İrtica və imperializmə qarşı mübarizələrdə şəhid olmuş qəhrəman fədailərdən biri də Hüseyn Cəlayidir.
Cəlayi Hüseyn İbrahim oğlu 1282 – ci ildə (miladi 1903 – cü il) Ərdəbil şəhərində sənətkar ailəsində (başmaqçı) anadan olmuşdur.Hüseyn də bir çoxları kimi uşaqlıq dövrünü ağır məhrumiyyətlər içərisində keçirmiş olsa da, müəyyən müddət məktəbdə təhsil almağa imkan tapır.Ancaq illər ötdükcə yaşayış və məktəb xərclərinin artması ilə o, təhsilini tərk etməyə məcbur olur.Bir qədər sonra o, Meşkinşəhrdə kiçik bazar dükanı açır və bu yol ilə ailənin güzaranına yardım etməyə başlayır.Hüseyn Cəlayi bu dövrdə kənlilərə məktub və ərizələr yazmaqla məşğul olduğu üçün kəndlilərin iqtisadi həyatının son dərəcə ağır olduğunu yaxından başa düşür, onların yaxın dostu və məsləhətçisi kimi tanınır.Feodalların, dövlət məmurlarının özbaşlnalıqları və qarətlərinə qarşı narazı olan kəndlilərin onun dükanına gəl – get etmələri dövlət məqamlarının diqqətini cəlb edir və nəhayət, 1308 – ci ildə ( miladi 1929 – ci ildə) Hüseyn, Meşkinşəhrin fərmandehi sərhəng Xədivi tərəfindən təqib olunaraq həbsə düşür və külli miqdarda maddi zərərə düçar olur.Hüseyn bir müddət həbsdə saxlandıqdan sonra Biləsuvar qəsəbəsinə sürgün edilir.O, sürgündə olarkən haqqında verilmiş haqsız hökmlə əlaqədar dövlət orqanlarına şikayət məktubları göndərirdisə də heç bir cavab ala bilmir. Biləsuvarda olduğu müddətdə kənd zəhmətkeşlərinin ağır həyat şəraitinin şahidi olan Cəlayi Meşkinşəhrdə olduğu kimi burada da kəndlilərin zülm və ədalətsizliklərə qarşı məsləhətçisi olur.Nəhayət, Rza xan istibdadının qara qanunlarının hökmü ilə Hüseyn Cəlayi tutulub Təbrizə göndərilir.O, 8 ay Təbriz həbsxanasında həbsdə qaldıqdan sonra hərbi məhkəməyə verilir.Lakin verilən ittiham barədə heç bir tutarlı sənəd olmadığına görə Cəlayini azad edirlər.
Rza xan ölkədən qovulduqdan sonra xalqımızın minlərlə qabaqcıl oğulları kimi Hüseyn Cəlayi də Hizbe Tudə İranın sıralarına daxil olur, qısa bir müddət içərisində Meşkinşəhr komitəsinin üzvülüyünə seçilir və təşkilat məsulu vəzifəsinə irəli çəkilir.
Azərbaycan Demokrat Firqəsinin təşkili ilə Cəlayi də öz gücünü firqə sıralarında birləşdirir və nəhayət, xalqımızın 21 Azər hərəkatının (12 dekab) fəal iştirakçılarından olur. O, Meşkinşəhrin quldur jandarmalardan və dövlət qoşunlarından azad edilməsində bir fədai kimi iştirak edir.Azərbaycanda Milli Hökumət yaranandan sonra Hüseyn Cəlayi özünün firqəyə sədaqətinə,təşkilat bacarığına və xidmətlərinə görə mahal əncüməninin üzvülüyünə seçilir və eyni zamanda Meşkinşəhr firqə təşkilatında sədr müavini sifətilə fəaliyyət göstərir.
1325 – ci ildə (1946) İran ordusu öz imperialist ağalarının himayəti altında vətənimizə xaincəsinə soxularkən xalqımızın on minlərlə fədakar oğullarına divan tutulduğu kimi Hüseyn Cəlayi də düşmən əlinə düşüb şəhid olur.Polis və jandarm qüvvələri tərəfindən silahlanmış dəstələrdən olan Rəsul Səmimi adlı bir cəllad onu öldürdükdən sonra evini də qarət edir.Dövlət orqanlarının himayəsindən istifadə edən Rəsul bundan sonra da dişi qana batmış canavar kimi bir neçə adam da öldürür və bir çox evlərin qarət edilməsində, daha sonralar oğurluq və cinayətlərdə iştirak edir.Nəhayət, Rəsulun adam öldürmə , cinayətləri o dərəcəyə çatır ki, bir çoxlarının etiraz və şikayətləri nəticəsində dövlət orqanları onu tutub həbsə salmalı olur.Hələ, 21 il cinayətkarlıqdan sonra həbsə salınmış bu adamın mühakiməsi özü də Azərbaycan xalqına qarşı hakimlər heyyətinin cinayətlərini ifşa edən bir vasitədir.Tehranın cinayət məhkəməsinin verdiyi rəyi belədir:
” Öldürülmüş adam (Hüseyn Cəlayi nəzərdə tutulur) Meşkinşəhr firqə təşkilatının sədri (H.Cəlayi sədr müavuni olmuşdur) olduğu üçün bu barədə qatilə güzəştə getmək olar, lakin başqslarından oğurladığı və qarət etdiyi şeyləri o, geri qaytarmalı və törətdiyi cinayətlərdə cavabdeh olmalıdır.”
Məhkəmənin qərarı bununla qurtarmır, onlar Hüseyn Cəlayini öldürdüyü üçün Rəsula cəza vermirlər, hətta bu iş onun başqa cinayətlərinin də cəzasının yüngülləşməsinə kömək edir.Belə ki, bir neçə qətlə, oğurluq və başqa cinayətləri də olmuş Rəsula məhkəmə 8 il həbs cəzası verir.
Vaxtilə bir demokratı öldürməklə, indi öz günahını yüngülləşdirən qatil bu gün azad olsa da, on minlərlə vətənpərəstin faciəli ölümünə fərman verən rejim başçıları, qatilləri və cinayətkarları müdafiə edənlər Azərbaycan xalqının nifrət və qəzəbindın yaxa qurtara bilməyəcəklər.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü