آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

HAMIYA, HAMIYA, HAMIYA

Əziz həmvətənlər!

Tarixin öhdəmizə qoyduğu şərəfli və iftixarlı vəzifələrimizi bu günədək başıucalığı ilə yerinə yetirib nüfuzlu firqə, milli hökumət yaratmaq arzusuna nail olmuşuq.Bu yolda xalq ayağa qalxıb var qüvvəsilə çalışmışdır.Azərbaycanda bir şəhər, bir kənd, bir məhəllə, bir ev, bir oba tapılmaz ki, onun adamları öz qanuni haqqını almaq yolunda fədakarlıq göstərməmiş olsun. Xalqımızın düşmənləri belə, onun yaratdığı böyük nəhzəti inkar etməkdən acizdirlər. Minlərlə kişi, arvad və qocalarımız Məclise – Milli seçkisində göstərdikləri əlaqə və hissiyyat milli azadlığımızın bünövrə və əsasını təşkil etmişdir.İndi artıq Azərbaycan Milli Hökuməti bir həqiqətdir.Onun davam və yaşaması bütün dünyanın ədalətpərvər və demokratik qüvvələrinin arzularından ən mühümünü təşkil edir.Bu yolda xalqlmız böyük istedad və qabiliyyət göstərmişdir.

Biz indi iki aya yaxındır ki, Tehran mürtəceləri və onların himayəçiləri olan dünya müstəbidlərinin əleyhimizə apardığı ciddi mübarizəyə baxmayaraq, təşkil etdiyimiz milli hökuməti layiqincə idarə edib, xalqımızın asayişi və tərəqqisi yolunda ciddi tədbirlər görməyə müvəffəq olmaqdayıq.

Xalqımız istər firqəmizin sırasına daxil olmaq, istər milli hökumətimizin qərarlarını icra etmək, istərsə də milli məclisimizin qanunlarını alqışlamaq ilə özünün vəhdət və birliyini sübut etmişdir.Artıq Azərbaycan tam mənasilə azad bir ölkə halına düşmüşdür.Bu ölkə yaşamaq və tərəqqi etmək istəyir.Bunu xalqımızın bütün insanlarına yetirmək lazımdır.

Qoy illərlə əzab, məşəqqət, aclıq və yoxsulluq odunda yanan Azərbaycan xalqı bu müjdəni eşitməklə özünə səadət qapılarının açıldığını görüb ruhlansın və gələcək nəsillərimizin insan kimi yaşaması imkanına iman gətirsin.

Əziz həmvətənlər!

Siz çox gözəl bilirsiniz ki, haqq və azadlığı aldıqdan sonra onu saxlamaq və ondan xalqın səadəti üçün istifadə etmək lazımdır.Demokrat Firqısi və Milli Hökumət bu müqəddəs vəzifəni icra etməyin zamanının yetişdiyini sizin nəzərinizə çatdırır.Aldığımız azadlığı saxlamaq lazımdır.İndi tarix bunu bizdən tələb edir.

Biz gərək bütün qüvvəmizi vətənimizin müdafiəsinə sərf edək.Fədailərimiz irticaçı dövlətin hərbi və nizamlı qüvvələrini süpürüb müqəddəs torpağımızdan çıxartdılar.İndi minlərcə cavan və rəşid oğullarımız dağlarda, dərələrdə işsiz, nişanəsiz çöllərdə buz və qarlar üstündə azadlığımızı qorumaq işi ilə məşğuldurlar.Onların tüfənglərinin gurultusu hələ də Tehran mürtəcelərinin qulaqlarında səslənməkdədir.Azərbaycan qəhrəmanları bütün İran mürtəcelərinin vücudunu lərzəyə salmaqdadır.Bunu heç kəs inkar edə bilməz.

Lakin bu kafi deyil.

Azadlıq düşmənləri bu sadəliklə bizi öz halımıza buraxmayacaqdır.Onlar İran xaricində apardıqları xain təbliğat və diplomatik fırıldaqlarından məyus olduqdan sonra əleyhimizə silahla çıxa bilərlər.Top, tüfəng və təyyarə vasitəsilə xalqımızı diz çökdürüb və yenidən əsarət altına salmaq istərlər.Bunu heç vaxt yaddan çıxarmamalıyıq.

Əziz həmvətənlər!

Biz sülh və saziş tətəfdarı olduğumuzu dünyaya isbat etmişik.Hətta bir nəfərin bir damcı belə qanının axmasına razı deyilik.Amma irtica qan istəyir, göz yaşı tələb edir, ah – nalədən ləzzət alır.Biz artıq qoyun deyilik, özümüzü əl – qolu bağlı cəlladlara təslim edək.Diri millətlərin, qəhrəman millətlərin, öz azadlıq və səadətini düşmən millətlərin sadə, amma möhkəm şüarları vardır:”Yaşamaq istəyirsən, ölümə hazır ol!”

Biz bu şüarı bir an unuda bilmərik.Silah qarşısına silah ilə çıxmalı və qoşuna qoşun ilə cavab verməlidir.

Xalqımız aciz, müti və biçarə deyil.Onun tarixi qəhrəmanlığı heç vaxt unudula bilməz.Hələ indi də qızılbaş ordusunun adı eşidildikdə məğrur hərbçilərin və qüdrətli sərkərdələrin başları etiramla əyilir.Bu ordunu Azırbaycan doğub ərsəyə gətirdiyi üçün yenə də belə ordu doğa bilər.Analarımız qəhrəman oğullar doğmaqda öz imtahanını vermişdir.

Azərbaycan sakit bir diyardır, lakin onun dəhşətli tufanı qalxdıqda dünyanı öz qüdrəti ilə doldurar və bəşəriyyəti düşünməyə vadar edər. Bu tarixin şahid olduğu böyük işlərdəndir.

Əziz həmvətənlər!

Millətimizin rəhbəri olan firqəmiz və xalqımızın səadətini təmin etməyə çalışan milli hökumətimiz sizi aldığımız azadlığı saxlamağa dəvət edir, hər bir azərbaycanlı bu gündən etibarən bu yolda çalışmalıdır.Azadlığımızı milli qüvvə, münəzzəm silahlı qoşun olmadan qorumaq olmaz, bu ümumxalqın silahlanması ilə mümkün olacaq.Ona görə də firqə və hökumətimiz silah götürməyə qadir olan bütün azərbaycanlıları xalq qoşunları sırasına çağırır Qoy xalq inanıb rəhbər tanıdığı firqənin və seçib iş tapşırdığı Milli Hökumətin bu çağırışını eşitsin, vahid bir qüvvə kimi ayağa qalxsın.

Qoy fədai dəstələri təşkilində göstərilən ümumi həssaslıq bir daha yüksəlsin.Qoy analar, bacılar, nənələr bir daha cavanlarımızı öpüb vətən və azadlığımızı müdafiə etmək üçün milli qoşuna göndərsinlər.

Qoy bütün Azərbaycanı sevinc sədaları bürüsün.Qoy bütün firqə üzvləri işlərini – güclərini müvəqqəti tərk edib kəndlərdə, şəhərlərdə, küçə və məhəllələrdə mitinqlər, yığıncaqlar təşkil edərək xalqı milli vəzifəni yerinə yetirməyə təşviq etsinlər.Qoy ruhanilərimiz minbərlərdə, məscidlərdə cavanlarımızı vətənin müdafiəsi uğrunda cihada dəvət etsinlər.Qoy millət dünyaya bildirsin ki, o bir nəfər qalana kimi öz azadlıq və istiqlalını müdafiə edəcək.Azərbaycanlı milli hökumıtin təşkili ilə öz axır sözünü demiş, öz müqəddaratını təyin etmişdir.

Ya azad yaşamaq, ya iftixarla ölmək.

Bu millətimizin axır sözüdür, bu sözləri dünyaya elan edən milləti Azərbaycandan kənarda aparılan hiyləgərcəsinə qəbul etmiş qərarlara tabe etmək olmaz.Azərbaycanlı ölə bilər, amma tutduğu haqq yolundan dönməz.Ölümə hazır olan yaşar və istədiyini alar Biz yaşayıb istədiyimizi almışıq və ölməyə hazır olduğumuz üçün onu saxlayacağıq.Çünki ölməkdən qorxan millətlərdən deyilik.

Qoy Azərbaycanın bütün canlı insanları, hətta cansız daş və torpağı, milli azadlığımızı müdafiə etməyə and içsin.Qoy bütün dünya bilsin ki, bizim ölkəmiz sahibsiz, millətimiz başsız deyil.

Əziz həmvətənlər!

Millətimizin iradəsini təmsil edən məclisin millətimizin milli vəzifəsi olan xalq qoşunlarının təşkili haqqında təsvib etdiyi qanunun icrası üçün zaman gəlib yetişmişdir.Bu qanunu icra etmək üçün xalq qoşunları nazirliyinə tapşırıq verilmiş və və işə ciddi surətdə başlanılmışdır.Firqımiz, cavanlarımız, ata – ana, bacı – qardaş, gəlin – qız, uşaq – yaşlılar, xülasə bütün xalq imtahan qarşısındadır.Bu böyük imtahandan başıuca çıxmağa çalışmalıyıq.Bu vaxtadək mitinqlərdə, toplantılarda və iclaslarda verdiyiniz sözə, içdiyiniz andlara əməl etməlisiniz.

Bütün millət bu müqəddəs vəzifənin Azırbaycan adına layiqli bir surətdə yerinə yetirmək yolunda təşkil edilməlidir.

Bu işdə firqə təşkilatları, cavanlar və qadın cəmiyyətləri ciddi surətdə təbliğat aparmağa borcludurlar.Böyük iş başlanmış və bu böyük müvəffəqiyyətlə qurtaracaqdır.

Yaşasın xalqımız!

Yaşasın onun azadlığını alan fədailərimiz!

Yaşasın bu azadlığı müdafiə edən milli qoşunumuz!

(“Azərbaycan” ruznaməsi nömrə 120, ikinci dövrə,pəncşənbə 18 bəhmən 1325 – ci il).

Təqdim etdi: Güləddin İsmayılov

Facebook
Telegram
Twitter
Email