On il əvvəl mühacir şairimiz Almas İldırımın yüz illik yübiley tədbirləri zamanı, söhbət əsnasında onun oğlu Azər belə bir söz işlətdi – mən atamın üzündə təbəssüm görməyə həsrət qaldım. Onun təbəssümü Bakıda qalmışdı. Hər sözü hər söhbəti yalnız vətən həsrəti, vətən yanğısı idi…
Həmin məqamlarda nədənsə hələ doxsanıncı illərin ortalarında gözəl şairəmiz, Məcməüş-şüəra ədəbi məclisinin üzvü Şövkət Hicranın öz atası haqqında dediklərini xatırlamışdım. Şövkət xanım da həmişə atası haqqında eyni sözləri deyirdi… və həmişə düşünürdüm ki, insan doğma yurdundan əzab-əziyyətlə ayrılanda elə bil hansısa nəsnələri orda qoyub çıxır… Bu nəsnələrdən biri, bəlkə də birincisi elə təbəssümdü… Axı o qədər qürbət əzabının iztirabın içində hansı səmimi təbəssümdən danışmaq olar…
Hərçənd Şövkət xanımın atası şair, ictimai xadim İmami Əbülfəzl də, elə Almas İldırımın özü də tam mənada qürbətdə deyildilər… Nə bir azərbaycanlı üçün Türkiyə, nə də bir cənublu üçün Şimali Azərbaycan qürbət deyil əslində… Lakin doğma ocağın, doğma yurdun yeri başqadır…
Mənimçün ən maraqlı olan isə bu cür yurd həsrəti içində iztirab çəkən adamların özündən daha çox övladlarının reaksiyası olub..
Bəli, əslində onlar o tarixi vətəni heç görməyiblər. Lakin atanın ruhundakı vətən həsrəti sanki onların da içinə sızır, gözünü açandan «təbəssümsüz ata siması» ilə üz-üzə qaldıqlarına görə, sanki bu kədəri iztirabı uşaq saflığı, uşaq həssaslığı ilə daha da ağrılı yaşayırlar…
Hərdən mənə elə gəlirdi ki, illərlə atasının dilindən cənubla bağlı söhbətlər eşidən Şövkət xanım, bu əzabı bəlkə də atasından daha ağrılı yaşayır. Bəlkə də elə həqiqətən də eləydi. Onunla tanış olarkən məclislərdə oxuduğu şeirlərin əksəriyyəti məhz vətənin bölünməsi, ayrılıq, qürbət mövzuları idi.. sanki öz şeirlərini yazmırdı, şair atasının müəyyən səbəblərdən deyə bilmədiklərini deməyə çalışırdı…
Bu da bir qismətdi, kimsə elə vətəndəcə özünü qürbətdəki kimi hiss edir, kimsə vətəndən ayrılsa da , həm özünün həm də övladlarının ruhuna vətən həsrətini hopdurur, o həsrət sanki bir toxumdan cücərib böyük bir ağaca çevrilir…
Bu gün Imami Şövkət xanımın yetmiş yaşı tamam olur . yaşasaydı, 70 illik yubileyini qeyd edəcəkdik. Lakin ömür vəfa etmədi. Bəlkə də atasına qovuşmaq istəyi onu bizdən ayırdı… Axı uzun illər əvvəl itirməsinə baxmayaraq, son nəfəsinə qədər sanki atasıyla nəfəs alırdı, hər şeyə sanki onun nöqteyi-nəzərindən fikir yürüdürdü, onun gözüylə baxırdı, hətta şeirdən, qəzəldən danışarkən, özündən çox atasının şeirlərini diqqətə çəkirdi…
Uzun illər ədəbi fəaliyyətlə məşğul oldu, çoxlu şeirlər yazdı, mətbuatda nəşr edildi, kitabı dərc olundu, çoxsaylı ədəbi-bədii məclislərin iştirakıçsı oldu, ancaq elə bil ki bu məclislərə tək özü gəlmirdi, hara gedirdisə, şair atasını da özüylə gətirirdi. O məclislərdə ,o tədbirlərdə Şövkət xanımla birlikdə mühacir şairimiz İmami Əbülfəzl də iştirak edirdi…
Bu gün də Şövkət xanımın yubileyi münasibətiylə onun şeirlərindən bəzilərini diqqətinizə çatdırırıq. ..
Allah hər ikisinə rəhmət eləsin, Allah bütün qəriblərimizi vətənlərinə qovuşdursun….
Ayb-nın katibi.Şair İlqar Fəhmi.
28.06.2021
Dedim ey bəxt,gətirdin nə üçün canə məni,
Qoydun həsrət əbədi nərkise-məstanə məni.
Görmədim ömrüm-əra olsa da bir gün xoş gün,
İnanırsansa inan,yoxsa,san əfsanə məni.
Bəxt öz sahibinin sirdaşı olmuş hər vaxt,
Sən sipək daşı kimi atmısan hər yanə məni.
Mən itirdim səni çün sən mənim atdın daşımı,
Özün axtar tapasan bəlkə də bir anə məni.
Ayrı düşmüş yuvasından quşa bənzər könlüm,
Ah!..bir dəfə də heç yad eləməz lanə məni.
Ey könül,bəxt,Vətən sən demə biganə imiş,
Özlərindən ayırıb saldılar hicranə məni.
Edən oxlarə nişan cismimi bir seyd kimi,
Bax,o səyyadi-əcəldir bulayan qanə məni.
Boynuma zəncir atıb qollarımı bağladılar,
Çəkdilər satmaq üçün qul kimi meydanə məni.
Fələyin cövruna bax zülm ilə qəm badələrin,
O qədər verdi ki,məst etdi bu peymanə məni.
Bir quşam eşq oduna yandı bütün baıü-pərim,
Yox ümid kəsməyə ta çatdıra reyhanə məni.
Saqiya,vermə daha badeyi-xunab mənə,
Eylədi xanə-xərab bu meyo-meyxanə məni.
Mən əgər qürbət-ara dəhri-fənadan köçsəm.
Bilirəm yad eləməz kimsə də bir anə məni.
Mənə cənnət Vətənimdir ola viranə əgər,
Alsın öz qoynuna,arzumdur,o viranə məni.
Qoyma qürbətdə verim can Vətənin həsrətidir,
Gətirib xeyli zamandır ki,o,tüğyanə məni.
Xəstəyəm,xar-zəbunam ömrüm başa çatır,
Son nəfəs bəlkə tapa sevgili cananə məni.
Əqli huşum gedib əldən,dəxi sərsəm kimiyəm,
Həqqi var yağilərin səsləyə divanə məni.
Qismət olsun ki,İmami edə didari-Vətən
Vətənim şəm isə,qoy yanmağa pərvanə məni!
1949-cu il
Ey gözəllər gözəli pakizə dildarım Ana,
Munisim,sevdiciyim,yarü-vəfədarım Ana.
Sənə pərvanə mənəm,sənsə mənim şəmimsən,
Saflığa,doğruluğa,düzlüyə meyarım Ana.
Kəsmisən qəm selinin qarşısını sahil tək,
Çəkmisən xeyli cəfamı,a fədakarım Ana.
Kimsəyə olmayacaqdır bu qədər ilqarım,
Bağlıdır eşqinə bu dəhrdə ilqarım Ana.
Şövkətin şövkətisən,eşqisən,ülviyyətisən,
Göydə Allah mənə yar,yerdə isə yarım-Ana!
Çinar
Çinar yolun yolum üstən
Saldı dolana-dolana.
Getdi çinarlı günlərim,
Soldu dolana-dolana.
Nələr vardı diləyimdə,
Çinar hər vaxt gərəyimdə,
Xatirələr ürəyimdə
Xaldı dolana-dolana.
Elə söykənərdim sənə,
Ötən günü görüm yenə.
Cavanlıq dumana,çənə
Doldu dolana-dolana.
İllər əyməmiş belimi
Gəlim görüm o elimi.
Hər yarpağın bir telimi
Aldı dolana-dolana.
Naz atardım yoldaşına,
Söz demədim sirdaşına,
İndi də Şövkət başına
Qaldı dolana-dolana.
Qəriblər
(Atama həsr,16 yaşında yazmışam)
Taleyin hökmüylə düşüb qürbətə
Özünü biganə sanar qəriblər.
Nə könlü açılar,nə üzü gülər,
Vətən həsrətiylə yanar qəriblər.
Gecəsi oyaqdı,günüzü qara,
Bağrının başında sağalmaz yara,
Qürbət bir cənnətsə,baxdıqca hara,
Təkcə öz obasın anar qəriblər.
Biri nişanlısın ağlar qoyubdur,
Biri Anasına dağlar qoyubdur,
Biri öz əkdiyi bağlar qoyubdur,
Anları,günləri sanar qəriblər.
Heç kəsi düşməsin elindən uzaq,
Qəlbə qan libasın geydirir fəraq,
Ürək intizardı,ömür də soraq,
Bəzən öz-özünü qınar qəriblər.
Ziynəti bilmədi zəri,xaranı,
Dostda,aşinada tapdı çaranı,
“Mühacir” sözündən alan yaranı,
Bağrında görəndə sınar qəriblər.
Gecələr yatmayıb xəyala dalıb,
Qəm-kədər könlünü hər yandan alıb,
Hicranlı yollarda kimsəsiz qalıb,
Sanki varlığını danar qəriblər.
Sayılan illərə bahar gələndə,
Həsrət ağrısını atar gələndə,
O qərib durnalar qatar gələndə,
Quş olub bağına qonar qəriblər.
Millətin yolunda elindən olan,
Bağçasından olan,gülündən olan,
Olmadı andından,dilindən olan,
Əhdi-peymanında donar qəriblər.
Şövkət,Atan qərib,həyatı acı,
Nə qardaş yaxındı,nə də ki,bacı.
Vətəndi dərdinin bircə əlacı,
Gün gələr yurduna dönər qəriblər.
1967-ci il
Bütün dünyada azadlıq mənim ilkin şüarımdır
Tökülsün bu məram üstə qanım kaş,iftixarımdır!
İmami Əbülfəzl