آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

GENERAL QULAM YƏHYA DANEŞYAN

– Bizi Bakıya istədilər.Mən və S.C Pişəvəri yol uzunu belə fikirləşdik ki, yəqin ki, yenidən fədai hərəkatı ilə bizi Bakıya dəvət edirlər.Əgər belə olmasaydı onda məni yox, Pişəvəri ilə Badiqanı dəvət edərdilər. Çünki təşkilati işlərə o baxırdı.Ona görə də Bakıya təcili dəvət olunmağımız, hamının, o, cümlədən mənim də böyük sevincimə səbəb olmuşdu.

Bizi MK – da qəbul etdilər.Orada bir sıra mövzularda söhbət oldu.M C.Bağırov əlində allergiya əmələ gəldiyindən əlini bintlə sarımışdı.O dedi ki, həkimlərin dediyinə görə, əsəb pozğunluğundan baş verir.O dedi ki, həyatımda ikinci dəfədir ki, əlim belə olur. Birinci dəfə oğlumun Böyük Vətən müharibəsində həlak olması xəbərini eşidəndə belə olmuşdu. Bu dəfə də sizin hadisə ilə əlaqədar əlim belə olmişdur.O, Stalindən alınmış teleqramı bizə oxudu.Teleqramda ümumiyyətlə, bizə səbirli olmaq, işdə ciddi və möhkəm olmağımız tövsiyyə edilirdi.Bir dəfə də 1947 – ci il mart ayının əvvəllərində Pişəvərini və məni MK – ya dəvət etdilər.

Mirzə İbrahimov və Həsən Həsənov da orada idilər.Söhbət bizim yoldaşların necə yerbəyer olmasından başlandı.Mən yoldaşların necə yerbəyer olması haqqında qısa məlumat verdim.Bağırov bizim yoldaşların vəziyyətlərinin qaranlıq qalmış yerləri haqqında bir sıra suallar verdi və mən də cavablarını dedim.Sonra dedi yoldaşlarla vaxtaşırı görüşmək yaxşı olar.Eyni zamanda dedi ki, sənəti olmayan yoldaşlara müəyyən sənətlərin öyrədilməsi pis olmazdı.

Sonra yoldaşlarımızın savadlanma kurslarına cəlb edilməsi haqda göstəriş verdi.Bir qədər də söhbət etdikdən sonra Bağırov Pişəvəridən soruşdu ki, bayrama necə hazırlaşırsınız?

Mənə elə gəldi ki, Pişəvəri belə bir suala cavab verməyə hazır deyildi.Ona görə də cavab verdi ki, bayrama hələ çox qalır.

İlk firqə tədbirləri haqda mən ilk görüşümüzdə yoldaşlara məsləhət gördüm ki, onlar müəyyən sənət öyrənsinlər, savadsızlıqlarını ləğv etmək üçün kurslara getsinlər.Doğrudur, onlar mənim nə demək istədiyimi bilir və bu tədbirlərin həqiqətən onların xeyrinə olmasını artıq hiss edirdilər. Digər tərəfdən mənim belə söhbətlərim onların vətənə getmələrinin yubanmasından xəbər verdiyi üçün o qədər də fərəh doğurmurdu.

Mən hiss edirdim ki, onlar nə isə ancaq vətənə qayıtmağımız ilə əlaqədar olan hadisə və söhbətləri xoşlayırlar.

Mən yoldaşlara aydınlaşdırdım ki, vətənə getmək və istədiyimizə nail olmaq üçün hələlik ən vacib tədbir sənət öyrənib, savadsızlığımızı ləğv etmək, siyasi bilik və dünyagörüşümüzü artırmaqdır.

Fədailərin hələlik yeganə xahişləri bu idi ki, onlarla tez – tez görüşək.1947 – ci ildə məhəllə təşkilatları yaranmağa başladı.Təşkilatlar müəyyən edilmiş plan əsasında fəaliyyət edib, vaxtlı – vaxtında cələsələrini keçirirdilər.Bu cələsələrdə firqənin nizam – intizamı, məramnamə – nizamnaməsi, gündəlik cari işlərlə yanaşı beynəlxalq aləmdə baş verən hadisələrlə birlikdə vətənimizdə gedən hadisələr mətrəf edilirdi.Yerlərdə təşkilat verməyimizin hər cəhətdın əhəmiyyəti çox böyük oldu.

Demək olar ki, bütün müvəffəqiyyətlərimiz öz başlanğıclarını buradan başlamış oldu.Biz təşkilat vasitəsi ilə yoldaşlarımızın bütün işlərinə yetişir, ehtiyaclarını öyrənir və onların rəf edilməsinə iqdam edirdik.Xüsusilə, yoldaşların münasib işlərlə təmin olunması, sənət öyrənib savadlanması və sairə işlərin yerinə yetirilməsi bilavasitə təşkilat vasitəsilə həyata keçirilirdi.Bizim yoxlamalardan aydın oldu ki, Mərəzədə olan bir neçə yoldaşın vəziyyəti yaxşı deyildir.Ona görə də onları oradan Umbakıda olan Azneft sisteminə gətirdik ki,onların da vəziyyəti qısa müddətdə yaxşılaşdı.

Fədailərə baş çəkdikdən sonra mühacirət dövrünün başlanğıcında görülən işlərdən biri də fədailərə təlim keçirilməsi işi idi.Bu işin təşkili və ona rəhbərlik etmək mənə həvalə edildi.Fədailər tədbiri çox həvəs və ruh yüksəkliyi ilə qarşıladılar.Onlar verilən bütün tapşırıqları can – başla yerinə yetirirdilər. Cəsarətlə demək olar ki, fədailər bu işə təmiz vicdan və pak qəlblə başladılar.Biz bu işi əsasən iki yerdə təşkil etmişdik.Bizə verilmiş tapşırıq yerinə yetirilən sonra biz tam hazır olduğumuzu bildirdikdən sonra bir neçə gün gözləməyi məsləhət gördülər.

Vəd edilmiş vaxt başa çatdı.Mən yenə də müraciət etdim, yenə də məsləhət gördülər ki, bir qıdər də səbr edək.Bu haqda Pişəvəriyə məlumat verdim.O da dedi ki, bu dəfə mənimlə Kirovabada ( indiki Gəncəyə) getmək fikrindədir.O da işin tezliklə başlanmasına tələsirdi.

Biz Kirovabada çatdıq.Mən fədailərin işi ilə, onların iş, məişət və başqsa işləri ilə də məşğul oldum.Pişəvəri də şəhərlə tanış olurdu.Biz Kirovabaddan Şəkiyə getməli idik.Pişəvəri nə isə çox tələsirdi.

Axşam belə qərara alındı ki, səhər tezdən Kirovabaddan çıxıb, Şəkiyə gedək.Mən xahiş etdim ki, mən lakan işlərimi də gecə görüb, qurtarım və səhər nə vaxt desələr o zaman da mən də hazır olum.Pişəvəri keçmişdən bir yerdə işlədikləri Nəzər Heydərovun evində qalırdı.Səhər saat 5 – də məni çağırdılar.Mən mehmanxanadan çıxdım.Bizim belə tezdən getməyimizə Nəzər Heydərov bərk etiraz etdi.Pişəvəri cavabında dedi ki, ürəyim zəifdir, Yevlaxın istisinə düşməmək üçün istəyirəm ki, oranı tezdən keçək.

Biz maşına oturarkən dedim ki, mən gecəni yatmamışam.Sonrasından xəbərim olmayıb, sonrakı hadisələrin gedişi bir daha göstərdi ki, məndən sonra sürücü ilə qabaqda əyləşmiş Pişəvərini və arxada mənimlə yanaşı əyləşmiş Nuri Quliyevi də yuxu tutut.Bu zaman yəqin ki, sürücünü də səhərin xoş və sərin havası xumarlandırır.Bu zaman maşın yoldan çıxır, Pişəvəri sürücüyə qışqırır ki, nə edirsən, sürücü yəqin ki, tormoz əvəzinə qazı basır.

Maşını sağdan birdən sola tərəf alır, maşın körpünün divarına dəyir.Zərbədən Pişəvərinin bir neçə qabırğası sınır.Quliyevin ayağı lülədən sınır və hətta bud lüləsi əti deşub, üzə çıxır.Mənim də başım bərk dəyir və özümdən gedib, huşumu itirirəm.

Seyid Cəfər Puşəvərini tanıyanlar bilirdi ki, mən Pişəvərinin şəxsiyyəti, iş bacarığı, məlumatı, adamları tanıması, işə əlaqəsi və sair bu kimi keyfiyyətləri haqqında danışmaq fikrində deyiləm.Onun nə qədər böyük adam olmasını onu tanıyanlar, onunla işləyənlər qat – qat yaxşı bilirlər.

Xüsusilə onun sağlığında və ölümündən sonra baş verən hadisələr onun nə qədər hazırlıqlı adam olmasını, rəhbərə xas olan çoxlu keyfiyyətlərə malik olmasını hadisələr bir daha təsdiq etdi.Mən onun haqqında, daha doğrusu onun insani, rəhbərlik, inqilabçılıq, əqidəsinə vurğunluq və başqa bu kimi ancaq və ancaq müsbət keyfiyyətləri haqqında fikir söyləmək qüdrətinə malik olmağım barədə izhar vücud etməyə özümdə cəsarət hiss etmirəm.Ancaq Engels özünün həyat və əqidə dostu Marksın qəbri üstündə dediyi bir sözü burada bir də yada salmaq istəyirəm:”Onun çox əleyhdarları ola bilərdi, lakin çətin ki, onun bircə nəfər də şəxsi düşməni olsun.”

 Həqiqətən Pişəvəri ancaq azadlıq uğrunda mübarizə üçün yaranmış bir insan idi.Mən deyə bilərəm ki, həyatımda şəxsən tanıdığım adamlar içərisində heç kəs məndə Pişəvəri qədər xoş təəssürat bağışlamamışdı…

(“General Qulam Yəhyanın xatirələri”,Bakı,2006)

Müəllifi Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzv

Facebook
Telegram
Twitter
Email