آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azadlıq yolunun mübarizi Hüseyn Qafari

Qafari Hüseyn 1299 – cu şəmsi ilində (1920) aşağı rütbəli dövlət işçisi ailəsində Məlayir şəhərində anadan olmuşdur.İbtidai məktəbi həmin şəhərdə qurtardıqdan sonra orta təhsil almaq üçün Kirmanşah şəhərinə gəlir.O, burada dəbirestane nizama ( hərbi orta məktəbə) daxil olur və 1319 – cu ildə (1940) həmin məktəbi bitirərək Tehranda daneşkədəyə ( hərbi zabitlik daneşkədəsinə) göndərilir.Onun təhsilinin ikinci ilində Rza xan diktatorluğu süqut edir.Bütün ölkə miqyasında azadlıq hərəkatı güclənir və bu hərəkat ordu hissələrinə, o cümlədən hərbi zabitlik daneşkədəsində öz təsirini göstərir.Burada kor – korana inzibati əsası laxlayır.Azad surətdə düşünmək, azad fikir söyləmək üçün nisbətən imkan əldə edirlər. 1320 – ci ildə yaranmış İran Xalq Partiyasının nüfuzu bu daneşkədədə sürətlə yayılır. Hüseyn Qafari də bu zaman mütərəqqi fikirli zabitlərlə, O cümlədən Xosrov Ruzbeh və Əli Əkbər İskəndani ilə tanış olur.Nəhayət, 1321 – ci ildə (1942) Qafari daneşkədəni başa çatdırıb leytenantlıq dərəcəsilə Tehranda qoşun maliyyəsi idarəsində işləməyə başlayır.

Oğurluq və qarətkarlıq mərkəzi olan qoşun maliyyə idarəsində işləmək ürəyi vətənpərəstlik hissləri ilə çırpınan, vicdanı təmiz gənc Qafariyə olduqca ağır gəlir.Ona görə də.o, öz işini dəyişdirmək fikrinə düşür.Çox keçmədən Qafari bu fikri iştirak etdiyi partiya hövzəsində yoldaşlarının qarşısında qoyur və onların məsləhətini istəyir.Lakin bir çox mübahisələrdən sonra yoldaşları ona cavabı verərək qoşun maliyyə idarəsində işləməyi davam etdirməyi məsləhət görürlər.

Hüseyn Qafari arıq və alçaq boylu cavan, möhkəm iradəli, mətanətli öz ehzazatına asanlıqla qalib gələ bilən mübariz bir zabit idi. Ona görə də bütün çətinliklərə baxmayaraq qoşun maliyyəsində işi çox ləyaqətlə davam etdirə bildi.Oğruların və xainlərin ifşası üçün hizbə çox böyük köməklər etdi.Nəhayət, çox keçmədən Qafari özünün bacarıq, bilik və müsbət cəhətlərilə hizbi və qeyri – hizbi yoldaşları arasında özünə böyük hörmət və etimad qazanaraq, nəticədə 1323 – cü ildə İran Xalq Partiyasının üzvlüyünə qəbul olur.İran qoşununu tərk edən günə qədər Qafari Tehranda maliyyə və sair qoşun hissələrində ciddiyyət və fədakarlıqla zabitlərlə və dərəcədarlar arasında müvəffəqiyyətlə gizli iş aparır.

1324 – cü ilin (1945 – ci il) yayında Qafariyə Tehranda daha açıq işləməyə imkan olmur və bir müddətdən sonra başqa zabitlər kimi o da gizli şəraitə keçməli olur.Bu zaman sərgərd Əli Əkbər İskəndaninin başçılığı ilə bir müddət Xorasan əfsətlərinin dövlət əleyhinə üsyanı olur.Üsyan etmiş əfsərlərə qoşulmaq məqsədilə Qafari də yoldaşları ilə birlikdə partiya tərəfindən Tehrandan Türkmənsəhraya göndərilir.Qəfari də Görqan və Türkmənsəhra jandarm dəstələrinin tərk – silah edilməsi işində görkəmli fədakatlıqlar göstərir.

Xorasan üsyanı irtica və imperialistlərin əli ilə məğlub efildiyi zaman Azərbaycanda azadlıq hərəkatı genişlənir, mütəşəkkilləşir və özünün yüksək dərəcəsinə yaxınlaşırdı.Hüseyn Qafari də bir müddət əfsər yoldaşları ilə birlikdə Azərbaycana gələrək bu hərəkatda iştirak edir və nəhayət, öz canını da İran və Azərbaycan xalqlarının azadlıq və səadəti uğrunda qurban verir.

Qafari Azərbaycana gələn zaman Azərbaycan Qızılbaş Xalq Qoşunlarının təşkilinin birinci günləri idi. Azərbaycan Milli Hökuməti Qafarinin qoşun maliyyəsi sahəsində ətraflı məlumatını və təcrübəsini nəzərə alaraq Xalq Qoşunlarının maliyyə idarəsinin təşkilində iştirak etmək üçün ona şərait yaradır və həmin idarənin rəis müavini vəzifəsinə təyin olunur.Azərbaycan Demokrat Firqəsi və Milli Hökumətin köməyi sayəsində az bir müddət ərzində və yoldaşların gecə – gündüz fəaliyyəti nəticəsində Xalq Qoşunlarının maliyyə idarəsinin bünövrəsi qoyulur və bu idarə öz adi cərəyanına düşür.Qafarinin xidməti nəzərə alınaraq ona Azərbaycan Xalq Qoşunlarının soltanlıq dərəcəsi verilir.

Bundan sonra Hüseyn Qafari yeni təşkil tapmış birinci Marağa briqadasının maliyyə idarəsinin təşkil vermək məqsədilə Marağaya göndərilir.Burada da o, eyni ləyaqət və fədəkarlıqla işləyir.Azərbaycan Xalq Qoşunlarının maliyyə və iqtisadi işlərinin nizama salınması üçün bilik və bacarığını.əsirgəmir.Bu zaman Marağa briqadasında bir nəfər də olsun, qoşun maliyyə işləri ilə tanışlığı olan yox idi.Eyni zamanda minlərlə əsgər, serjant və sairənin təchizat, paltar, ərzaq və sairə ilə təmin edilməsi çox da asan bir iş deyildi.Hüseyn Qafari yoldaş belə bir işin öhdəsindən gələ bilmək üçün briqada fərmandehliyinin və firqə təşkilatının yardımı ilə Marağa və Miyandabda olan savadlı kadrları toplayaraq onlara bu barədə ixtisas vermək üçün gecə dərs klasları açır.O, Marağada, Miyandabda və Sayınqalada yerli sənətkarlardan istifadə edərək həmin yerlərin qoşun hissələri üçün paltar tikmək,təchizat hazırlamaq, ayaqqabı təmir etmək, ət konservi qovurma hazırlama emalatxanaları və çörəkçixanaların təsisində iştirak edir.

Sultan Qafarinin Azərbaycan Xalq Qoşunları sırasında, xalq hərəkatının başqa işlərindəki görkəmli xidmətləri dəfələrlə Marağa briqadasının fərmanlarında qeyd edilmiş və nümunə kimi göstərilmişdir.Nəhayət , onun xalq işinə sədaqəti nəzərə alınaraq Milli Hökumətin təklifi əsasında Azərbaycan Milli Məclisi tərəfindən “21 Azər” medalı ilə təltif olunur.

Qafari nə təkcə maliyyə işlərində, bəlkə hərbi işlərin başqa sahələrində öz ləyaqət və rəşadətini göstərə bilmişdir.1325 – ci olin mehr ayının (1946, sentyabr – oktyabr) əvvəlləri idi.Tehrandan çatan xəbərlər belə göstərirdi ki, şahəmşah qoşunu Azərbaycana ümumi həmlə etmək üçün hazırlıq aparır və bundan əlavə Kirmanşah,Həmədan, Sənəndəc ləşkərləri başqa ləşkərlərlə birləşərək hücuma hazırlaşırdılar.Hər gün şahənşah təyyarələri Tekab – Hulasu – Miyandab, Saqqız – Bukan- Miyandab istiqamətlərində uçub kəşfiyyat işləri aparırdı.

Mehr ayının əvvəllərində Qafari hərəkət əmri aldıqdan sonra lazımi nəfərlər,, silah, dəyişək paltar və sair vasitə götürüb nayib Sərhəng Cəfər Sultanzadə, major Əhməd Cövdət vaditəsilə hazırlanıb yola salınır.O, Sancuddan Cığatı çayı sahilinə və nəhayət, Saqqız caddəsinə çəkilərək, çox bir təhlükəli məmuriyyəti ləyaqət və ehtiyatla yerinə yetirir.Düşmənin bir əfsər və üç sərbazını tutub geri qayıdır.İran ordusu fərmandehliyinin əməliyyat məqsədini öyrənmək üçün faydalı olan bu məmuriyyətin izahını verərkən Qafari deyir:” Uzun müddət hərəkatdan sonra gecə yarısı biz Sarı çay sahilinin qamışlıqlarında Tekab – Saqqız caddəsi kənarına çatdıq.Ətraf ərazini diqqətlə yoxladıqdan sonra caddəni tam nəzarət altına salmaq üçün qamışlıqda münasib yerdə gizləndik.Bütün günü caddədə İran ordusunun maşınlarının gəl – gedi kəsilmirdi.Lakin gecə qaranlıq başlayarkən maşınların da hərəkəti kəsilib dərin bir sükut içində idi.Şiddətlə əsən soyuq küləklər, yuxusuzluq və həddindən artıq yorğunluğa baxmayaraq bütün gecəni caddəni kontrol altında saxlamağa məcbur idik.Hələ hava təzə işıqlanmağa başlayırdı ki,uzaqdan Saqqız tərəfdən gələn bir yük maşınının səsi caddədə eşidilirdi.Dərhal mənim işarəmlə” jandarmalar”  (jandarm paltarı geymiş qızılbaşlar) caddənin ortasına sıçrayaraq əl işarəsilə maşını dayandırdılar.Onlar maşının üstünə çıxaraq orada olan İran əsgərlərini və kabinədə oturmuş zabiti də tərk – silah edərək özümüzlə gətirdik və maşını isə yükü ilə bərabər caddədən çıxarıb məhv etdik.”

Hüseyn Qafari özünün siyasi həyatında həmişə xalq işinə sədaqətlə çalışmış qoçaqlıq və təşkilatçılıq bacarığı ilə unudulmaz xatirələr yaratmışdır.

İran ordusu Amerika, İngilis imperialistlərinin köməyilə vətənimizə xaincəsinə basqın edən zaman Hüseyn Qafari də başqa əfsər yoldaşları kimi tutularaq Təbriz şəhərində güllələnir.O, həbsxanada güllə qabağında özünü mərdliklə apamış, özünü yenilməz bir mübariz kimi görtərmişdir.İran zəhmətkeşlərinin ən yaxşı oğllarından biri olan Hüseyn Qafari Azərbaycan xalqının azadlıq və səadəti uğrunda şəhid olmaqla vətənimizin xalqlar dostluğu tarixinə yeni parlaq bir səhifə əlavə etmişdir.

Azərbaycan xalqı onun xidmətlərini, parlaq xatirəsini öz əziz oğlu kimi həmişə izzət və hörmətlə yad edəcəkdir.

Təqdim etdi: Güləddin İsmayılov

Facebook
Telegram
Twitter
Email