BETƏRİDİR…
Qulamhüseyn Saedi gənc yaşlarından Azərbaycan Demokrat Firqəsinin fəal üzvlərindən birinə çevrilir və qısa müddət ərzində mövcud olmuş Azərbaycan Milli Hökumətinin fəaliyyətini yüksək qiymətləndirir. O öz xatirələrində bir il ərzində (1945 – 1946) görülən işlərdən, abadlıq – quruculuq fəaliyyətindən, sosial – mədəni intibahdan söz açır. O, bir il öz ana dilində təhsil alır.
” Mən bir il adam kimi yaşadım”
QULAMHÜSEYN SAEDİ
50 – ci illərdə İranda demokratik hərəkatın başlanması ilə Saedi siyasi fəaliyyətə qoşulur. Müsəddiq hökumətinin İran neftinin milliləşdirməsindən sonra İngiltərə dövləti İranda siyasi vəziyyəti qarışdırır, ölkədə vəziyyət idarəolunmaz hala gəlir. Xalq hətəkatının gücləndiyi bir dövrdə Saedi iki ay müddətində gizlənsə də, 1953 – cü ildə 18 yaşındaykən tutulur bə bir neçə ay həbsdə yatır. Həbsdə olduğu müddətdə “Hər aşa noxud olan” adlı povestini yazır. Azadlığa çıxdıqdan sonra yenidən siyasət meydanına qayıdan Saedi keçirilən bütün nümayişlərdə, tələbə hərəkatlarında fəal çıxış edir,bəzilərinə isə rəhbərlik edir. Tez – tez həbs edilən Saedinin həbsdə olduğu vaxtlara aid bir xeyli xatirəsi var.
Həbsdə yalnız birnəfərlik kameralarda saxlanılan yazıçı on beş gündən bir gözətçilərin xüsusi nəzarətilə bir neçə dəqiqəlik hava almaq üçün həbsxananın həyətinə çıxarılırdı…
Müxtəlif yerlərdə gizlənərək məhrumiyyətlər içində yaşayıb – yaradan Saedi nəhayət, 1982 – ci ildə Fransaya mühacirət etməyə məcbur olur.
“… Mən evimdən qaçmağa və bir il müddətində dam altında bir otaqda gizlin həyat yaşamağa məcbur oldum…. Rejimin məmurları qapı – qapı məni axtatırdılar… Ömrümün çox hissəsini Şah rejiminə qarşı mübarizəyə görə zindanlarda keçirmiş yaxın dostlarımdan birini tutdular və bir müddət sonra edam etdilər və bir gecədə mənim dam altındakı sığınacağıma tökülüşdülər, lakin qonşuluqdakı qadın mənə əvvəlcədən xəbər vermiş, mən damdakı yolla qaçmışdım. Bütün gecəni bir film studiyasının dekorları arxasında gizləndim və sabahkı gün dostlarımdan bir neçə nəfər gəlib saçımı qırxdılar, bığımı təraş etdilər və qiyafəmi, libasımı dəyişməklə gizlin bir sığınacağa getdim… Lakin daim yer dəyişdim.
Təqribən 6 – 7 ay müddətində gizlin bir məkana sığındım, onlardan biri bir neçə ay qaldığım tətk edilmiş qadın dərzi dükanı idi və həmişə mütləq qaranlıqda yaşayırdım. Çırağı yandırmırdım. Pərdələr həmişə bağlı idi… Çox vaxt qaranlıqda yazırdım.Min səhifədən çox qısa hekayələr
yazdım. Bu arada qardaşımı həbs etdilər. Yerimi tapmaqdan ötrü daim atamı təhdid edirdilər. Axırda dostlar mənə qaçmaqda kömək oldular və mən gözüyaşlı, hiddət dolu min bir kələklə dağ yolu ilə, dərələrlə sərhədi keçdim və Pakistana çatdım. BMT – nin səyləri və bir neçə hüquq müdafiəçilərinin köməyi ilə Fransaya viza aldım və Parisə gəldim.İndi iki ilə yaxındır ki, burada sərgərdanam, hərçənd ki, burada günümü dostlarımın birinin evində keçirirəm. Kökümdən qoparıldığımı hiss edirəm… Daim vətənim haqqında düşünürəm… Hər gecə yuxumda vətənimi görürəm…Qərarsız və hər an evinə qayıtmağı mümkün olan bir insanın vəziyyəti… Qürbətdə olmaq işgəncələrin ən betəridir… Baxmayaraq ki, qürbət həyatının uzun çəkəcəyini hiss edirəm, ancaq daim vətənə qayıtmaq arzusundayam…”
QULAMHÜSEYN SAEDİ
Təqdim etdi: Güləddin İsmayılov