آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ – 80

HƏMDULLA MƏHƏMMƏDQULUNEJAD

Haqq – ədalət yolunda savaşmaqdan və ölümdən çəkinməyən mübariz ruhlu fədailərdən biri də Həmdulla Əbülfəz oğlu Məhəmmədqulunejaddır.

Həmdulla Əbilfəz oğlu Məhəmmədqulunejad 1927 – ci ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Nünəkəran kəndində anadan olmuşdur. İlk təhsilini doğma Nünəkəran kəndində mədrəsədə almışdır. O, şah üsul – idarəsinin zülmündən qurtulmaq üçün gənc yaşlarından haqsızlığa və vətənini azad görmək üçün daim mübarizə aparmışdır.

1945 – ci ildə Azər ayının 21 – də Azərbaycan Milli Hökuməti qurulur. 18 yaşlı gənc Həmdulla digər azadixah gənclər kimi Azərbaycan Demokrat Firqəsinin sıralarına daxil olur. Ərdəbil fədai dəstələrinə qoşularaq inqilabi hərəkatın fəal üzvlərindən biri olur.

Üzvü olduğu firqənin sıralarında həmişə fəallıq göstərmişdir. Verilən tapşırıqları qoxmaz bir fədai kimi yerinə yetirmişdir.

Təəssüflər olsun ki, Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaranmış Azərbaycan Milli Hökuməti 1946 – cı ilin sonlarında şah ordusu və mürtəce xarici qüvvələr tərəfindən süquta yetirilir.

Gənc fədai Həmdulla Məhəmmədqulunejad 1946 – cı ilin dekabrın sonlarında şaxtalı, soyuq qış gecəsi sərhəd boyu yerləşən məntəqələrdən və sərhəd qapılarından keçərək, digər məsləkdaşları kimi Sovet Azərbaycanına mühacirət edir. Həmdulla böyük qardaşı Səyədulla və həmyerliləri ilə keçmiş Qasım İsmayılov, indiki Goranboy rayonunun Qazanbulaq adlanan məntəqəsinə müvəqqəti yerləşdirilir.Çətin yaşayışdan sonra Ərdəbil və Astaradan olan mühacirlər ilə birlikdə Həmdulla da Quba – Xaçmaz bölgəsinə göndərilir. O, qardaşı Səyədulla və həmkəndliləri, yaxın qohumları ilə Quba rayonunun 12 saylı meyvəçilik sovxozunda məskunlaşırlar.

Bütün bu əziyyətli və məşəqqətli yaşayışa baxmayaraq Qubada yaşadığı illərdə o, öz siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycan Demoktat Firqəsinin və eləcə də İranlı Mühacirlər Cəmiyyətinin fəal üzvü olmuşdur.

Yaşadığı 12 saylı sovxozda bağçılıq təsərrüfatında əmək fəaliyyətinə başlamış və 1953 – cü ildə Quba Kənd Təsərrüfatı texnikumuna daxil olmuş və 1957 – ci ildə texnikumu bitirdikdən sonra aqronomluq ixtisasına yiyələnmişdir.Texnikumu bitirdikdən sonra bağçılıq – meyvəçilik sahəsində uzun müddət çalışmışdır.

Həmdulla təhsilini davam etdirmək üçün 1960 – cı ildə Bakı Ali Partiya məktəbinə daxil olur və 1964 – cü ildə partiya məktəbini müvəffəqiyyətlə bitirir. Ömrünün sonlarına qədər yaşadığı Quba rayonunda müxtəlif vəzifələrdə çalışmışdır.

Xeyirxah və mübariz insan, görkəmli fədai Həmdulla Əbilfəz oğlu Məhəmmədqulunejad 9 noyabr 1979 – cu ildə qəflətən (ürək tutmasından) vəfat etmiş, yaşadığı Quba rayonun 12 saylı sovxozunda (indiki H.B.Zərdabi adına qəsəbədə) dəfn edilmişdir.شش

Təqdim etdi: Güləddin İsmayılov

Facebook
Telegram
Twitter
Email