آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

El şairi, Həbib Sahirin, Firidun İbrahimi üçün yazdığı şeir:

İl dönümün tutan yoxdur,
Yoxdur səni yada salan.
Qəbrin üstə göy ot bitdi,
Ey namurad, yazıq cavan!
Asıldığın gündən bəri
Matəmlidir göy, gülüstan.

Dolaşarkən şimal yeli
Yurdun qızıl bayrağında,
Ellər ilə od yandırdın
Babəklər ocağında.
Lakin əfsus, son işıq tək
Söndün həyat çırağında.

Nə ellərin məktəbində
Kitabını açan oldu,
Nə yazdığın qızıl yazı
Rəvac tapıb, dastan oldu.
Lakin sanma bu əsirdə
Hər şey bitib, nəsiyan oldu.

Günün yeddi rəngi əriyir
Qızıl uzan sularında.
Sənin izin, kölgən qalmış
Astaranın baharında.
Faşizm hələ hökm sürür
Qızıl odlar diyarında.

Məktəblərdə ana dilin
Oxutduran usta yoxdur.
Ordu-ordu oymaqlarda
Esir çoxdur, azad yoxdur.
Keçib çıraq, sönüb ocaq,
Xaraba çox, abad yoxdur.

Getdim baba diyarına,
Gördüm bayquş fikrə dalıb.
Qəbrin üstə axşam çağı,
Payız günü, şəfəq salıb.
Səndən yoldaş xatirələr,
Dərin sızı canında qalıb.

Əzrayılla qılınc çəkim,
Yenə bir gün öləcəyəm.
Çıraq kimi ya bir axşam,
Ya bir səhər sönəcəyəm.
Bilirəm ki, yer altında
Toz torpağa dönəcəyəm.

Bunla belə əminəm ki,
Nur zülməti boğacaqdır.
Ən nəhayət üfüqlərdən
Qızıl günəş doğacaqdır.
Daş nə qədər bərk olsa da,
İsti-soyuq ovacaqdır. Həbib_Sahir
Ədəbiyyat_Evi

Facebook
Telegram
Twitter
Email