SƏMƏD BEHRƏNGİNİN TÜRKCƏ QƏLƏMƏ ALDIĞI, İTMİŞ SAYILAN NAĞILLAR 45 İLDƏN SONRA BAKIDA KİTAB HALINDA İŞIQ ÜZÜ GÖRDÜ
Pərvanə MƏMMƏDLİ
“Təbrizin 40 sehrli nağılı” kitabı bu günlərdə “Qanun” nəşriyyatında nəfis tərtibatda nəşr olunub. Sirus Mədədinin nəşrə hazırladığı kitabı ərəb əlifbasından Pərvanə Məmmədli çevirib kitabın sonuna bir izahlı sözlük də əlavə edib. Kitabın əvvəlində və sonunda Sirus Mədədi ilə Pərvanə Məmmədlinin yazıları verilib. 224 səhifəlik nəşrin tərtibatında məşhur qədim Azərbaycan miniatürləri ilə yanaşı, çağdaş rəssamlar Pəri Miniatür və Natiq Camal Əfşarın əsərlərindən də istifadə olunub.
Nəşrdə Səməd Behrəngi və Bəhruz Dehqaninin Təbriz və ona yaxın Mamağan və Tufarqan ərazilərindən topladıqları nağıllar yer alıb, onların yerli şivə və dialekt xüsusiyyətləri saxlanılıb. Kitabın mətni Tehranda ilk dəfə nəşr olunmuş “Azərbaycan nağılları (Təbriz rəvayətləri)” kitabından götürülüb.
Səməd Behrəngi İran və Güney Azərbaycan uşaq ədəbiyyatının qurucusu sayılır. Onun uşaqlar üçün bədii nağıllar yazması heç də təsadüfi deyildi. Qeyd edək ki, o, bütün həyatını və yaradıcılığını azadlıq və ədalət uğrunda, Azərbaycan milli mədəniyyətinin qorunması və inkişafı yolunda mücadiləyə həsr etmiş, bu yolda başı az bəlalar çəkməmişdi. Çalışdığı yerlərdə kəndlilərin həyatı ilə yaxından tanışlıq Səməddə yazıb-yaratmaq, şahidi olduqlarını qələmə almaq həvəsi oyatmışdı. Elə ilk qələm təcrübəsinə də o vaxtdan başlamışdı.
Səməd kəndə dərs deməyə yollananda elə ilk gündən İran təhsil sistemindəki naqisliklərin şahidi olmuşdu. Uşaqlar dərsliklərdə verilən çox sayda yad sözləri qavramaqda çətinlik çəkirdilər. O bunları nəzərə alıb yeni bir dərslik hazırladı. Dərslik qəbul olunmasa da, onun bilik və bacarığı diqqət cəlb eləmişdi. Amma Səməd Behrəngi nazirlikdə ona təklif olunan yüksək maaşlı məmur vəzifəsindən imtina edib Təbrizə dönmüşdü. Elbəel, kəndbəkənd dolaşaraq uşaqlara dərs keçməyə və folklor nümunələri toplamağa üstünlük vermişdi.
Səməd Behrəngi çox gözəl pedaqoq idi, ucqar və baxımsız kəndlərdə dərs keçməyi seçmişdi. Öncələr kənd boyu dolaşan, xalq içində, toyda-mağarda, məsciddə tez-tez görünən Səməd eşitdiklərini, bildiklərini həm həyatda, həm də tədris vasitəsilə tətbiq etməyi düşünsə də, sonralar həmkarı və tələbəlik dostu Bəhruz Dehqani ilə birlikdə bu işi görməyə başladılar. Bir müddətdən sonra bu toplamaların içində çox sayda folklor nümunələri, nağıllar, hekayələr, təhlillər yer almağa başladı. Nümunələr türkcə söyləndiyi üçün elə bu dildə də qələmə alınırdı. Ağır zəhmətlə başa gələn bu çalışmalar çap üçün təqdim edilərkən isə nəşrinə imkan vermədilər.
O, folklor nümunələri toplamaqla (Bəhruz Dehqani ilə birlikdə) və ədəbi əsərlərlə yanaşı, təhsil, pedaqogika ilə bağlı məqalələr, esselər yazıb, tərcümə ilə məşğul olub. Səməd Behrəngi təhsil sisteminin nöqsanlarını tənqid edir və getdikcə cəmiyyətin digər qatlarına baş vururdu.
O, doğma xalqının dilində dolaşan nağıl və mifləri toplayıb tərtib etmiş, onlara bədii yön verib yenidən yazmışdı. Səməd Behrəngi və Bəhruz Dehqaninin topladıqları bayatılar, tapmacalar-qoşmacalar və bir çox folklor örnəklərinin nəşrinə İranda imkan verilməmişdi. Onlar yazıları ana dillərində nəşr etməyə müvəffəq olmadıqda nağılların bir hissəsini fars dilinə çevirib “Azərbaycan əfsanələri” adlı məcmuədə nəşr etdirmişdilər. S.Behrəngi uşaqlara birbaşa xitab etmək üçün əsərlərini nağıl şəklində yazırdı. O, ənənəvi didaktik metodun uğurlu olmayacağını bilirdi; əsərlərində uşaqları milli zülmə, cəhalətə, ictimai ədalətsizliyə qarşı mübarizəyə çağırır, dil və mədəniyyətlərinə məhəbbət yaradır, onları gələcək həyata hazırlayırdı. Folklora, mifologiyaya meyl onu simvolların dili ilə yazıb-yaratmağa yönəltdi. Bu əsərlər azadlıq, kimlik, yoxsulluq, təhsilsizliyin doğurduğu fəsadlar ilə yanaşı, dövrün sosial-psixoloji dərdlərini də ehtiva edirdi.
Səmədin qələmə aldığı “Ulduz və qarğalar” nağılında oxucuya tam aydın olur ki, hadisələr azərbaycanlı ailəsində cərəyan edir və iştirakçılar da Azərbaycan türkləridir.
1967-ci ildə yazdığı “Balaca qara balıq” Səmədə böyük uğur gətirir, yaşamının manifestinə çevrilir, adını bir sıra dünya ölkələrində tanıdır…
Vaxtsız ölümündən sonra əsərlərinin nəşri istər Cənubi Azərbaycanda və İranda, istərsə də dünyanın müxtəlif ölkələrində böyük maraq doğurdu. Uşaqlar üçün yazdığı əsərlər daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi.
S.Behrənginin topladıqları içərisində nağıllar xüsusi yer tutur. Həmkarı Bəhruz Dehqani ilə topladığı nağıllar uzun illər diqqətdən kənarda qalmışdı. Yalnız 30 ildən sonra fədakar folklorşünas Məhəmmədəli Fərzanə bu nağılların Azərbaycan dilindəki orijinal variantını üzə çıxarmışdı.
90-cı illərin sonlarında Güney Azərbaycanın tanınmış milli ziyalılarından olan M.Fərzanə ilə görüşmüş, xeyli söhbətləşib-dərdləşmişdik. O, məni bir çox mətləblərdən hali eləmiş, xeyli yeni bilgi – məlumat vermişdi. Bunlardan biri də Səməd Behrənginin itmiş və o vaxtacan tapılıb çap olunmayan əlyazmaları ilə bağlı idi. Bu müsahibə 1999-ci ildə “21 Azər” jurnalında da çap olundu. Məzmunu da belə idi ki, Məhəmmədəli Fərzanə o məlum əlyazma mətnlərin ilk dəfə Azərbaycan türkcəsində qələmə alındığını söyləmişdi. O dövrə qədər elmi fikirdə S.Behrənginin əsələrinin yalnız farsca yazıldığı bildirildi. Əslində S.Behrəngi bu mətnlərin çoxunu türkcə (Azərbaycan türkcəsi) yazmış, amma farscaya çevirmək məcburiyyəti qarşısında qalmışdı. O yazıların orijinalını isə M.Fərzanəyə etibar edib özündə saxlamağı tövsiyə etmişdi.
1960-cı illərin sonlarından İranda, xüsusən Azərbaycanda hökm sürən hakimiyyətin yaratdığı cinayətlər nəticəsində yüzlərlə insan və yüzlərlə əsər məhv edildiyi kimi, Səməd Behrənginin və Bəhruz Dehqani ilə birikdə yığıb Fərzanəyə tapşırdıqları nağılların orijinalı da itib-batmışdı.
M.Fərzanə 1997-ci ildə Almaniyada qonaq olduğu zaman, sevinərək itkin bağlamanın yenidən tapıldığı xəbərini verir. Və nağıllardan bir nüsxəsini orada yaşayıb-yaradan ziyalı dostu Sirus Mədədiyə verib onları nəşr etməyi xahiş edir. Aradan 30 il keçdikdən sonra nağıllar tapılıb bir daha Fərzanəyə geri qaytarılmışdı. Sirus Mədədi yeni tapılmış və türkcə yazılmış əlyazmanı 1998-ci ildə soydaşları ilə birlikdə Almanıyanın Köln şəhərində nəşr etdiyi “Azərbaycan səsi” jurnalında tanıtdı. 2009-cu ildə isə Tehranda “Azərbaycan nağılları (Təbriz rəvayətləri)” adı altında kitab çap etdirdi.
Səməd Behrənginin ölümündən 30 il sonra gizli sandıqdan tapılan 40 nağıl 40 ildən sonra ilk dəfə Tehranda, 45 il sonra isə Bakıda nəşr olundu.
Burada 40 rəqəminin magiyasına inanmamaq olmur…
Bu gün bəhs olunan “Azərbaycan nağılları”nın orijinal Azərbaycan dilində gəlib əlimizə çatmasına görə görkəmli folklorçu Məhəmmədəli Fərzanəyə borcluyuq.