Ədəbi cəmiyyətimizdə mübariz şair ünvanilə tanınan və böyük hörmət qazanan qocaman mütəfəkkirimiz Haşım Tərlanı tam mənada dünənin və bu günün mübariz şairi adlandırsaq, yanılmarıq.Axı ustadın yaradıcılıq həyatının əsasını demokratik və milli tələbat, xalqlar dostluğu, ictimai ədalət, azadlıq, sülh, əmin – amanlıq və bərabərlik kimi mövzulardan suvarılıb, yoğrulub və poetik dildə öz bədii əksini tapıbdır.Bu mövzular hələ 20 yaşlı Mir Haşım Həsənzadənin yaradıcılığında olduğu kimi, qocaman ustad Haşım Tərlanın yaradıcılığında həyat sürmədədir.Bu da ondan irəli gəlir ki, ustad Haşım Tərlan sənətinə,bəşəri ideallarına, arzu və istəklərinə və eləcə də zamanın irəli sürdüyü problemlərə sənətkarlıq mövqeyini sədaqətlə və vaxtında aşkarlayan səmimi və sadiq bir yaradıcı şəxsiyyətdir.Sanki mübariz şairimizin arzu dolu yaradıcılıq mövzuları yetmiş illik bir ömür boyunca hələ də məqsədə çatmayıb və nakamlığını yaşayır.
Haşım Tərlan 1302 – ci il(1923) Bakı şəhərində anadan olmuşdur.Bərağuş mahalının Zəngilava kəndindən bir tikə çörək ardınca Arazın o tayına köçən Həsən kişinin ailəsində doğulan Mir Əli Mirəlizadə (sonrakı Əli Çeşm Alusi – sonrakı Mir Haşım Həsənzadə və bugünkü Haşım Tərlan) 15 yaşına qədər Bakı şəhərində həyat sürür.Orada dərs oxuyur və ailə həyatının acınacaqlı olmağına baxmayaraq, özü demişkən ömrünün ən xoşbəxt çağlarını yaşayır.
1309 – cu il (1931) balaca Mir Əli öz yaşıdları ilə məktəbə qədəm qoyur.Məktəb yoldaşları tapır və onlarla uşaqlıq dünyasının əlvan xatirələrini yaradır.Dördüncü sinifdə, sonralar Azərbaycanın böyük ədəbi şəxsiyyəti olan və Haşım Tərlanın bu günə qədər yaddaşında pozulmaz izlər buraxan Qılman Musayev( İlkin) onun ədəbiyyat müəllimi olur.Elə bu münasibət balaca Mir Əlinin musiqiyə, fotoqraf işlərinə və ədəbiyyata ciddi maraq göstərməsinə səbəb olur.Arabir şeirlər deməyə də başlayır və pioner uşaqların fəaliyyətinə çox müsaid zəmin yaradan
” Pionerlər sarayı”nda fotoqraflıq dərəcəsində bu sənəti öyrənməyə başlayır.
1316 – cı il (1937) Rusiyada yaranan Oktyabr inqilabının iyirmi illiyinə bütün Azərbaycanda hazırlıq gedir.Mir Əli də məktəb uşaqları ilə bərabər bu şən əhval – ruhiyyəli günləri qarşılamağa hazırlaşır.İnqilabın ildönümü münasibətilə ” Oktyabr gəlir” ünvanlı şeirini yazır və onu inqilabın rəhbərlərinə ithaf edir.Şeiri Yazıçılar İttifaqına aparır.Azərbaycanın xalq şairi Səməd Vurğunla görüşür və onun göstərişilə bu günkü ustad Haşım Tərlanın ilk şeiri şəkli ilə bərabər ” Pioner” qəzetində nəşr edilir.Şeirin son bəndi belədir:
Mənimdə şerim geyinibdir əlvan,
Sevimli marşaldan gözləyir fərman.
Vətən üzərunə qalxarsa düşmən,
Hazıram döyüşə qələmimlə mən.
1317 – ci ilin (1938) bahar aylarında Həsən kişinin də ailəsinin başı üstə qara yellər əsməyə başlayır.Onlar da bütün iranlı pasportu olanlar kimi Azərbsycandan çıxmağa məcbur qalırlar. Balaca Mir Əlinin uşaqlıq dünyasına payız çökür.O məktəb yoldaşlarından, pioner dərnəyindən və bütün 15 illik mənəvi dünyasını və ömrünün ab – havasıyla bəslədiyi Bakı şəhərindən ayrılmalı olur.Tir ayının əvvəllərində Ənzəli sahilində İran torpağına ayaq basır.Var – yoxları əmniyyələr və şəhər lotularının əlilə talanır və çox üzücü bir xatirələrlə birbaşa ata yurdu Alan Bərağuş mahalının Zəngilava kəndinə gedir və beləliklə, özü demişkən həyatının qara günləri başlayır.Mir Əlinin yaddaşında uzaq görünən xatirələrə çevrilir.
1320 – ci ilə kimi kənddə quzu otarmaqla gün keçirir.Şəhrivər ayında Sovet qoşunlarının İrana keçməsilə, gənc Mir Əlinin də quzu otarma günləri sona çatır.Rza xan ölkədən qaçdıqda, Azərbaycan kəndlərində gizlicə gedən əkinçi və kəndlilərin ərbablar və feodallara qarşı apardıqları mübarizə açıq – aydın özünü göstərməyə başlayır.Alan Bərağuş mahalındakı kəndli hərəkatının rəhbəri kimi adı xalqın dilində gəzən Somali Qasım hərəkatı aşkarcasına baş qaldırır.Bu kimi kəndli hərəkatı gənc Mir Əlinin ədalət tələb duyğularını dirçəltməyə başlayır və onun həyat tərzini mübarizəyə qoşulub və zülm və zorakılıq əleyhinə döyüşməyə tərəf yönəldir.Onun yaradıcılıq qatarı daha da sürətlə getməyə başlayır və yeni – yeni vətənpərvər və mübarizə ruhlu şeirlər yazır.Bu yolda Sovet qoşunu ilə bu taya gəlmiş Azərbaycan ədib, şair və yazıçılarının təşəbbüsilə ana dilində nəşrə başlayan ” Vətən yolunda” qəzeti gənc Mir Haşım Həsənzadənin yaradıcılıq əsaslarını
” vətəni şerlər” yazmaqla möhkəmləndirir.Onun nəşr üzü görən ikinci şeiri də ” Vətən yolunda” qəzetində çap olur.Şeirin son bəndi belədir:
İndi doğma diyar geyinir əlvan,
Vətən göylərindən çəkilir duman.
Fəxrdir könlümə bu söz hər zaman,
Azərbaycan adlı ellər mənimdir.
1321 – ci ildə sevdiyi qonşu qızı Fatma ilə ailə qurur.Özü demişkən dünya üzünə gülür.Gecələr göylərə baxanda öz nicat ulduzu Fatmanın bəxt ulduzunun kənarında görür.Bu günlər, iş tapıb, ailəsinin məişət tərzini yaxşılaşdırmaq məqsədilə Tehrana getmək qərarına gəlir.Orada müxtəlif işlər,o cümlədən fəhləlik, alverçilik və dərzilik işləri ilə məşğul olur.Özünü Fatmanın xəyailə xoşbəxt hiss edir.Vətən və sevgi mövzularında yeni – yeni şeirlər yazır.Ancaq bu xoşbəxtlik 6 ay çəkmir və bir gün sevgilisi Fatmanın dünyadan köçmə xəbərini alır. Kəndə qayıdıb Fatma ilə son vidalaşdığından sonra yenidən Tehrana qayıdır.
1322 – ci ildən 1324 – cü ilin Azər ayına qədər Tehranda fəhləlik edən Mir Haşım Həsənzadə tez – tez şeirini çap etditmək üçün ” Vətən yolunda” qəzetinə göndərir.O nə bilsin ki, Sovet qoşunları ilə İrana gələn ədiblər arasında Azərbaycan Yazıçılar İttifaqının bir çox üzvləri ilə bərabər,onun dördüncü sinifdəki ədəbiyyat müəllimi Qılman Musayev(İlkin) də vardır və bu onun sonralar “Vətən yolunda” qəzetilə
yaxından əməkdaşlıq etməyinə zəmin yaradan amillərdən olacaqdır.
1324 – cü ilin Azər ayında tez – tez xoş xəbər və qürurverici nailiyyətlər eşitdiyi ana yurdu Azərbaycanın döyünən ürəyi Təbriz şəhərinə varid olur və oranı bütün dəyişik bir vəziyyətdə gördüyündə özündə bir Azərbaycanlı olaraq vəsf edilməz milli qürur hissi keçirir.”Vətən yolunda” qəzetində işə başlayır.”Şairlər məclisi” nin zəminində yenicə yaranmış ” Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyəti” nin fəal üzvü olur və Azərbaycan Milli Demokratik hərəkatına rəhbərlik edən Azərbaycan Demokrat Firqəsinin üzvülüyünə keçir.21Azər nəhzətinin qələbəsi gənc Mir Haşım Həsənzadəni gecə – gündüz yeni həyatın bir qurucusu kimi fəaliyyət göstərməyə çalışır.O bir təşkilatçı olaraq Təbriz şəhər komitəsinin altıncı hömə təşkilatının təbliğat məsulu vəzifəsində çalışmağa başlaylr.
1325 – ci ilin Azər ayının son günləri Azərbaycan səmasına qara buludlar çökür.Əhd – peyman pozanlar, şah və sərmsyə quruluşu, Amerika imperialistlərinin yerli nökərləri, inqilab qorxusundan Azərbaycandan qaçqın düşmüş ərbablar və şah qoşununun himayəsi altında yenidən baş qaldırmış quldurların yerli əhalisi və şəhər və kəndlilərin pozğun siması o başları 21 Azər nəhzətinin qana çəkilməsinə qərar verirlər.Azərbaycanın minlərlə igid balaları vəhşicəsinə məhv edilir.On minlərlə nəfər didərgin düşür və inqilab tam mənada nahaq tökülən qanlar içində boğulur. Mir Haşım Həsənzadə bir fədai olaraq yaxalanır və işgəncələrə məruz qalır.
1326 – cı ildə zindandan azad olub, bir çox azərbaycanlılar kimi Tehrana köçgün düşür və bu köçgünlük sonadək davam edir.
1330 – cu il boyunca Tehranda unudulmaz Azərbaycan ictimai və ədəbi şəxsiyyəti cənab Behzad Behzadinin təşkilatçılığı ilə nəşr olunan
“Bəşəriyyət”;” Bəşir- e Ayəndə” və ” Azərbaycan” qəzetlərində Haşım Tərlan da öz şeirlərini yayır və yenidən təşkil olinmuz “Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyəti”ndə yoldaşları Müzəffər Derəfşi, Gəncəli Səbahi,Əhməd Şaya, Həbib Sahir, Səhənd, Əliqulu Katibi və bunlar kimi Azərbaycan ədəbi şəxsiyyətlərilə əməkdaşlıq edir.
1332 – ci ilin 28 mordad hərəkatından sonra yenə də ədəbi – ictimai mübarizəsini davam etdirir və bu yolda yoldaş Müzəffər Derəfşi ilə əlaqədə olur və ondan göstərişlər alır.Bu əlaqə əllinci illərədək davam edir və bu ikisinin Azərbaycan ədəbi – ictimai əlaqəsi sonadək davam etmişdir.
1350 – ci ildən yarı gizli təşkil edilən ədəbi – mədəni dərnəklərdə fəalcasına iştirak edir və dostları Doktor Cavid, Gəncəli Dəbahi, Müzəffər Derəfşi, Məhəmmədəli Məhzun,Səhənd, Həsən Məcidzadə(Savalan), Hidayət Nur Azad, Qaflsntı və başqaları kimi şair və ədiblərimizin iştirakı ilə fəaliyyət göstərən “Dostlar görüşü” dərgisi
onun şeirlərinin yayılması və eşidilmə meydanına çevrilir.
1357 – ci ilin bəhmən inqilabından sonra, Haşım Tərlanın ədəbi – ictimai fəaliyyəti genişlənir və Hüseyn Düşüzgünün nəşr etdiyi “Yoldaş” məcəlləsinin yazıçılar heyıtinə qoşulur.
1358 – ci ilin fərvərdin ayında ” Yoldaş” məcəlləsinin dəvətilə otuz nəfərdən artıq Azərbaycan ziyalı, şair və yazıçıların iştirakı ilə “Tehranda yaşayan Şairlər bə Yazıçılar Cəmiyyəti” qurulur.Cəmiyyətin ilk idarə heyətinə Gəncəli Səbahi,Hüseyn Düzgün,Məhəmmədəli Fərzanə, Fərhad İbrahimi, Davud Şeyxavəndi, Rəhim Dəqiq seçilir və Haşım Tərlan da cəmiyyətin ən yaxın üzvləri kimi o da fəaliyyət göstətir.
1359 – cu ildə Haşım Tərlanın şah dövründə yazdığı bir sıra şeirlərini ehtiva edən “Alovlu şeirlər” adlı kitabı “Nopa” nəşriyyatı tərəfindən nəşr olunur.
1362 – ci ildə Haşım Tərlan etdiyi ictimai və mədəni fəaliyyətləri ucbatından iki ilə yaxın azadlıqdan məhrum edilir.O, bu zaman ömrünün 60 ilini yaşayırdı.Haşım Tərlan 1364 – cü ilin yaylarından yenə də ədəbi cəmiyyətə qayıdır və yaradıcılığını davam etdirir.
1366 – cı ildə Müzəffər Derəfşi Həbib Fərşbaf, Həsən İldırım, Mirzə Şəhrək, Eldar Muğanlı, Əhməd Puri və doktor Sirus Lütfinin iştirakı ilə təşkil edilmiş ” Həbib Sahir” adına ədəbi dərnəkdə bir ağsaqqal kimi fəal iştirak edir. Həmin ildə Cənubi Azərbaycanın bir sıra şairlərinin əsərlərilə bərabər Haşım Tərlanın “Araz gülür” poeması Bakı şəhərində nəşr edilir.
1367 – ci ildə ustad Haşım Tərlanın yaradıcılığı və ədəbi – ictimai səxsiyyətini təhlil etmək dostları vasitəsilə Təbriz şəhərində onun 65 illiyi münasibətilə çox təntənəli bir tədbir keçirilir.Bu tədbirə Azərbaycanın bir çox yazıçı, şair və ədəbi şəxsiyyətləri qatılır və ustad haqqında öz fikirlərini söyləyirlər.Həmin il ustadın vətən həsrəti mövzusunda qələmə aldığı “Vətəndən vətənə” poeması Bakı şəhərində nəşr edilir.
1372 – ci ildə ustadın 70 illiyi münasibətilə dostlatının təşəbbüsü ilə Tehran şəhərində yubiley mərasimi keçirilir.
1373 – cü ildə, dostları Müzəffər Derəfşi, Rəhim Kaviyan, Mirzə Şəhrək, Əli Zirək, Məcid Hüseyni və Kərim Qurbanzadənin həmkarlığı ilə “Sabir ədəbi məktəbi”ni yaradanlardan biri olur və o gündən bu əncümənin ümumi yığıncaqlarının fəal iştirakçısı olur.
1375 – ci ildə, ustad Haşım Tərlanın yaradıcılıq fəaliyyətini dəyərləndirərək, Azərbaycan Respublikasında ” Azərbaycan Yazıçılar İttifaqı” onu öz sıralarına bir üzv kimi qəbul edir.
1377 – ci ildə Haşım Tərlanın dördüncü kitabı
“Durnalar gələndə” başlığı altında ” Aftab” nəşriyyatı tərəfindən nəşr edilir. Onun 75 illiyi münasibətilə dostları tərəfindən Tehran şəhərində yenidən yubiley mərasimi təşkil edilir.
1379 – cu ildə Haşım Tərlanın beşinci şeir məcmuəsi ” Yolçu yolda gərək” adında” Mina” nəşriyyatı tərəfindən yayılır.
1382 – ci ildə hər beş illikdə olduğu kimi Tehranda fəaliyyət göstərən ədəbi – mədəni dərgilərin təşəbbüsü ilə Haşım Tətlanın 80 illiyi qeyd edilir.Həmin il bu mərasimin davamı Bakı şəhərindı Azərbaycan Yazıçılar İttifaqının yardımı ilə Xurşidbanu Natəva salonunda keçirilir.
1386 – cı ildə Haşım Tərlanın acılı – şirinli xatirələrini özündə yerləşdirən ” Gümüş pencək” adlı kitabı ” Firuzan” nəşriyyatı tərəfindən nəşr edilir.Bu onun çap üzü görmüş altıncı kitabı idi.
1387 – ci ildə Sabir ədəbi əncüməninin ümumi salonunda Tehranda fəaliyyət edən ədəbi – mədəni dərnəklərin iş birliyilə Haşım Tərlanın 85 illiyi qeyd edilir.
1388 – ci ildə Haşım Tərlanın ” Zirvədə günəş” şeirlər məcmuəsi “Firuzan” nəşriyyatı tərəfindən nəşr edilir.Bu onun çap üzü görmüş yeddinci kitabı idi.
Ustad Haşım Tərlan ömrünün sonuna qədər bahar təravətli, gələcək ümidlu və milli ruhlu əsərlərin müəllifi kimi xalqın və oxucularının ürəyində həmişə yaşayır və yaşayacaqdır.
Seyid Cəfər Pişəvəri Milli Hökumətinin son yadigarı, ömrünün sonlarını qocalar evində keçirən ustad şair Haşım Tərlan 17 noyabr 2014 – cü ildə 91 yaşında Tehranda dünyasını dəyişmiş və “Behişte Zəhra” məzarlığında
torpağa tapşırılmışdır.
MƏNƏM
Çox da öz elimdə, vətənimdəyəm,
Yadlar əlində əzilən mənəm.
Öz doğma dilimdə danışsam da mən,
Dili xəncər ilə kəsilən mənəm.
Süleyman Rüstəmə dərd olub vətən,
Göz yaşı ələnib şeirlərindən.
Rüstəm olmasaydı deyərdim ki, mən,
Əli hər tərəfdən üzülən mənəm.
Bilirəm bilirsən nədir kədərim,
Qaranlıq gecədir aydın səhərim.
Çap üzü görməyən söz incilərim,
Taxçada yan – yana düzülən mənəm.
Qan qardaşım deyir keçdin varından,
Ah çəkdi baxdıqca öz diyarından.
Zamanın eybəcər barmaqlarından
Babəkin al qanı süzülən mənəm.
HAŞIM TƏRLAN
Təqdim etdi: Güləddin İsmayılov