(1921 – 1946)
21 Azər hərəkatı özünün ən yüksək mərhələsinə yaxınlaşdığı günlərdə Sərab fədai dəstələri sıralarında uca boylu, çevik bir cavan öz cəsarəti ilə silahdaşlarının diqqətini cəlb edirdi.Bu cavan Seyid Həsən Seyid Əsgər oğlu idi.O, 1300 – cü şəmsi ilində (1921) Sərab mahalının Espostan kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.Seyid Həsən Sərabda ibtidai təhsil aldıqdan sonra maddi həyat şəraitinin ağırlığı üzündən öz təhsilini davam etdirə bilməyib iş tapmaqdan ötrü Tehrana müsafirət etmiş, bir müddət orada yaşayıb işləməli olmuşdur.
Rza xan diktatorluğunun süqutundan sonra azadlıq yolunun yüksəlişi və Hizbe Tudə İranın təşkili ilə əlaqədar olaraq, illər boyu müstəbid hökumətin təzyiqinə, jandarm dəstələrinin özbaşınalığına məruz qalmış minlərlə cavanlar kimi Seyid Həsən də siyasi mübarizə cəbhəsinə qədəm qoyur.O, 1321 – ci ildə (1942) Tehranda Hizbe Tudə İrana üz olmaqla onun mübarizələrinə qoşulmuş, nəhayət, 1324 – cü ildə (1945) Azərbaycana – öz doğma şəhəri Səraba qayıtmışdır.Seyid Həsən Azərbaycan Demokrat Firqəsinin üzvülüyünə keçərək onun sədaqətli sərbazı kimi yeni təşkil tapmış firqənin məram və məqsədlərinin Sərab kəndlərində təbliğatçısı olmuşdur.
21 Azər nəhzəti günlərində Sərab mahalının quldur jandarm dəstələrindən təmizləmək işində Seyid Həsən fədai dəstələrinin ön cərgəsində görünürdü.Cavan fədainin azadlıq və istiqlal uğrunda irtica qüvvələrə qarşı mübarizəsi bununla məhdud olub qalmamışdı.O, Qaradağı xalq düşmənlərindən azad etməkdə də böyük fədakarlıq göstərmişdir.Seyid Həsən Zəncan mahalında quldur Zülfiqari dəstələri ilə vuruşlarda yaxından iştirak edərək öz cəsarətilə fədai fərmandehliyinin diqqətini cəlb etmiş və nəhayət, Milli Hökumət tərəfindən dəfələrlə təqdir olunmuşdur. Azərbaycan Demokrat Firqəsi və Milli Məclis cəsarətli fədai Seyid Həsənin xidmətlərini nəzərə alaraq, onu “21 Azər” medalı ilə təltif etmiş, sonralar Xalq Qoşunları vəzirliyi tərəfindən leytenantlıq dərəcəsi verilmişdir.
Bütün istedadını, bacarıq və səyini Milli Hökumətin möhkəmlənməsinə sərf edən cəsur fədai ona tapşırılan bütün əmrləri və göstərişləri tam ləyaqətlə yerinə yetirmək uğrunda gecə – gündüz yorulmadan fədakarlıq edirdi.Bütün cavanların azad inkişafına yol açan 21 Azər nəhzəti Seyid Həsənin də öz istedad və ləyaqətini göstərə bilməsi üçün geniş meydan yaratmışdı.Xalqın azadlığı xain şah orduları tərəfindən vəhşicəsinə yatırıldığı zaman Seyid Həsənin də arzuları puça çıxdı.O, öz vətəni, öz xalqının azadlığı uğrunda vuruşduğu üçün minlərlə fədailər kimi cəlladlar tərəfindən edam edildi.Seyid Həsən şəhid olsada, ancaq, həyatının son dəqiqələrinə kimi düşmən qarşısında əyilmədi, yüksək fədailik adını daha da yüksəklərə qaldırdı.Cəsarətli fədai Seyid Həsən bu gün cismani cəhətdən sıralarda yoxdursa da onun məhəbbəti, onun əziz xatirəsi ürəklərdə yaşayacaqdır.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzv