcelərə təslim etməyəcəkdir.Bunu birdəfəlik hamı bilib qulağında saxlamalıdır.
… İki yüz sözün bir əməlcə qiyməti yoxdur.Biz dedik və dediyimizə əməl etdik, xalqın arzularını bilib və onları həyata keçirdik.Əziz yoldaşımız ağayi Pənbeyi dediyi kimi qoy xalq üçün xoxi – xotdan olan və xalqın ürəyini sıxan mücəssəmələr götürülsün və İran xalqı bizdən sərməşq alıb bu çürük mücəssəmələrin yerində İran azadlığının və məşrutəsinin yolunda şəhid olanların, Məlik – əl Mütəkəlləmin, Suri İsrafil, Mirzə Rza Kermani və sairələrinin mücəssəməsini qoysunlar.
İranda əvvəl dəfə zülm, əsarət nişanəsi olan Rzaxan mücəssəməsini götürmək və onun yerində azadlıq və qəhrəmanlıq nümunəsi olan Səttarxan mücəssəməsini qoymaq iftixarı Azərbaycan xalqı və onun rəhbəri olan Azərbaycan Demokrat Firqəsinə nəsib oldu.Mən iftixar edirəm ki, bu mücəssəməni açıram.
Təqdim etdi: Güləddin İsmayılov