Otuz ildən artıqdır ki, mən ruznamənevislik aləminə qədəm qoymuşam, çox az ittifaq düşmüşdür ki, istədiyimi yaza bilməyim və yazdıqlarım cameədə təsirsiz qala, həmişə də qələmim gündəlik və cari məsələlər üstündə işlədiyi halda xalqın səadətini təmin etmək yolunda götürdüyüm hədəfi unutmamışam.Hər halda və hər vəziyyətdə hafisələrin həqiqətini olduğu kimi təsvir etməyə çalışıb xalqın anlaya bildiyi dildə qələm fərsalıq etmişəm.Dost və düşmənlərimizin etirafına görə yazılarım səmimiyyətlə dolu olduğu kimi ürəkdən çıxıb ürəklərə işləmişdir.Həqiqətgüluq etdiyimə görə yazılarım təsviq və təbliq cəhətdən çox müasir olmuşdur.Bunların hamısı mənim yazıçılıq aləmində tanışlarımın yanında fikir edirəm əhəmiyyətli bir mövqe icad etmişdir.Bunların hamısı ilə bərabər fəqət ruznamədə yazdığım məqalələrə görə deyə bilərəm ki, mən də siyasi ruznamə yazanlar cərgəsinə daxil olmağa müvəffıq olmuşam.
Əgər məndən soruşsalar milli nəhzətimizin başçılığı məqamında gördüyün işlərin hansısı ilə daha artıq iftixar edirsən? Deyərdim: “Azərbaycan” ruznaməsində yazdığım məqalələr ilə”.
“Azərbaycan” doğrudan – doğruya xalqımızın mübarizə silahı olmuşdur.Mən necə firqə sədri bu silahdam hər kəsdən artıq istifadə edə bilmişəm.
Nəhzətimizin ən şədid, ən ciddi, ən ağır dəqiqələrində belə firqəmizin gündəlik siyasətini aydınlaşdırıb, onun rəhbərliyini firqə üzvlərinə və xalqa yetirmək üçün “Azərbaycan”ın baş məqalələrini özüm öz əlim ilə yazıb, hətta onun axırıncı təshihini də çox vaxt özüm etmişəm.Buna iftixar edirəm.Etiraf edirəm “Azərbaycan” ruznaməsi mənim ən zəif, ən həssas nöqtəm olmuşdur.Onun məqalələrini sevə – sevə oxumuşam.Hətta yaxın yoldaşlarımın da bəzisi bunu dəfələrlə mənim üzümə vurmuşlar.Hətta Baş vəzir olduğum halda bəziləri məqalə yazmağı mənə daha irad hesab etmişlər.Lakin hərgiz ruznamədən ayrıla bilməmişəm.Bəlkə bu iradları nəzərə tutub məqalələrimi imzasız ya özgələrin imzası ilə çap etdirmişəm.
“Azərbaycan” ruznaməsi mənim nəzərimdə kəskin mübarizə silahı olduğu qədər firqə və xalq işinin aynası da olmuşdur.Onda nəzərə çarpan nöqsanlar, iştibahlar aynada olan ləkələr kimi məni mütəəssir etmişdir.
İndi ” Azərbaycan” özünün ikiillik fəaliyyətinə qədəm qoyur.Mən onu nəhzətimizin əvvəl günlərində əhdəmədə olan ağır və çətin vəzifələrə baxmayaraq təkbaşıma yazıb idarə etmişəm.Altı ay tamam gecə – gündüz onun yazılıb vaxtlı – vaxtında xalq əlinə yetişməsinə müstəqim surətdə məvazeb olmuşam.Mən bu ruznamənin intişarı, yazılması və çapı haqqında çəkdiyim zəhmətlər, təhəmmül etdiyim yuxusuzluqları yada saldıqda vicdanım rahat olur.Çünki o nəhzətimizin tərəqqi və təkamülündə böyük rol oynamışdır.
Ruznaməmizin yazıçıları, müxbirləri, mütərcimləri, hürufçinləri, maşınçıları, muzələri bə satanları bilaxirə hamımız bir yerdə iftixar edirik ki, firqəmizin öhdəmizdə qoyduğu bu böyük və ağır vəzifəni şərafət və iftixar ilə əncam verməyə müvəffəq olmuşuq.
Yaşasın xalqımızın mübarizə silahı və firqəmizin irəlidə gedən məşəli olan “Azərbaycan” ruznaməsi!
PİŞƏVƏRİ
(“Azərbaycan” ruznaməsi, 5 şənbə 13 şəhrivər
1325 – ci il nömrə 290 (1) ikinci dövrə)
Təqdim etdi: Güləddin İsmayılov