آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

ÖLMƏK VAR DÖNDMƏK YOXDUR

Xalqımızın azadlıq yolunda götürdüyü böyük qədəmin həqiqi mənasını dərk etməkdən aciz olan Tehran azadixahları iki əsasi məsələdə bizə öz əqidələrincə böyük irad tapmışlar. Bunlardan biri, Azərbaycan dili, ikincisi isə azərbaycanlıların milliyyətidir.

Bu iradı biz özlərini azadixah adlandıran mürtəcelərin hamısından eşitmişik və cavabımız da çox sadə olmuşdur.Azərbaycanlı fars deyil və fars dilini azərbaycanlının əksəriyyəti başa düşə bilmir.Güclə o dili azərbaycanlılara təhmil etmək ola bilməmiş və olmayacaqdır.

Azərbaycanda elə ev tapılmaz ki, onun əhalisi azərbaycanlı olsun, amma Azərbaycan dilindən başqa bir dil ilə danışmağa rəğbət göstərsin. Mərhum Hacı imam cümə Xoyi qırx il Tehranda yaşadığı halda özünün təkiyə kəlamı olan (pey oğlan) sözünü tərk edib ona münasib bir fars sözü işlədə bilməmişdi.Bu isə tehranlılar arasında zərbül – məsəldir.Tehranın özündə Hacı imam kimilərin sayı yüz mindən əlavədir və bunların hamısı öz aralarında Azərbaycan dilində danışmağı sevər və ondan ləzzət apararlar.Azərbaycanlı yüz il xaricdə qalarsa, əxlaq, ruhiyyə və tərz təfəkkür cəhətdən azərbaycanlıdır, o, öz yurdunu, öz ata və baba ocağını sevər və onu yad etməklə iftixar edər.

Azərbaycana nankorluq edən fars azadixaxlarına demək lazımdır ki, sizlər əgər vəhşətə salıb Tehrana çəkdiyiniz azərbaycanlıların ürəyinə girə bilsəz, orada Azərbaycana olan eşq – məhəbbəti gördükdə heyrət edərsiz.Çünki sizdə öz yurduza məhəbbət və əlaqə yoxdur.Azərbaycanlı heç bir cəhətdə sizə bənzəmədiyi kimi vətən məhəbbəti, ana eşqində də sizlərə oxşamaz.Siz onu tanıya bilməzsiz, çünki onun nəhadında olan hiss və qürur millidən sizlərdə əsər yoxdur.Doğrudur, azərbaycanlı demokrasi nəhzəti başlanan zamanədək özünün milliyyəti haqqında az danışmışdır.Vəli elmdə həmişə o özünü müstəqil bir millət hesab edib cəhət və səbəbsiz əziz olan mürtəcelərə yabançı göz ilə baxıb onların təht hakimiyyətində yaşamağı özünə ar bilmişdir.

Gedin cənubi məhəllələrində və kargərlər yaşayan küçələrdə bir qədər dərindən tədqiqat edin.Azərbaycanın müxtəlif guşələrindən bir parça çörək qazanmaq üçün mühacirət edib orada fəqir və yoxsul halda yaşayan zəhmətkeş və qəhrəman insanların halı ilə aşna olan bilin ki, nə səbəbə biz onu bir millət tanıyıb özünü idarə etməyə haqlı bilirik.

Tehranda müntəşir olan “Keyhan” ruznaməsi özünüb 863 – cü nömrəsinin əsasi məqaləsini

” Pəyam be Pişəvəri” ünvanı altında mənə xitabən yazıbdır.Mən şəxsən xodsətalıq ilə işim olmadığından onun haqqımda yazdığı müsbət sözlərə eylə qiymətə qayil deyiləm.Ona görə o xüsusda bəhs etmək istəmirəm.Əsla mürtəcelər azərbaycanlıları öz yanlarında anlamaz, qaba hesab edir, hətta özlərinə yaraşan adlar ilə də onları adlandırmaqdan xəcalət çəkməzlər.”Keyhan” da məqalə yazan ağa da o xəyal ilə mənim başımı yarıb ətəyimə qoz tökmək istəmişdir.

Qoy riyakarlıq, ikiüzlülük Tehrandakılara qalsın.Biz açıq danışaq və onların hiyləgərliyi bizi aldatmasın.Pişəvəriyə pəyam göndərməyin faydası yoxdur.Azərbaycanda vücudə gələn böyük nəhzəti Pişəvəri vücudə gətirmişdir.Bu, xalqın ruhundan, ürəyindən qapan böyük nərənin əsridir.Pişəvəri və onun məsləkdaşları isə xalqı sevib onun səadətini arzu etdiklərinə görə bu nəhzətdən kənarda dura bilməzdilər.Pişəvəri sadə bir yazıçıdır, lakin o həmişə fikirlərini xalqdan aldığı üçün xalqın ehtiyacını düşünüb onun dərdlərini anlayanlardan olmuş, onun səadətini özünə məqsəd və hədəf qərar vermişdir.

” Keyhan” ruznaməsinin yazıçısı ağayi Nuşadın iştibahı bundadır ki, Pişəvərinin Azərbaycanın milli azadlığına qarışmasını mürtəcelər ilə apardığı mübarizədə gördüyü xəsarət ya mürtəcələrin onun şəxsiyyəti haqqında işlədikləri xəyanətdə axtarır.Bu Pişəvərini təhqir etmək deməkdir.Pişəvəri və onun kimi xalq xadimləri siyasi mübarizələrdə özlərinin şəxsi ehsasatlarını dəxalət verməzlər.Bu çox kiçik və cahil adamların işidir.

Mən Pəhləvinin on bir illik zindanı ilə məclis mürtəcelərinin etibarnaməm əleyhinə işlətdikləri məsxərəamiz uşaqlığı çoxdan unutmuşam.Biz indi böyük bir iş ilə məşğuluq Keçmişi xatırlamağa belə vaxtımız ola bilmir.Hətta o qara günlərdə belə mən şəxsi intiqam hissi və xüsusi ədavət ilə yaşamamışam və bunu iftixar ilə yaza bilərəm.Vicdanım bu xüsusda rahat və asudədir.Zahiri azadixahlar xalqımızın milli mübarizəsinə şəxsi rəng verib onu öz arşını ilə ölçmək istəyirlər.Bizim mübarizəmiz şəxsi deyildir və kimsədən şəxsi intiqam çəkmək istəmirik.Siyasətdə intiqam ilə məşğul olmaq olmaz, söhbət Pişəvərinin şəxsi əxlaqi üstündə deyildir.Nahaq yerə bizi tətmi etməyə Tehran yazıçıları bu kimi yazıları oxuduqda acıyırıq , onların ruhlarının zəifliyinə yazğımız gəlir.

Məsələn ” Keyhan” yazır:” Siz Azərbaycan dili və millətindən sərf nəzər etsəz bir Kiçik xan, bir Səttarxan, bir Xiyabani ola bilərsiz.” Mən böyük simaların adını həmişə etiram ilə zikr etmişəm.Lakin onlara hərgiz təqlid etmək arzusunda deyiləm.Çünki mən şəxsi ad üçün çalışmıram.Mən Azərbaycan Demokrat Firqəsinin adi bir üzvüyəm və arzu edirəm xalqımızın nəhzəti firqəmizin adına tamam olsun və mən də firqənin böyük adilə iftixar edim.Təzə Tehranın Səttarxan,Xiyabani, Kiçik xan və Məhəmmədtağı xan kimi fədakarlara verdiyi padşah arzu edilməli bir padşah deyildir.Lenin və Mustada Kamal olmaq fikri isə əbədən məndə ola bilməz, çünki, Lenun kimi şəxslər hər bir mühitdə doğa bilməzlər, Atatürk isə baçqa bir şəraitdə meydana çıxmışdır.

“Gəlin bu kiçik dairədən ki, dövrənizdə çəkmişsiz ayağızı kənara qoyan bu bilməməzlik ki Azərbaycan ilə İranın sair nöqtələri arasında çəkmisiz aradan götürüz.Ta bir Kiçik xan, ya Səttarxsn, ya Xiyabani və ya Lenin və ya Atatürk olasız.

Bunu Tehran azadixahlarından birisi yazır.Bu sübut edir ku, onlar çox aciz və çox zəbun adamlardır.Öz iradə və qüvvələrinə etimadları da yoxdur.Xaricdən bir nicatverici axtarırlar.Bir millət üçün bundan böyük bədbəxtlik ola bilməz.Dünən Rzaxandan nicat gözləyənlər, bu gün Pişəvəridən Azərbaycanın dövrəsinə çəkilən dairəni pozub özləri üçün azadlıq vücuda gətirmək tələb edirlər.Bu, biçarəlikdir,bu elə bir bədbəxtlikdir ki,diri və ayıq millətlər onu eşitməkdən nifrət edirlər.Pişəvəri isə özünün məsxərə halə düşdüyündən xəcalət çəkir.

Doğrudur, Azərbaycan Demokrat Firqəsinin ağsaqqallarından biri hesab olunur və Azərbaycan Məclisi Millisi ona etimad edib Milli Hökumətin başında qoymuşdur.Lakin o heç vaxt xodsər və mütaliq olunan deyildir.O, firqə və millətin sadə bir sərbazıdır.O, birincisinin dəsturu, ikincidinin arzusu üzrə hərəkət edir.

Biçarə sadəlövhlər görünür xalq və millətin qüdrətini hələ də dərk edə bilməmişlər.Onlar elə xəyal edirlər ki, Pişəvərinin şöhrəti və ya Azərbaycan xalqının ona olan etimadı onun qabaqdan təhiyə etdiyi nəqşə üzərilə vücuda gəlmişdir, yainki Pişəvərinin aparılan mübarizədə qabağa çəkən onun qabağa düşmək mənzurundan irəli gəlmişdir.

Burada Azərbaycan xalqının zəkafəti və ruh yüksəkliyi aşkara çıxır.Azərbaycanlı hər kəs hazır olmaz tək bir şəxsdən ötrü üçün nicat və azadlıq gözləsin və ona xitab edərək” sərhədləri

aç bizə Səttarxan və Mustafa Kamal ol” desin, şəraiti başa düşməyən sadəlövhlər isə belə sözləri deməkdən utanmaz, hətta onu birincilik qazanan qəzinəsində yazıb intişar verməkdə cəsarət edər.Bunlar anlamaq istəmirlər ki, bizim qüdrət və gücümüz mübarizənin milli xasiyyətindədir.Azərbaycan xalqını birləşdirib və onları demokrat firqəsinə bağlayan ancaq firqəmizin meydana atdığı milli şüarlardır.

Biz bütün İran naminə az danışmamışıq.Hizbe Tudənin Tehrana göndərdiyi saysız – hesabsız teleqraflar hənuz unudulmamışdır.Bunlar nəticəsiz qaldı.Tehran azadlıq verə bilməz.Təzə o azadlığı aldıqdan sonra millətimizin milli əsarəti bağlı qalmasını biz düşünməmiş deyilik.7 yaşında təzə dil açan körpə balaların başa düşmədikləri dili təlim etmək vasitəsilə üzüb yormağa biz azadlıq deyə bilmirik.Beş milyonluq bir xalqı zor ilə başqa bir xalqın mürtəcelərinin hakimiyyətinə tabe etmək, azadlıq deyildir.Qərinələr boyu qəhrəmananə mübarizə aparan bir cəmiyyətin milliyyətini üç nəfərin xoşuna gəlməkdən ötrü inkar etmək insanlığa yaramaz.Başladığımız böyük hərəkətin milli rəng və milli xasiyyətini dəyişdirmək istəyənlər xalqımızın səlahiyyətini əlindən almağa çalışırlar.Bunların “Azadixah” maskaları bizi eğfal edə bilməz.Azadixah olan adamlar bir millətin başqa millətin üzərində hakimiyyət sürməsini tələb edə bilməzlər. Azadixahlıq halva deyildir.Azadixah insanlar gərək haqq və həqiqəti inkar etməsinlər.Haqq və həqiqət isə azərbaycanlıların milli hüquq, milli dil,milli ədəb və milli əxlaq, milli istedad və milli tarixləridir.Tehran” Azadixahları” bizim millətimizi inkar etməklə qaba istibdad ruhuna malik olan mürtəcelərdən daha mürtəce olduqlarını isbat edirlər.Azərbaycan xalqı isə özünün qüdrətini milli birlik və milli azadlıqda tapmışdıt.İndi Azərbaycan Milli bir ölkədir.Onun qəhrəman xalqı özünü idarə etməyə layiq olduğunu bütün dünyaya isbat etmişdir.Təbriz, mərkəz mürtəcelərinin xainanə siyasətinə baxmayaraq hər cəhətdən Tehrandan irəlidir.

Əmniyyət, asayiş, xalqının qeydinə qalan, ucuzluq, işsizlik ilə mübarizə, iqtisadi, siyasi və fərhəngi tədbirlərimiz xalqı gələcəyə gündən – günə artıq ümidvar etməkdədir.Tehran hökumətində isə dərin və qəti naümidlik hökm sürməkdədir.Məyus bir millət məğlubiyyətə məhkumdur.İnqilabi millət isə hər cür müşkülata qalib gəlib yaşar və arzularını icra etmək yolunda heç bir fədakarlıqdan ayaq geri qoymaz.

İndi biz hər gün, hər saat irəli gedirik.Tehran isə mürtəcelərin və özlərini azadixah göstərməyə çalışsn boşboğazların qara sayəsində fəlakətə sürüklənir.

Biz milli mübarizəni axıra qədər aparmağa and içmişik.

Ölmək var dönmək yoxdur!

Pişəvəri

(“Azərbaycan” ruznaməsi nömrə 109, ikinci dövrə, 5 şənbə 4 bəhmən 1324 – cü il).

Təqdim etdi: Güləddin İsmayılov

Facebook
Telegram
Twitter
Email