آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Birgə anım tədbiri və hər iki təşkilata tövsiyə:

20 Yanvar Azərbaycan Şəhidləri Günü kimi təsis edilə bilər

Dünən “20 Yanvar” və “İranlı Mühacirlər Cəmiyyəti” ictimai birliklərinin üzvləri yanvar faciəsinə aid birgə tədbir keçiriblər. Beynəlxalq Mətbuat Mərkəzində düzənlənən “dəyirmi masa”da hər iki qurumun təmsilçiləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, qanlı olaylar zamanı yaralanan, sağlamlığını itirən insanlar, alimlər və təhqiqatçılar iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət himni səslənib və müstəqillik yolunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.

“20 Yanvar” İctimai Birliyinin sədri Soltan Əzimzadənin məruzəsində minlərlə insanı paytaxtın baş meydanına, küçə və xiyabanlarına cəmlləşdirən hadisələrin xarakteristikası verilib. “Azadlıq uğrunda mübariz” fəxri adını daşıyan təşkilat rəhbəri Azərbaycanı XX əsrdə ikinci dövlət müstəqilliyinə qovuşduran yolda möhtəşəmliyi ilə fərqlənən bu tarixi hadisənin hərtərəfli şərhini verib. O, konkret faktlar gətirərkən sözlərini Ümummmili Liderimiz Heydər Əliyevdən sitatla əsaslandırıb: “Yenə deyirəm, o günün mənası həyatını qurban vermiş, yaxud yaralanmış adamların sayı ilə ölçülməməlidir. O günün böyük siyasi-mənəvi mənası var”.

S. Əzimzadənin məruzəsində həmçinin müqəddəs amal yolunda şəhid və əlil olan iranlı mühacirlər və onların ailə üzvlərinin barəsində misallar çəkilib, bu amilin əhəmiyyəti qeyd olunub.

İranlı Mühacirlər Cəmiyyətinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə onun fikirlərini davam etdirərək deyib ki, bu, təşkilatımızın mövcud olduğu 70 ildə Azərbaycan cəmiyyətinə inteqrasiyasının daha da dərinləşməsi yolunda başqa qurumlarla reallaşdırdığı ilk birgə tədbir olduğundan xüsusi əhəmiyyət yaşayır: O, ölkədə mühacirlərə göstərilən hərtərəfli bəşəri qayğılar barədə məlumat verib və bu insanların belə diqqəti hər zaman cavabsız qoymadığını bildirib: “Bizim də igidlərin məzarları Bakıda, şəhər və bölgələrin şəhidlər xiyabanlarında ziyarət edilir. Məhz bu baxımdan ilk birgə tədbirə “20 Yanvar” İctimai Birliyi ilə başlamağımız tamamilə məntiqidir”.

“20 Yanvar” Fondunun rəhbəri, şəhid övladı Maral Zamanova (Qocaman) Azərbaycan Respublikasının mövcudluğundan qürur duyduğunu dilə gətirib. Bu mənada şanlı tarixin incəliklərinə qədər nəsillərə çatdırılmasının vacibliyindən danışıb. O, həmin sahəyə təhsildə, maarifçilik işində xüsusilə yaradıcı şəkildə, məsuliyyətlə yanaşmağın əhəmiyyətindən bəhs edib.

Az.TV-nin əməkdaşı, İMC İdarə Heyətinin üzvü Həsən Cəbrayılov (Ahəngi) çıxışında 1990-cı il yanvarın 19-da ölkəmizin informasiya blokadasına alınması üçün təcavüzkar ordunun həyata keçirdiyi təxribatların mənzərəsini yaradıb. Qoruyucu şəbəkənin partladılması, jurnalistlərin həbsi, dinc əhaliyə tutulan divanlar barədə gördüklərini xatırlayıb. 20 Yanvar əlili Tofiq Allahverdiyev o vaxtlar 20 Yanvardan rəsmi dairələrdə, mətbuatda heç də olduğu kimi danışılmadığını, ölkənin sahibsiz qaldığını, yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra kəsərli tədbirlərin həyata keçirildiyini bildirib. “Cənublu qardaşlarımızın da bizimlə çiyin-çiyinə dayanmalarından qürur duymuşuq”.

Tədbirdə ötən əsrdə baş verən və hərəsi bir-iki il İran daxilində milli hökumətlərin qurulması ilə nəticələnən Səttarxan, Şeyx Məhəmməd Xiyabani, həmçinin Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi “21 Azər” hərəkatlarında da xeyli insanın şəhid olduğu xatırlanıb. Həmin hadisələrin 20 Yanvar aspekti ilə təhlili zamanı bu insanların da birgə anılacağı Azərbaycan Şəhidləri Gününün təsisinin böyük mənəvi əhəmiyyət daşıyacağına diqqət çəkilib.

Bildirilib ki, “21 Azər”-in oldönümündə, 1946-cı il dekabrın 12-də 20 mindən çox mübariz güllələnib, yaxud dara çəkilib. Lakin dekabrın 12-si 72 ildir inqilabın qələbəsi günü kimi qeyd edilir. 20 Yanvar isə respublikamızın əbədi müstəqilliyinin təməlidir. Buna görə də Azərbaycan Şəhidləri Günü kimi təsis olunmağa daha çox məntiqi haqq edir.

Tədbirdə hər iki təşkilata həmin istiqamətdə müvafiq dövlət qurumlarına birgə müraciət etmələri tövsiyə olunub.

Facebook
Telegram
Twitter
Email