Yazan: Andrey Volçek
Aylardır ki, mən bu fikrimi Hong Kong cavanları ilə bölüşmək istəyirdim. Bu məsələni gündəmə gətirmək vaxtıdır. Çünki qərb Çin ilə ideoloji müharibəyə başlamışdır, bunun nəticəsində Hong Kong və bütün dünya çətinliklərlə üzləşəcək. Demək istəyirəm ki, bu işlər qərbin köhnə oyunlarıdır. Belə ki, qərb bu üsulla çox dövlətlərin sabitliyini pozub, milyonlarla cavanların düşüncəsini dəyişib. Mən bu oyunları yaxşı bilirəm çünki özüm keçmişdə bu qurbanlardan biri olmuşam. Əgər mənə bir vasitə rast gəlməsəydi, Hong Kongda nə baş verdiyini başa düşə bilməzdim.
Mən Sovet hökumətinin gözəl şəhəri Leninqradda anadan olmuşam. İndiki adı Sankt-Peterburgdur. Anam yarı rus yarı çinli idi və arxitektor olaraq çalışırdı. Atam nüvə sahəsində çalışan bir alim idi. Mənim uşaqlığım Leninqrad və Çexoslovakiyanın Pilsen şəhərində keçmişdir. Bu şəhər qərbdə pivəsi ilə məşhur idi. Bu iki şəhər biri birindən fərqli olsa belə, hər ikisi “kommunist” şəhəri idi. Qərb təbliğat sistemi sizləri o ölkələrə nifrət etməyə öyrətmişdi.
Leninqrad dünyanın qeyri-adi bir şəhəridir. Dünyanın ən böyük muzeyləri, opera-baletləri orada yerləşir. Keçmişdə Rusiyanın paytaxtı olmuşdur. Amma Pilsen 180.000 əhalisi ilə kiçik şəhərdir. O zamanlar orada çoxlu kitabxanalar, kinoteatrlar, zooparklar var idi. Daha sonralar gördüm ki, bu saydıqlarım Amerikanın bir milyonluq şəhərində heç yox idi. Hər iki şəhərdə nəqliyyat, meşələr, parklar, təmiz kafelər, tennis, badminton, futbol stadionları mövcud idi. Yaşayışımız rahat idi. Biz maddi cəhətdən varlı deyildik, lakin təhsil, sağlamlıq, maariflənmə nöqteyi-nəzərdən zəngin idik. Çünki, təhsil, elm pulsuz idi. Şəhərin hər küncündə mədəni-maarif ocaqları, idman klubları var idi. Yaşayış rahat keçirdi. Düşünmək, öyrənmək, təhlil və ayırd etmək hamının ixtiyarında idi. Lakin soyuq müharibənin də yüksəldiyi bir vaxtda yaşayırdıq. Biz cavan idik, quruluş əleyhinə etiraz edirdik, aldanmışdıq, onların təsiri altına düşmüşdük. Bizdə olan imkanlardan razı deyildik. Gecələr “Amerikanın səsi”, “Azad Avropa”,”BBC” kimi radiostansiyalara qulaq asırdıq. Bu verilişlərdə sosialist ölkələrin əleyhinə təbliğat aparırdılar. Çexoslovakiya Asiya, Orta Şərq, Afrika bir çox sahələrdə ticarət edirdi, amma biz bunun qədrini bilmirdik. Kinoteatrlarda İtaliya, Fransa, Yaponiya, Sovet filmləri nümayiş etdirilirdi, amma biz Amerikanın ədəbsiz filmlərinə baxmağı üstün tuturduq. Musiqi: konsertlər, lent yazıları bizim ixtiyarımızda idi, amma biz Amerikanın səsli musiqilərini axtarırdıq. İndi olduğu kimi o zamanlar da cavanların beyinlərini doldurmağı yaxşı bilirdilər. Demək olar ki, bədbin cavanlara dönmüşdük, ölkəmizdə hər şeyi tənqid edirdik. Heç bilmirdik ki başqa ölkələrdə nə baş verir, və yaxud da etdiyimiz tənqidlərin əsaslı dəlilləri var idi mi. Bizə deyirdilər ki, “Bizdə hər şey pisdir”, biz də onu təkrar edirdik. Qərbdə isə hər şey yaxşıdır. Düşüncələrimiz pozulmuşdu, xəstələnmişdik. Biz sosialist sistemin yaratdığı şəraitdən – teatr, kino, muzeylər, və s.- istifadə etdiyimizə baxmayaraq, qərbə pərəstiş edirdik. Beləliklə, qərbdən ölkəmizə gizli daxil olan kitablar, jurnallar, radio və televiziya proqramları bizim beynimizi yanlış məlumatlarla doldururdu. O günlərdə xarici mallar satılan mağazalarda üzərində ədəbsiz şəkillər olan rəngbərəng bazar torbaları cavan qız və oğlanların əllərində idi. On illər keçdikdən sonra hələdə inana bilmirəm ki, savadlı qız və oğlanlar bu ucuz torbaları baha qiymətə alıb əllərində gəzdirirdilər.
Bizə deyirdilər ki, “Azad olmalısınız!” – Qərb azadlığı. Bunun üçün döyüşməli idik. Əslində bir çox nöqteyi-nəzərdən biz qərbdən daha azad yaşayırdıq. Mən bunu ilk dəfə Nyu Yorka getdikdən sonra başa düşdüm. O zaman anladım ki, mənim yaşıdlarım nə qədər geridirlər. Amerikanın böyük şəhərlərində mədəniyyət çox aşağı idi. Biz cins şalvar axtarırdıq, qərb musiqilərini öyrənmək istəyirdik, mühüm dəyişiklik istəyirdik, “oyun” çıxarırdıq. Dadlı, təmiz qidalarımız olduğu halda, xarici görünüş cəhətdən gözəl lakin kimyəvi qarışığı olan qidaları yemək istəyirdik. Biz ailəmizin əleyhinə idik, daim hirsli və acıqlı idik. Cavan olmağımıza baxmayaraq, özümüzü yaşlı hiss edirdik. Bütün bu fikirlərimi birinci şeir kitabımda çap elədim, sonra ardımca qapını bağlayıb Nyu York şəhərinə getdim. Çox sonralar başa düşdüm ki, axmaq idim. Bu mənim həyatımın dönüş nöqtəsi idi. Bütün bunlara baxmayaraq, çox sevinirəm ki, Çinin və Hong Kongun cavanları ilə bu barədə söhbət edə bilmişəm. Sahib olduğum hər iki gözəl ölkəmə xəyanət elədim. Cins şalvarlara və rəngli torbalara görə həyatım heç oldu. Qərb sevinirdi. Sosialist sistemini dağıtdıqdan bir neçə ay sonra o ölkələri qarət etdilər, insanlar evlərini, işlərini itirdilər. Beynəlmiləlçiliyi ələ saldılar. Böyük sosialist şirkətlərini özəlləşdirdilər, sahib çıxdılar, bəzilərini isə dağıtdılar. Kinoteatr zalları ikinci əl malların satıldığı mağazalara döndərildi. Rusiyada uzunömürlülük azaldı. Çexoslovakiya iki yerə bölündü…
İndi bir neçə onillikdən sonra Rusiya sosialist sistemin bəzi xüsusiyyətlərini saxlaya bilmişdir, amma mənim ürəyim hələ də keçmişdəki bu iki dövlət üçün darıxır. Aparılan sorğu suallar göstərir ki, xalqın çox hissəsi keçmiş sosialist sistemini istəyir. Mən də özümü günahkar hiss edirəm: niyə imkan verdim ki, məndən sui-istifadə etsinlər, mənə xəyanət etsinlər.
Sonralar dünyanın çox yerlərini gəzib gördüm. Başa düşdüm ki, qərb Çexoslovakiya və Rusiyanın başına gətirdiyini başqa ölkələrin də başına gətirə bilər. İndi qərb Hong Kongdan istifadə edərək Çinin də başına bu bəlanı gətirmək istəyir. Hər dəfə Çinə və Hong Konga gedəndə xahiş edirəm ki, bizim dəhşətli nümunəmizdən ibrət götürün. Öz millətinizi müdafiə edin, onu satmayın, rəngli plastik torbalara dəyişməyin. Elə iş tutmayın ki, ömrünüzün axırına kimi peşman olmayasınız.