Bütün şüurlu həyatını öz xalqının azadlıq və səadətinə həsr etmiş görkəmli qəhrəman fədai
Əlişah Turhidə Azərbaycan xalqının namuslu və mərd oğullarından biri olmuşdur.
Əlişah Qüdrət oğlu Turhidə 1924 – cü ildə (1303) Lənkəran şəhərində dünyaya göz açmışdır. Babası Turab kişi Cənubi Azərbaycandan bu taya gəlmişdi. Əlişahın atası Lənkəranda Xeyrulla bəyin qızı Sona xanımla evlənmişdi. Bu evlilikdən onun dörd oğlu və iki qız övladı olmuşdur. Əlişah Turhidə evin böyük övladı idi. Əlişah Lənkaran şəhər 5 saylı məktəbdə oxuyarkən, İran təəbəsi olduğuna görə 1937 – ci ildə ailəsi ilə birlikdə İrana qayıdır. Bir müddət Astarada yaşadıqdan sonra mühacir olduqlarına görə sərhəddən 70 km. uzaq olan Həşbər şəhərinə köçürülürlər.
1940 – cı ildən etibarən 16 yaşında ikən Cənubi Azərbaycanda milli azadlıq hərəkatına qoşulur və fəallığına görə hərəkatda hamı tərəfindən sevilir.
1945 – ci ildə Azərbaycan Demokrat Firqəsinin üzvü olur. Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökumətinin qəhrəman fədaisinə çevrilir. Əlişah şahlıq üsul – idarəsinə qarşı mübarizə meydanında öz layiqli yerini tutmuşdur. Onun Azərbaycan Demokrat Firqəsinin qorunmasında, Cənubi Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasında əvəzsiz rolu olmuşdur.
Azərbaycan Milli Hökuməti tərəfindən verilən çətin əməliyyatları qorxmadan yerinə yetirirdi. Növbəti tapşırığı yerinə yetirərkən şah jandarmaları tərəfindən ələ keçirilir və Tehran yaxınlığında yerləşən “Qəsri – Qacar” zindanına salınır.Zindanda olarkən də Əlişah Turhidə öz əqidəsindən dönmür və həbsdən azad edilir.
1945 – 1946 – cı illərdə (21 Azər hərəkatında) öz siyasi fəaliyyətini davam etdirir və Azərbaycan Demokrat Firqəsi Həşbər bölməsinin şədri olur.
O, eyni zamanda yeni yaranmış Azərbaycan Milli Hökumətində milli ordunun yaranmasında böyük xidmıtlər göstərir. Göstərdiyi xidmətlərə görə Milli Məclis tərəfindən Əlişah Turhidəyə mayor rütbəsi verilmişdir.Astara – Həşbər fədai dəstəsinin rəhbəri olmuşdur.
1946 – cı il dekabr ayında şah qoşunları Azərbaycana hücum edən zaman baçqa fədai yoldaşları kimi Əlişah Turhidə də ailəsi ilə birlikdə Şimali Azərbaycana mühacirət etmişdir.
O, keçmiş Azərbaycan Xalq Təsərrüfatı İnstitutununda təhsil almış və ömrünün sonuna kimi Bakıda İçəri şəhərdə mağaza müdiri işləmiş, xeryirxahlığı ilə hamının hörmətini qazanmışdır. Qayğıkeş ailə başçısı olan Əlişah ömür – gün yoldaşı həkim Lətifə xanımla altı övlad tərbiyə etmişdir.
Əlişah Turhidə göstərdiyi şərəfli əməyə görə dövlətimiz tərəfində orden və medallarla təltif
olunmuşdur.
Xalqımızın qəhrəman fədaisi 9 nöyabr 1996 – cı ildə Bakı şəhərində vəfat etmişdir.
Təqdim etdi: Güləddin İsmayılov