1878 -1947)
Öz cəsarət və mərdliyi ilə məşhur olan qocaman inqilabçı Nurulla Yekani 1358 -ci şəmsi ilində ( miladi 1878) Mərənd məntəqəsinin Yekanat mahalında anadan olmuşdur.Hələ əsrimizin ilk illərində İran xalqlarının istibdada, zülmə və istismara qarşı başladıqları Məşrutə hərəkatı açıq fikirli və mütərəqqi ideyalarla yaşayan Nurulla Yekaninin diqqətini cəlb etmişdi.Məşrutə hərəkatı başlanan kimi Yekani də Heydər Əmioğlu, Məhəmməd Təği Şərifzadə, Səid Səlmasi və digər azadixahlar kimi mücahidlər sırasında öz iftixarlı yerini tutdu.O, Məşrutə hərəkatının görkəmli fədai başçısı kimi bütün vəzifələri ləyaqətlə yerinə yetirdiyi üçün, Təbriz inqilabının Azərbaycanda genişlənməsi uğrunda əməli fəaliyyətinə görə Səttarxanın silahdaşları sırasına çıxmağa müvəffəq olur.
Məşrutə inqilabı xadimlərinin Azərbaycanda təqib edilməsi Nurulla Yekaninin inqilabi əzmini qıra bilmədi.Şeyx Məhəmməd Xiyabani hərəkatı başlandığı zaman Nurulla Yekani həmin hərəkatın da mübarizlərindən biri kimi meydana çıxdı və bu işin sonuna qədər mübarizələrdə iştirak etdi. Xiyabani hərəkatı xain Müxbirisəltənənin əli ilə yatırıldıqda Yekani də başqa azadixahlar kimi zindana salınmışdı.O, bir müddər zindanda qalır və nəhayət, tərəqqipərvər adamların köməyi ilə zindandan xilas olmuşdur.
Nurulla Yekani demək olar, 20 – əsrin birinci yarısında baş verən bütün azadlıq hərəkatının görkəmli və fəal iştirakçılarından biri olmuşdur.Onun fəaliyyəti göstərir ki, o, bir peşəkar inqilabçı kimi öz həyatını, şüurlu fəaliyyətini xalq azadlığına, zəhmətkeşlərin xoşbəxtlik və səadətinə həsr etmişdir.Şeyx Məhəmməd Xiyabani hərəkatı min bir hiylə ilə, qan və od içərisində boğulduqdan sonra Yekani də bir neçə azadixah yoldaşları ilə birlikdə Xorasana getməli olur.Yekani orada da hərəkatdan kənarda qala bilmir, məşhur azadlıq mücahidi Hacı Məhəmmədağa Tahbaz vasitəsilə “Milli Komitə”yə aparılır və beləliklə, yenə də hərəkatın sıralarında qocaman azadixah öz yerini tapır.O zaman Kolonel Məhəmməd Təği xan Pesyanın başçılığı ilə Xorasanda baş vermiş üsyanda Yekani də iştirak etmiş olur.Qocaman azadixah, Azərbaycan xalqının mübariz oğlu bu hərəkatın məğlubiyyətindən sonra yenə də Azərbaycana – yaşadığı kəndə qayıtmalı olur.
Təbrizdə Lahuti hərəkatı başlanan kimi hərəkatda qorxu bilmədən iştirak edir və yenidın həbs olunur.Dövlət orqanları uzun müddət Yekanini zindanda saxladıqdan sonra Yekanat mahalından başqa bir yerə getmək haqqında ondan izahat alınır və orada da nəzarət altında saxlanılır.
Nurulla Yekani kənddə olduğu zaman belə azadlıq uğrunda mübarizədən, özünün xeyirxah niyyətlərindən əl götürmür.O, xalqın azadlıq və maarifi yolunda çalışmaq, kənddə məktəb açmaq, Zunuz çayı ətrafında sədbəndlik işlərinə başlamaq, kəndlilərin həyar və məişətini yaxşılaşdırmaq kimi yüksək arzularla yaşayırdı.
Hökumət məmurlarının təqib və təzyiqlərinə, mahaldakı mürtəce ünsürlərin düşmənlik münasibətlərinə baxmayaraq Nurulla Yekani bir təcrübəli inqilabçı kimi yoxsul kəndlilərlə yaxından əlaqəyə girir və onların arasında azadlıq əfkarını təbliğ edirdi.Həmişə inqilabi əhval – ruhiyyə ilə yaşayan Nurulla Yekaninin diqqətini İran xalqlarının azadlıq mübarizəsinə rəhbərlik edən Hizbe Tudeye İran cəlb etməyə bilməzdi.Buna görə də o hizbe tudənin Mərənd, Xoy və Səlmas məntəqələrində əsas təşkilatla – rını yaratmaq kimi mühüm və şərəfli vəzifəni öhdəsinə götürmüşdü.Bu sahədə heç bir fədakarlıqdan yorulmayan, jandarm və polis məmurlarının, mürtəce ərbabların hücumlarına mərdliklə sinə gərən Yekani həmin məntəqələr –
də möhkəm hezbi təşkilatlar yaradır.
Hizbe Tude İranın birinci Azərbaycan əyaləti konfransının iclasını açmaq şərəfi ilk dəfə Nurulla Yekaniyə nəsib oldu.Xalq içəridində böyük hörmətə malik olan Yekani Azərbaycan Demokrat Firqəsinin birinci qurultayında nümayəndə, Mərkəzi Təftiş komisiyonuna üzv,
Milli Məclisin nümayəndəsi və Milli Hökumət tərəfindən yüksək vəzifələrə təyin olunmuşdur.
21 Azər hərəkatının təşkilatçılarından biri olan Yekani sonralar Xoy Vilayət Komitəsinin sədirliyinə seçildi.Milli Hökumətin tədbiri və habelə Yekaninin xüsusi səyləri nəticəsində Xoy şəhərinə Xoşbulaq çeşməsindən su çəkilmiş, yetim uşaqlar üçün tərbiyə evi, şəhərdə məktəblər açılmışdı.
İstər Daxili İşlər Nazirinin müavini vəzifəsində çalışarkən, istərsə də Milli Hökumətin qərarı ilə Urmiyə şəhərində nəzmiyyə rəisi olduğu zaman Yekani öhdəsinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmişdir.O, son nəfəsinə qədər öz məramına sadiq qalmışdır.Cəllad şahın cəza dəstələri qocaman inqilabçı Yekaniyə orta əsrlərə məxsus vəhşicəsinə divan tutduqları zaman belə Yekani mərdlik və mətanətini itirməmişdir.Təkcə bunu demək kifayətdir ki, irtica quldurları Yekanini dar ağacının altına gətirərkən onun dabanlarına vurulan mıxların yerindən axan qanlar hətta, fədəkar inqilabçının gələcəyə olan inamını qıra bilməmişdi.Yekani şahlıq rejiminin düşməni kimi cəsarətlə vuruşdu.1326 – cı ildə (1947) İran xalqlarının azadlıq və səadəti uğrunda şəhadətə yetişdi.
Azərbaycan Demokrat Firqəsinin qəhrəman oğlu, İran azadlıq hərəkatının görkəmli xadimi Nurulla Yekaninin həyat və mübarizə yolu heyrətamiz hadisələrlə doludur.Yekaninin xidmətləri, onun parlaq xatirəsi Azərbaycan xalqının mübarizə tarixində hörmətlə yad ediləcəkdir.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü