آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

“ 21 Azər Hərəkatının 72 yaşı qeyd olunub Məruzə, xatirələr, duyğular

“ 21 Azər Hərəkatının 72 yaşı qeyd olunub

Məruzə, xatirələr, duyğular

Ötən şənbə günü İranlı Mühacirlər Cəmiyyətində “21 Azər” Hərəkatının 72-ci ildönümü münasibəti ilə mərasim keçirilib. Tədbirdə ötən əsrin birinci yarısının bu möhtəşəm tarixi olayının iştirakçılar, canlı şahidləri, onların yolunun davamçıları, ailə üzvləri, eləcə də alimlər, tədqiqatçılar, media mənsubları iştirak ediblər.

İclasda öncə Ulu Öndər Heydər Əliyevin, “21 Azər”i qələbəyə qovuşduran Azərbaycan Demokrat Firqəsinin yaradıcısı və rəhbəri, Milli Hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin, onun dünyasını dəyişən silahdaşlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub. İMC-nin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə: “İstər “21 Azər”in qələbə çaldığı, istərsə də Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün dekabrın 12-nə təsadüf edir. Ulu Öndərin təşkilatımıza, onun minlərlə üzvünə misilsiz diqqət və qayğısı unudulmaz xatirələrimizdəndir. Məhz bunu nəzərə alaraq ümumxalq anım mərasimlərində iştirakla kifayətlənmirik, son 12 ildə ehtiram əlaməti kimi “21 Azər”in bir neçə gün öncə keçirilməsini ənənəyə çevirmişik”.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarixçi-alim Əkrəm Rəhimli (Bije) məruzəsində hərəkatın yaranma tarixinə, zərurətinə, Seyid Cəfər Pişəvərinin həyat və mübarizə yoluna, təşkilatçısı olduğu Azərbaycan Demokrat Firqəsinin bu mücadilədəki yerinə, roluna, Milli Hökumətin demokratik ümumxalq mahiyyətinə, beynəlxalq imperalizmin şah rejiminin mürtəce planlarına verdiyi dəstəyə təhlili nəzər salınıb. O bildirib ki, bu hərəkatın mütərəqqiliyini, islahatlarının bəşəriliyini, İran tarixində misli-bərabəri olmadığını hətta xarici ideoloqlar da etiraf ediblər.

İMC-nin İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin əməkdaşı, tibb elmləri namizədi Adilə Çernikbulənd çıxışında iştirakçısı olduğu hərəkatın azərbaycanlılarla yanaşı bütün İran xalqlarına sevinclər və xoş sabaha ümidlər bəxş etdiyinin mənzərəsini yaradıb. Digər iştirakçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Dasi (Kərimov) isə gördüklərinin, şahidi olduqlarını 3 kitabında toplandığını deyib.

İMC-nin Qadınlar Təşkilatının sədri Mominat Puhən hərəkat iştirakçısı olmuş zərif cinsin görkəmli nümayəndələrindən bəhs edib.

“20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə iştirakçıları “21 Azər” Hərəkatının ildönümü münasibəti ilə təbrik edib: “Qələbə on illər boyu aparılan mübarizələrin halal haqqı idi. O insanlar sonralar Arazın bu tayında müstəqillik uğrunda mücadilənin ön sıralarında oldular, 20 Yanvarda, Qarabağ döyüşlərində şəhidlər verdilər. Xatirələri daim əzizdir, unudulmazdır”. Digər təbriklər də səsləndi. Murtuza Nizamoğlu İran Xalq Partiyasının, İbrahim Şiri isə Xalq Fədailəri Partiyasının təbriklərini mərasim iştirakçılarına yetiriblər.

İranlı Mühacirlər Cəmiyyəti Ədəbi Birliyin sədri, AYB üzvü, Beynəlxalq Dədə Qorqud mükafatı laureatı Tariyel Ümid inqilaba və mühacirətə aid yeni şeirlərini səsləndirib. Şair İldırım Dəmirli isə Şəhriyarın “Heydər babaya salam”ının təsiri ilə qələmə aldığı şeirini söyləyib.

Filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli 30 illik elmi, bədii yaradıcılığında “21 Azər”in aparıcı mövzular sırasında olmağından qürur duyduğunu dilə gətirib. Təklif edib ki, hərəkatın hər bir canlı iştirakçısının xatirələrinin toplanıb çapa hazırlanması üçün komissiya yaradılsın. “Gündəmxəbər” qəzetinin və eyni adlı saytın rəhbəri Şirin Cəfəri atasının fədai kimi hərəkatda iştirakından qürur duyduğunu vurğulayaraq təbliğat işində “Mühacir” qəzetinin fəaliyyətinin genişlənməsi vacibliyindən danışıb. “Dünyaxeber.info” saytının baş redaktoru Dünya Əliyeva isə irsin təbliğində jurnalistlərin rolundan bəhs edib.

Facebook
Telegram
Twitter
Email