Vətənin istiqlalı, xalqın azadlığı və səadəti uğrunda şəhid olan fədailərdən biri də Mirzəkişi Mücərrədi Ağakişi oğludur.Mirzəkişi Mücərrədi 1269 – cu ildə (1890) Biləsuvar mahalında əkinçi ailəsində anadan olmuşdur.O, uşaq ikən atası ilə birlikdə sənaye və kargər mərkəzi olmuş şəhərlərə getmiş, orada oxumuş və işləmişdir.Mirzəkişi az bir müddət içərisində dərzilik sənətini öyrənmiş və bir neçə vaxt bu sahədə işləmişdir.İstər dərzilik, istərsə başqa sahələrdə işlədiyi zaman Mirzəkişi kargər (fəhlə) mühitində olmuş, bu mühit onun ictimai hadisələrdə münasibətdə gözünü açmış, həyat həqiqətlərini başa düşməkdə ona kömək etmişdir.O, həmin bu mühitdə yetişib bərkimiş, istismara, zülm və haqsızlığa qarşı mübarizə məktəbi keçmişdir.
Mirzəkişi 1311 – ci ildə (1932) yenidən Biləsuvara qayıtmış və burada özünə münasib iş tapa bilmədiyi üçün İranın başqa şəhərlərinə getməyə məcbur olmuşdur.O getdiyi yerlərdə kargərlərin və başqa zəhmətkeşlərin, xüsusilə iş axtarmaqdan ötrü kəndlərdən axışıb gəlmiş yoxsulların vəziyyəti ilə tanış olmuş, bütün bu hadisələr onda quruluş əleyhinə narazılıq hisslərini daha da gücləndirmişdir.Mirzəkişi bir çox yerləri gəzib işsiz qaldıqdan sonra yenə də Biləsuvara qayıtmağa məcbur olur.O, Biləsuvarda kiçik bir dərzi dükanı açır və həmin dükanda işlərkən eyni zamanda bir sıra mütərəqqi fikirli adamlarla görüşür, söhbət edir və nəhayət,bu fikir onda güclənir ki, mövcud irtia quruluşundan, onun zülm və təhqirindən qurtarmaq üçün yeganə yol mütəşəkkil mübarizə yoludur.
1320 – ci ildə (1941) Rza xan diktatorluğunun yıxılması ilə əlaqədar olaraq mütərəqqi qüvvələr açıq fəaliyyət meydanı əldə etdikləri bir zamanda Mirzəkişi də öz yoldaşları ilə birlikdə kütlələr arasında açıq surətdə izahat aparmaq işinə başlayır.O, zəhmətkeşlərə olunan zülmün müsibətlərini həyati faktlarla ifşa edir.
1321 – ci ildə ( 1942) Azərbaycanda Hizbe Tudeye İranın təşkilatları yarandığı zaman Mirzəkişi Mücərrədi də hizbin mübarizə sıralarına daxil olur.O, hizbin məramnaməsini , onun məqsədini kəndlilər arasında izah edir və onları hizbin ətrafında birləşib mübarizə aparmağa çalışırdı.Onun və yoldaşlarının fəaliyyəti nəticəsində Biləsuvar kəndlərində hizbin hövzələri yaranır, lakin mürtəce qüvvələrin dəfələrlə təqibinə məruz qalan Mirzəkişi Mücərrədi öz ictimai fəaliyyətini nə dayandırmır, bəlkə onu daha da gücləndirirdi.
1324 – cü ildə(1945) hizbin Azərbaycan təşkilatının Azərbaycan Demokrat Firqəsi ilə birləşdiyi zamanda Biləsuvarda keçirilən konfrans Mirzəkişi Məcərrədini firqənin Biləsuvar komitəsinin sədri seçir.O, firqə komitəsinin qarşısında duran vəzifələrin icra edilməsinə çalışır.O, kəndlərdə və köçəri tayfalar arasında firqəvi iş aparılmasının təşkilində görkəmli xidmətlər edir.
21 Azər nəhzətinə (hərəkatına) hazırlıq işi aparıldığı zaman Mücərrədi də öz növbəsində ciddi fəaliyyət göstərmişdi.O, fədai dəstələrinin təşkil edilməsi, təchiz olunması və Biləsuvarın azad edilməsi uğrunda mübarizələrdə yorulmadan iştirak etmişdir.Azərbaycan Demokrat Firqəsinin məramnaməsinin həyata keçirilməsi yolunda, xalq azadlığı uğrunda rəşadətlə vuruşduğuna görə o, Azərnaycan Milli Hökumətinin təklifi ilə Milli Məclis tərəfindən “21 Azər” medalı ilə təltif olunmuşdur.O, eyni zamanda Biləsuvarda kargərləri işlə təmin edən komitənin sədri vəzifəsində çalışmış və Milli Hökumətin islahat tədbirlərinin təyata keçirilməsində qiymətli xidmətlər göstərmişdir.Onun xidmətləri, xalq işinə sədaqəti nəzərə alınaraq, nəhayət, Azərbaycan Milli Hökuməti tərəfindən Biləsuvarın bəxşdarı vəzifəsinə təyin edilir. O, yeni vəzifədə – bəxşdarlıqda işlədiyi dövrdə də Milli Hökumətin qərar və göstərişlərinin, islahat tədbirlərinin icra edilməsi uğrunda yorulmadan fəaliyyət göstərmiş və xalq işi uğrunda özünün təşkilatçılıq bacarığını əsirgəməmişdir.
Amerika imperialistlərinin təchiz və təhrik etdiyi şahənşah ordusu Azərbaycana xaincəsinə basqın etdiyi zaman Mirzəkişi Mücərrədi bir neçə yoldaşı ilə birlikdə Biləsuvardan çıxır. Lakin dövlət tərəfindən silahlandırılmış Əliş bəy və onun dəstəsi onları mühasirə edir.Bir qədər müqavimətdən sonra, Əliş bəyin atlılarına yeni jandarm dəstələri əlavə olur, nəhayət,Mirzəkişi bir neçə nəfərlə birlikdə tutulur.Jandarm rəisinin əmrilə cəllad Böyük bəy tərəfindən güllələnirlər.
Mirzəkişi Mücərrədi ölüm qarşlsında da fədailik vüqarını sındırmır.O, başını uca tutaraq deyir:” Yaşasın İran zəhmətkeşləri və şanlı inqilabımız! Məhv olsun şah və onun mürtəce quruluşu!” Özünün şüurlu həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş şəhid Mirzəkişi Mücərrədinin cəsədinin dəfn edilməsinə qaraguruhçu qüvvələr mane olmağa çalışırlar.Lakin bir neçə gündın sonra dostları onun cənazəsini tapıb dəfn etməyə müvəffəq olurlar.
21 Azər nəhzətinin fəal iştirakçılarından biri, alovlu vətənpərəst Mirzəkişi Mücərrədi öz bilik və bacarığını, təşkilatçılıq və təbliğatçılıq qabiliyyətini xalq işi uğrunda, firqənin məram və məqsədlərinin icra edilməsi yolunda mübarizəyə həsr etmişdir.Onun xidmətləri və xatirəsi unudulmazdır.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü