Şah, mən unutmaram sən də unutma,
Sabunlu kəndiri, dar ağacını!
Mən də ki unutsam tarix unutmaz,
Sinəsi dağlanan ana – bacını.
Cənubi Azərbaycanın görkəmli aşıqlarından olan Aşıq Hüseyn Cavan 1916 – cı ildə Qaradağın Gərməduz mahalının Ut kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur.
Hələ kiçik yaşlarında atasız qalan Hüseyn kənddə varlıların qapısında muzdur qalaraq, anasını və üç bacısını dolandırmalı olur. Hüseynin gözəl səsi, yaxşı hafizəsi, özündən söz qoşmaq qabiliyyəti olmasını görən dostları və tanışları ona aşıqlıq etməyi məsləhət görürlər.Anası ərinin vəfatından sonra övladları ilə Şimali Azərbaycana pənah gətirmişlət. 1927 – ci ildə Hüseyn Azərbaycanın böyük sənətkarı Aşıq Ələsgərin, qardaşı oğlu görkəmli aşıq Musanın yanında uzun müddət şagirdlik etmişdir.
1938 – ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbriz şəhərində yaşamışdır.
Aşıq Hüseyn Cavan 1941 – ci ilə qədər bir sıra qoşmalar və gözəlləmələr yazsa da, bir çox məclislərdə çıxış edib xalq arasında tanınsa da, onun istedadlı bir aşıq kimi meydana çıxması 1941 – ci ildən sonra olmuşdur.Bu zaman ölkədə ilk yaranmış imkanlardan istifadə edən aşıq öz şeirlərini mətbuatda dərc etdirir. Təbrizdə nəşr edilən ” Vətən yolunda”,
“Azərbaycan” və ” Yeni şəfəq” ruznamələrində Aşıq Hüseynin ” Oyan vətəndaşım, oyan!”
” Gül Azərbaycan”, ” Ana vətən” və sairə şeirləri çap olunur.
Ölkədə milli azadlıq hərəkatı başlanan zaman Aşıq Hüseyn Cavan bu hərəkatın ön sıralarında gedənlərdən biri olur.Qeyd etmək lazımdır ki, Aşıq Hüseyn yaşadığı dövr mənsub olduğu xalqın mübarizəsi onun şeirlərinə böyük təsir etmişdir.Beləliklə, Aşıq Hüseyn Cavanın şeirlərindəki siyasi kəskinlik onun şeirlərini özünə usta sandığı Aşıq Ələsgər, Aşıq Musa və başqalarının əsərlərindən tamamilə ayırır.Aşıq Hüseyn Cavan dövrünün tənqidçiləri olan aşıqlardan fərqli olaraq düşmənlə üz – üzə, süngi – süngiyə, səngər – səngərə vuruşan bir xalq sənətkarı olmuşdur.Başqa sözlə desək Aşıq Hüseynin siyasi lirikası mübarizəni əks etdirən bir lirika olmuşdur.
1945 – ci ildə Azərbaycan Demokrat Firqəsi yaranan zaman Aşıq Hüseyn bu təşkilata ilk üzv olanlardan və öz alovlu şeirlərilə onun yaradılmasını alqışlayanlardan biri oldu.
1945 – ci ilin qış ayları yaxınlaşır, əsl sınaq günləri gəlirdi.Ələ silah götürmüş vətən oğulları kəndləri, qəsəbələri və şəhərləri bir – bir irtica qüvvələrindən azad edirdilər.Artıq fədai dəstələri sel kimi axışaraq, Təbriz şəhərini mühasirəyə almışdı.Bu günlər Aşıq Hüseyn sədəfli sazını çiyninə salaraq, fədai dəstələrinin içərisinə gedir və fədailərin igidliklərindən və qəhrəmanlıqlarından yazdığı yeni şeirlərini onlara oxuyurdu.Aşıq o zaman qoşduğu şeirlərinin birində deyirdi:
Bir səraq gətirdi könül tərlanı,
Sel kimi hər yanı aldı fədai.
Vuruş meydanında silah əlində,
Şir kimi meydana gəldi fədai!
Fədai hərəkatındakı xidmətlərini nəzərə alaraq, Azətbaycan Milli Məclisi Aşıq Hüseyn Cavanı da xalqımızın bir sıra igid oğul və qızları kimi “21 Azər” medalı ilə təltif etdi.
Azərbaycanda Milli Hökumət yaranandan sonra Aşıq Hüseyn Cavan şəhərlərdə və kəndlərdə olan bir sıra aşıqları başına toplayaraq Dövlət Filarmoniyasında aşıqlar ansamblı yaratdı.O, radioda və mətbuatda öz gözəl şeirləri ilə çıxış etməkdən əlavə Təbriz Dövlət teatrında müdir müavini vəzifəsində çalışmışdı.
Azərbaycan Milli Məclisi Aşıq Hüseyn Cavanın xalqımızın incəsənətinin inkişafındakı xidmətlərini qiymətləndirərək ona “Azərbaycan Xalq artisti” kimi şərəfli ad verdi.
1945 – ci ilin dekabr ayına qədər olan müddətdə Aşıq Hüseyn Cavan vətənin xoşbəxt günlərinə, Milli Hökumətin islahatına, Xalq Qoşunlarına, ana dilində oxuyan məktəblilərə onlarla gözəl şeirlər yazmışdır.Bu şeirlərdən “Dillər açılır”,
“Bizim vətən keşikçisi”,” Ana torpağım”, ” Bayram günləri” və sairə əsərlərini qeyd etmək olar.
Aşıq Hüseyn Cavan Sovet Azərbaycanına gələndən sonra da alovlar içində yana – yana qoyub gəldiyi doğma yurdunu və onun mübariz oğullarını bir an belə unutmadı.
Sovet Azərbaycanında aşığın yaradıcılığı sahəsi daha da genişləndi.O, burada Azərbaycan Sovet şairlərinin yaradıcılığından çox şeylər öyrəndi. Bu dövrdə aşığın öz doğma vətəninə və xalqın azadlıq uğrunda apardığı mübarizəsinə həsr etdiyi şeirlərlə yanaşı, onun sovet ölkəsinə və bu azad diyarda xoşbəxt həyat sürən sovet adamlarına sülh hərəkatına həsr etdiyi onlarla gözəl şeirlərini görürük.
Aşıq Hüseyn Cavan əsasən qoşma formasında, sadə dildə şeirlər yazmışdır.Xalq yaradıcılığı aşığın şeirlərinin ilham mənbəyi olmuşdur.O, elə, xalqa bağlı olduğu kimi, Azərbaycan xalqı da onu sevir və onun əsərlərini məhəbbətlə oxuyur.Şairlərimiz Aşıq Hüseynə şeirlər ithaf edir, bəstəkarlar onun şeirlərinə nəğmələr qoşurlar.
Azərbaycan Demokrat Firqəsinin sıralarında böyüyüb və onun qayğısı ilə bu yerə çatmış Aşıq Hüseyn həmişə öz doğma firqəsinə , dövlətinə olan minnətdarlığını öz gözəl şeirlərində bir oğul məhəbbətilə qeyd etmişdir.
Bu tayda da onun əsərləri ruznamələrdə, məcəllələrdə və bir sıra əsərləri kitab halında çap olunur. Aşıq Hüseyn ” Şərəf nişanı” ordeni,Azərbaycanın Əməkdar mədəniyyət işçisi, AYB – nin üzvü, Xalq yaradıcılığı Evi tərəfindən fəxri fərman və mükafatlarla təltif edilmişdir.
Aşıq Hüseyn Cavan 1985 – ci il noyabrın 14 – də vəfat etmişdir.
QOŞMA
Söz qiymətlidir
Yaqutdan, almasdan, dürdən, gövhərdən
Anlayan yanında söz qiymətlidir.
Müxənnətin tirməsindən, şalından,
Mərdlərin geydiyi bez qiymətlidir.
Yalançılar dediyindən utansa,
Həqiqi sözlərin mənasın qansa,
Eşq oduna aşiq sərasər yansa,
Məhəbbət əhlinə göz qiymətlidir.
Cavan Hüseyn sevər atı, tüfəngi,
Döyüş meydanında eyləyər cəngi.
Məhəg zəri tanır, gözsə məhəgi,
Sərraflar yanında göz qiymətlidir.
Aşıq Hüseyn Cavan
Təqdim etdi: Güləddin İsmayılov