Azərbaycan xalqı ölkənin istiqlalı və azadlığı uğrunda mövcud quruluşa qarşı ələ silah aldıqda həmişə İran xalqlarının hüsn rəğbətilə alqışlanmışdır.21 Azər hərəkatında bu tarixi ənənə xalqlar dostluğunun təntənəsi şəklində daha möhkəmlənmişdir.İran ərazisində yaşayan bir çox xalqların nümayəndələri bu hərəkatda iştirak etmişdir. İsfahan fəhlə təbəqəsinin mübariz oğlu Hüseyn Qopal ( Çitsaz ) da bu hərəkatın iştirakçılarından biridir.
1303 – cü şəmsi ilində (1924) İsfahanda anadan olmuş Hüseyn hələ lap gənc yaşlarında atası vəfat etdiyi üçün ağır həyat şəraitinin və məhrumiyyətin nə olduğunu başa düşmüş, bütün bu çətinliklərə baxmayaraq, o, anasının zəhməti hesabına ibtidai məktəbi bitirir, sonra isə orta hərbi məktəbi qurtarır.Nəhayət, Tehranın hərbi zabitlik məktəbinə daxil olmuşdur.Hüseyn Qopal hələ orta məktəbdə oxuyarkən Rza xan diktatorluğu yıxılmış və beləliklə, azadlıq hərəkatının inkişafı üçün real imkanlar yaranmışdı.İran Xalq Partiyasının yaranması ilə bu hərəkat mütəşəkkilləşərək irtica ordusunun zabitlərinə , əsgərlərinə də azadlıq yolunun doğru olduğunu göstərmiş Hüseyn Qopal da İran Xalq Psrtiyasının üzvü olmaqla bu hərəkata qoşulmuşdu.1324 – cü ildə ( 1945 ) hərbi zabitlik məktəbini leytenantlıq dərəcəsilə qurtaran Qopal altı aylıq kursu da bitirdikdən sonra , İsfahanda hərbi teleqrafçılıq işlərində xidmətə daxil olur.
Hüseyn Qopal İran xalqlarının həqiqi azadlıq və istiqlalına xidmət etməyi şahın və mürtəce təbəqənin mənafeyi uğrunda qulluq etməkdən üstün tutduğu üçün baş qərargahın qərarı ilə həbs edilir, Kirman zindanına göndərilir.Lakin nə təqib, nə də həbslər cavan Qopalın mübarizə əzmini qıra bilmədi.O, Kerman zindanında öz məslək yoldaşları ilə birlikdə mütəşəkkil mübarizəsini davam etdirirdi. Bu zaman Azərbaycanda hərəkatın yüksək səviyyəyə qalxması, bütün İranda azadlıq hərəkatının mübarizəsi, zindan qapılarının açılması ilə nəticələndi.Qopal da şahənşah ordusunun məqam və dərəcəsini rədd edərək öz məslək yoldaşları ilə birlikdə Azərbaycana gəldi. Azərbaycan sərhəd məntəqəsində birinci fədai postuna rəhbərlik etdi.O, Azərbaycan Xalq Qoşunları sırasına daxil olaraq azadlıq səngərlərinin müdafiəsi üçün könüllü surətdə Marağaya getdi və bir hissənin fərmandehli – yini,simli və simsiz əlaqələrin təşkilini öz öhdəsinə götürdü.O, böyük həvəslə xalq işinə xidmət edirdi.H.Qopal hər şeydən artıq əsgərlərin inqilabi tərbiyəsinə, onların döyüş bacarığının yüksəlməsinə əhəmiyyət verirdi.O, əsgərlərə fəal inqilabçı fərd kimi baxır.Öz işində göstərdiyi ləyaqətinə, xalq hərəkatına nisbət sədaqət və fəaliyyətinə görə Hüseyn Qopal Azərbaycan Milli Məclisi tərəfində soltanlıq dərəcəsi ilə təltif olunur.
Şahənşah ordusu iperialistlərin köməyi ilə Azərbaycana xaincəsinə basqın etdiyi zaman Hüseyn Qopal da dərbar cəlladları tərəfindən güllələndi.Qopal Azərbaycanlı yoldaşları ilə birlikdə xalq səadəti uğrunda çalışdı.Nəhayət, öz canını da azərbaycanlı yoldaşları ilə birlikdə bu yolda qurban verdi.
Azərbaycan xalqı onun fədakarlığını heç vaxt yaddan çıxarmayacaqdır.İsfahan fəhlə təbəqəsinin mübariz oğlunun azərbaycanlı qardaşları ilə birlikdə bir səngərdə səltənət rejiminə qarşı mübarizədə şəhid olması İran xalqlarının mübarizə tarixində xalqlar dostluğunun təntənəsi kimi qeyd olunacaqdır.
Guləddin İsmayilov