آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Firudin İbrahimi Azərbaycan xalqının ölməz vətənpərvər Qəhrəmanı

22 may 2017-ci il, Gəncə şəhəri Iranlı Mühacirlər Cəmiyyəti Azərbaycan Milli Hökumət zamanı baş prokuror işləmiş, Azərbaycan xalqının ölməz, vətənpərvər Qəhrəmanı, mətin inqilabçı, Azəri oğlu, Ibrahimi Firudin Qəni oğlunun 1947-ci ilin may ayının 22-də, Təbriz şəhərində, Iran şahı tərəfindən edam olunmasının 70 illiyini təntənəli surətdə qeyd etdi.

Tədbirdə, Bakıdan gələn nümayəndə, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi İcraiyyə Heyətin üzvü, Sədr müavini yoldaş M.Murtuza iştirak edirdi.

Gəncə Cəmiyyətin sədri, Əli Dəsti, Firudin Ibrahimiyə həsr olunmuş məqaləni oxudu:

“Azərbaycan xalqının ölməz vətənpərvər qəhrəmanı, mətin inqilabçı, azəri İbrahimi Firudin Qəni oğlunun edamından 70 il keçib!

İranda Azərbaycan milli demokratik hərəkatının rəhbərlərindən biri olan Ibrahimi Firudin Qəni oğlu 1919-cu ildə noyabr ayının 20-də Astara şəhərində anadan olmuşdur.

O, 1943-cü ildən Iran Xalq(Tude) Partiyasının üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulmuşdur.

1945-ci ilin oktyabr ayında Azərbaycan Demokrat Firqəsinin qurultayında Firudin Ibrahimi Milli Məclisə nümayəndə seçilmişdir. O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunmuşdur. Firudin İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak etmişdir.

O, əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan «Babək» adlı könüllü dəstələrin təşkilatçılarından biri idi. «Ajir», «Rəhbər», «Mərdom», «Zəfər», «Siyasət», “Xavəri nov-Yeni şərq”, «Azərbaycan» və sair qəzetlərdə Firudin İbrahimi dövrün çatışmamazlıqlarını ifşa edən publisistik məqalələr yazmışdı.

1946-cı ilin dekabr ayında Azərbaycanda Milli Hökumət qan içərisində boğulduqdan sonra, Firudin Ibrahimini həbs etdilər. Firudin Ibrahimini 1947-ci ilin may ayının 22-də Təbriz şəhərinin «Gülüstan bağı»nda dar ağacından asdılar.

Həkim Azəri Fərhadın və mühandis Ələkbəri Ələddinin gördükləri va dediklərindən:

«1947-ci ilin may aynın 22-də Təbriz şəhərinda günəşli havada böyük canlanma var idi. Əhali «Gülüstan bağı»na yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökümətin Baş Prokuroru Firudin Ibrahimini dar ağacından asacaqlar (digər inqilabçıların hamısını Təbriz şəhərinin «Saat qabağı» adlanan yerində dar ağaçından asırdılar). «Gülüstan bağı» şah qoşunu və jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-уə yaxın uca boylu, enli kürək, əynində milə-mil pencək, ağ köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firudin İbrahimini jandarmaların əhatəsində dar ağacına gətirdilər. О vaxta qədar Firudin İbrahimini görməmişdim. Birdən əhali təlatümə gəldi. Jandarmalara və şah qoşununa hücum etmək istədilər. Xalqın nahaq qanını töküləcəyindan ehtiyat edən Firudin İbrahimi əlini yuxarı qaldırdı və uca səslə dedi: «Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!» Cəlladlar qorxularından Firudin İbrahimini dərhal edam etdilər».

Xalq yazıçısı Mirzə İbrahimovun «Gələcək gün» romanında və şairə Mədinə Gülgünün «Firudin» poemasında Firudin İbrahiminin vətənpərvər, qəhrəman və gözəl insan obrazı qeyd olunmuşdu.

Firudin İbahimi ölməyib, о Azərbaycan xalqının qəlbində daimi və əbədi yaşayacaqdır.”

Sonra M.Murtuza öz çıxışında qeyd etdi ki, Firudin İbrahiminin seçdigi həyat yolu, həm Azərbaycan xalqın milli hüqüqlarının bərpası üçün, və həm də fəhlələr, əkinçilər və başqa zəhmətkeşlərin mənafeyi uqrunda mubarizə yolu idi. O bu mubarizə yolunda İranda yaşiyan digər xalqlarını da nəzərə alırdı. Həmin yoldan böyük əfsanəvi İnqilabçılar və qəhrəmanlar keçib, Heydər Əmoqlular, Təği Əranilər, Xosro Ruzbehlər və minlərlə Azərbaycan və İranın digər igid oqlanlar və qizları. Elə Firudinin atası Qəni və qardaşı Ənuşirvan da həmin müqəddəs yolda öz şirin həyatlarini qurban veriblər. Əbədi olsun onlarin xatırəsı, Davamlı olsun onların yolları..!

Cəmiyyətin üzvlərindən Cahan Ağamirov, Fatma Cəfərova, Rəna Rzayi, Sədaqət Cəhani, Durna Dəsti, Yəhya Xudai və başqaları Firudin İbrahiminin Milli Hökumət zamanı göstərdiyi fəaliyyətlərindən, vətənpərvər, qəhpəman və gözəl insan olmağı haqqında danışdılar. Allahdan ona rəhmət dilədilər və bildirdilər ki, onu əqidə-amalı davam etdiriləcəkdir.

Sonda, Əli Dəsti Firudin İbrahimiyə həsr olunmuş şeirini oxudu:

Əqidəyə, amala bax!

Qorxub ölümdən öz məsləkindən dönmədi.

Həyatı naminə heç vaxt sürünmədi,

Məsləkim naminə hər zaman ölərəm dedi.

Dünya tarixində bəlalı insan

İki yol ayrıcında çox dayanıbdır.

Haqqa inanan keçib həyatından,

Canından qorxan isə haqqı danıbdır.

Baş əyirəm bu hünər önündə,

«Gələcək gün» əsəri yada düşdü.

Dar ağacından asılan zaman,

Təbriz deyən Firudin yada düşdü.

İbrahimi Firudin Qəni oğlu ölməyib. O, Azərbaycan xalqının ürəyində daima və əbədi yaşayacaqdır. Heç kim unudulmur!!!

Gəncə şəhəri İranlı Mühacirbr Cəmiyyətinin sədri: Əli Dəsti

Facebook
Telegram
Twitter
Email