آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

21 AZƏR ŞƏHİDİ TEYMUR MƏDƏDİ

Görkəmli fədai Teymur Mədədi 1280 – cı şəmsi ilində (miladi 1901 – ci il) Azərbaycanın Gərmrud mahalının Vərzeqan kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.

İranın hər tərəfində hökm sürən ərbab – rəiyyətlik münasibəti, rəhmsiz feodal istismarı Teymur Mədədini də hələ cavan yaşlarında mövcud quruluşdan narazı olanlar sırasına çəkib gətirmişdi.İctimai quruluşun törətdiyi maneələr onu da öz istedadından istifadə etməyə, öz zəhmətinin bəhrəsindən faydalanmağa qoymamışdır.O oxuyub savadlanmaqdan məhrum olmuş, torpağı olmadığı halda iş də tapa bilməmiş və nəhayət, vətənini tərk edib başqa kəndlərə, şəhərlərə getməli olmuşdur.Həmin bu vəziyyət onun müxtəlif şəhərlərin kargərləri ilə görüşməsinə, inkişafına təsir edərək mövcud quruluşa nifrətini mübarizə enerjisinə çevirmişdir O, Mazandaranda işlədiyi vaxt orada dəmiryolu işində çalışan müxtəlif əyalətlərin kargərlərilə tanış olmuş, onlarla birgə işləmiş, birgə mübarizə aparmışdır.Teymur Mədədi çalışqanlığı, fəhlə həmkarlarını hər şeydən üstün tutmaq, yoldaşlarına səmimi fəhlə münasibəti bəsləmək nəticədində həm öz yerli yoldaşlarının, həm də başqa millətlərə mənsub fəhlə və kəndlilərin içərisində böyük hörmət qazanmışdı.Zəhmətkeşlərin mənafeyinə hörmət qoymaq, bu mənafe uğrunda mübarizə etmək, başqalarını da mübarizəyə çağırmaq Mədədinin ən bariz xüsusiyyətlətindən idi.Buna görə də hamı onu ən yaxın yoldaş və əziz dostu kimi sevirdi.O, bir neçə dəfə əmək haqını artırmaq, iş şəraitini yaxşılaşdırmaq üstündə fəhlələri mübarizəyə çağırdığı üçün polis orqanlarına aparılmış, döyülmüş, neçə dəfə zindana salınmış və nəhayət, işlədiyi məntəqədə fəhlələrlə, kəndlilərlə bir daha əlaqə saxlamayacağına aid ondan iltizam alıb buraxmışlar.Lakin bu iltizama baxmayaraq az sonra onu işdən qovaraq Mazandaran fəhlə məntəqəsindən uzaqlaşdırmışlar.

Rzaxan diktatorluğunun yıxılmasından sonra azadlıq hərəkatının güclənməsi ilə əlaqədar olaraq Teymur da Gərmrud, Həştrud – Çaroymaq mahallarında jandarmalara qarşı kəndlilərin etiraz hərəkatını təşkil etmişdir.O, jandarmalarla atışdığına görə 1321 – ci ildən (1942) etibarən dövlət tərəfindən ciddi surətdə təqib edilir və ona görə də gizli işə keçməli olur.Teymur Mədədi 1322 – ci ildə (1943) Hizbe Tudeye İrana üzv olmaqla öz mübarizəsini milyonlarla İran zəhmətkeşlərinin mübarizəsilə birləşdirir.Onun həyat və mübarizəsi yeni məna kəsb edir.Teymur Mədədi Hizbe Tudə tərəfindən təbliğatçı kimi ətrafa göndərilmiş və beləliklə, bir çox hövzələrin təşkilində fəal surətdə çalışmışdır.

1324 – cü il aban ayının 24 – də ( miladi 1945 – ci il, 15 noyabr) Miyana kəndliləri Azərbaycan Demokrat Firqəsinin bayrağı altında səltənət rejiminə qarşı üsyan edərkən Teymur Mədədi də öz vətəndaşlıq vəzifəsini ləyaqətlə yerinə yetirmişdir.O, Tükmənçay jandarm postunu tərksilah edərək illər boyu xalqın malına, canına və namusuna təcavüz edən jandarmaları xalqın qarşısında diz çökməyə məcbur etmişdir. Mədədi dərbar və satqınlar tərəfindən göndərilmiş müdaxiləçilərə və qarətkarlara qarşı mərdliklə vuruşmuşdur.Sonra o, Xəmsə mahalına getmiş, orada Zülfiqari və başqa xalq düşmənlərinə qarşı döyüşlərdə iştirak etmişdir.O bu rəşadət və sədaqəti müqabilində həm firqə təşkilatının, həm də fədai yoldaşlarının hörmət və diqqətini cəlb etmişdi..Xəmsə mahalı düşmənlərdən azad olunduqdan sonra Teymur Mədədi Səidabad fədailərinin başçısı təyin olunur.Onun məsul olduğu məntəqələrdə dəfələflə əhali tərəfindən Xəmsə Vilayət Komitəsinə və Zəncan fədailər qərargahına təşəkkürnamə göndərilirdi. Azərbaycan Milli Məclisi Teymur Mədədinin zəhmətlərini nəzərə alaraq, onu ” 21 Azər” medalı ilə təltif etmiş və ona Azərbaycan Xalq silahlı qüvvələrinin soltanlıq dərəcəsi vermişdi.Son zamanlar o, Qaflantı bölməsində fədai başçısı idi.

Şahənşah ordusu ölkəmizə xaincəsinə basqın etdiyi zaman Mədədini də başqa yoldaşları ilə birlikdə dar ağacından asırlar.O, asılarkən demişdir:” Mən öz vətənimin istiqlalı və xalqımın azadlığı uğrunda səltənət rejiminə, onun imperialist hamilərinə qarşı mübarizə etdiyim üçün ölməyə gedirəm və sonda demişdir:”Yaşasın Azərbaycan Demokrat Firqəsi!”

Teymur Mədədi bütün şüurlu həyatını zəhmətkeşlərin istismarçılara qarşı mübarizəsinə, xalqın azadlıq hərəkatına həsr etmiş, mərdliklə vuruşmuş, qəhrəmanlıqla şəhid olmuşdur.Onun şərəfli adı əsrlər boyu xalqımızın qəlbində yaşayacaqdır.

Təqdim etdi: Güləddin İsmayılov

Facebook
Telegram
Twitter
Email