آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ – 80/ SADIQ PADEQAN

Azərbaycan Demokrat Firqəsinin görkəmli nümayəndələrindən biri də Sadıq Padeqandır. Sadıq Padeqan 1895 – ci ildə Təbrizdə anadan olmuşdur.Gənclik illərində – 1920 – ci ildə Şeyx Məhəmməd Xiyabani hərəkatına qoşulmuş, hərəkat dağıldıqdan sonra SSRİ – yə köçüb və Moskvada ali iqtisadi təhsil almışdır.1938 – ci ilə qədər Naxçıvanda işləyir. Bir müddətdən sonra Təbrizə qayıdır.

1941 – ci ildə yaradılmış İran Xalq Partiyasına daxil olmuş,1945 – ci ilə qədər İran Xalq Partiyasının Təbriz əyalət təşkilatının rəhbəri təyin edilmişdir.

1941 – ci ilin oktyabr ayında Təbrizdə Azərbaycan Cəmiyyəti yaradıldı. Cəmiyyəti quranlar Hacı Əli Şəbüstəri, Əli Məşınçı, İsmayıl Şəms, Hilal Nasiri və digərləri idilər.

1945 – ci ilin sentyabrın 6 – da Tudə Partiyasının Azərbaycan təşkilatının əyalət plenumunda qərara alınır ki, partiyanın Azərbaycan təşkilatının üzvləri Azərbaycan Demokrat Firqəsinə keçsinlər. Bunu təmin etmək üçün Sadıq Padeqan, Zeynalabdin Qiyami, Məmməd Hüseyn Burhani, Yədulla Kələntəti, Əbülhəsən Vaqifdən ibarət komissiya yaradılır.

1945 – ci ildə sentyabrın 14 – dəTəbrizdə baş tutmuş görüşdə Azərbaycan Demokrat Partiyasının qurulması ilə bağlı Sadıq Padeqan da üzv olduğu 14 nəfərlik Təşkilat Komitəsi yaradılır.

1945 – ci ilin oktyabrın 2 – də Azərbaycan Demokrat Partiyasının birinci təsis qurultayı keçirildi. Bu qurultayda keçmiş tudə üzvləri də partiyaya qoşuldular.Burada Azərbaycan Demokrat Firqəsinin nizamnaməsi qəbul olundu, 3 sentyabr müraciətnaməsinin müddəaları bir daha təsdiqləndi. Qurultay tərəfindən Seyid Cəfər Pişəvəri Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin sədri, Hacı Əli Şəbüstəri və Sadıq Padeqan isə onun müavinləri seçildilər. ADF MK – nın İcraiyyə Heyətinin üzvülüyünə Seyid Cəfər Pişəvəri, Hacı Əli Şəbüstəri, Sadıq Padeqan, Məhəmməd Biriya və Salamulla Cavid seçildilər.

1945 – ci ilin noyabrın 20 – də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı.Noyabrın 21 – də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, milli heyət yaradıldı. Sadıq Padeqan da Milli heyətə seçilən 39 nəfərdən biri idi.

Sadıq Padeqan da 1946 – cı il aprelin 28 – də Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Tehrana danışıqlar üçün gedən nümayəndə heyətinin üzvü olmuşdur.

5 Dekabr 1946-cı ildə, şahın qüvvələri Miyana istiqamətində hücuma keçərkən fədailər tərəfindən dayandırıldı. Bundan sonra, Pişəvərinin rəhbərliyi altında Müdafiə Komitəsi yaradıldı və Sadiq Padiqan da onun üzvlərindən biri idi. Bu komitənin ilk addımı Təbrizdə hərbi vəziyyət elan etmək və könüllü dəstələr yaratmaq oldu. Bununla belə, 12 Dekabr 1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdi.

Sadıq Padeqan da digər fədai yoldaşları kimi

1946 – cı il dekabrın 11 – də Sovet Azərbaycanı ərazisinə keçdi.

1947 – ci ildə Seyid Cəfər Pişəvəri avtomobil qəzasında dünyasını dəyişdikdən sonra Sadıq Padeqan Azərbaycan Demokrat Firqəsinin sədri olmuşdur. 1954 – cü ilin sentyabr ayında bu vəzifəni tərk etmişdir…

Sadıq Padeqan ömrünün sonuna qədər Azərbaycan Firqəsinə xidmət etmiş və 1981 – ci ilin noyabr ayında Bakıda vəfat etmişdir.

Təqdim etdi: Güləddin İsmayılov

Facebook
Telegram
Twitter
Email