Əhməd Şeybani
İran ədbiyyatının görkəmli xadimlərindən biri olan şair Əbülqasim Arif təqqiqatçıların yazdığına görə 1300- cü hicri qəməri (miladi 1879 cu il) ildə Qəzvin şəhərində anadan olmuşdur. Onun atası Molla Hadı Qəzvində nüfuzlu mollalardan biri və Məclisi Şurayi Millinin dördüncü dövrəsinin vəkili olmuşdur.
Arifin qəlbində uşaq yaşlarından atasına qarşı narazalıq yaranır, bu narazılığın səbəbi Arifin yazdığına görə atasının evdə ailəsi ilə bədrəftarlıq etməsindən irəli gəlirmiş. O, göstərir ki. “atam həmişə anamı döyürdü, təhqir edirdi və buna görə də ruzugarımız çox kədərli keçirdi” Arif molla məktəbində təhsil aldığı vaxt eyni zamanda 13 yaşından musiqi də öyrənirmiş. Arif 17 yaşında məktəbi qurtarır və bundan sonra atası onun başına əmmamə qoyur və rozəxanalıqla məşğul olmağa vadar edir. Atasını ədalətsiz bir molla tanıyan Arif onun mollalığına da, millət nümayəndəsi olmasına da təəsüf edərək yazır ki, öz ailəsinə zülm edən, səqir uşağı olan qadınların var – yoxunu şəri hiylələrlə əlindən alan bir mollanın vəkil olması təəcüblüdür. Çünki millətin bu yalançı nümayəndəsi xalqın qayğısına necə qala bilər?
Arif atasə iştirak etdiyi dördüncü dövrə məclis nümayəndələrini millət xaini və ingilis səfirliyinin kandidatı kimi adlandırır. O, məclis nümayəndəsi Müdərrisin xəyanətini İsmayıl ağa Smitkonun xəyanətindən daha dəhşətli hesab edərək deyirdi: Bütün şərəfli insanlar bilir ki, baş vəzir Qəvamiccəltənə vətənimizə etdiyi xəyanətlərlə bir millətin tarixini ləklədi, onun ikinci dəfə baş vəzir olamasının səbəbi həmin Müdərris olmuşdur. Buna görə də, atam da içərisində olmaq şərtilə döpdüncü dövrə məclis nümayəndələrini ölüsünü qəbirdən çıxartmaq və onları Şimal nefti ilə yandırmaq lazımdir ki, millətin kürsilərini hiylə ilə işğal edən yalançı nümayəndələrə ibrət dərsi olsun.
Arif QəvamicCəltənəni İranda inqilabi axının qəddar düşməni və həm də Məhəmməd Təqi xanın qatili bilirdi. Ona görə də onun ikinci dəfə baş vəzirliyə keçməsinə səbəb olan məclis vəkili Müdərrisi millət xaini və istibdadın məclisdə olan fəal nümayəndəsi hesab edərək, yazırdı:
Müdərris əzrəhi Türkiyyə və Hicaz və İraq
Dübarə çün şütürü luk bihicaz aməd.
Ci ehtiram, bər an hacıyəst mərdom ra
Ki bivizu sui həcc rəft və binəmaz aməd.
Tərcümə:
Müdərris türkiyə və hicaz və İraq yolu ilə
tükü getmiş cihazsız dəvə kimi dübarə gəldi.
Xalqın belə hacılığa nə hörməti olsun ki,
dəstəmazsız həccə gedib və namazsızda qayıdıb.
Arif əmmaməni, molla libasını və rozaxanlığı ğzünə təhqir hesab edirdi. Ona görə də atası öləndən sonra özü dediyi kimi həm atasından, həm də mollalıqdan intiqm alır, müasir adamlar kimi paltar geyinir, bu cəhətdən mütərəqqi fikirli bir şair və bir incəsənət xadimi kimi öz həyatını davam etdiri. O, öz vəziyyətinə görə bir çox ailələrlə irtica və istibdad adamları ilə, həmçinin mütərəqqi fikirli insanlarla müaşirət edirdi. Şahzadələrin məclisinə düşür, dövlət başçıları ilə görüşür və hətta dərbara da yol tapır, bu cür məclislərdə hazır olan Arif özünü bir iddə məğrur, xudxah adamların, o cümlədən dərbar vəziri Cultanəli xan Əmir Bahadur, şahzadə Müvəssəqid Dövlə və başqalarının məclisini də görəndən sonra dəfələrlə öz tutduğu işdən peşiman olur, bütün bunlara baxmayaraq o, şahzadə Müvəssəqiddövlənin toruna düşür və onun vasitəsilə Müzəffərfəridin şah Qacarın sarayına cəlb edilir.
Arif Qacar şahları sarayında istibdadın ən nəngin və yaramaz mahiyyəti ilə tanış olandan sonra nifrət etdiyi saraydan canını qurtarmaq üçün öz həyatını təhlükəyə salıb oradan qaçır. Lakin o, nə qədər dərbardan qaçıb uzaqlaşmağa çalışsa da yaşadığı mühitin ziddiyyətlərindən yaxa qurtara bilmir. Bu ziddiyyətlər onun düşüncələrində və nəticədə yaradıcılığında da öz təsirini göstərir. O, xalq hərəkatını çox yaxşı qiymətləndirir, lakin bu mübarizənin səbəbini aydınlaşdırmaqda ziddiyyətli fikirlər irəli sürülr. İstibdad və imperalizmə nifrət edən Arif əvvəllər Seyyid Ziya hökümətinin mahiyyətinə düzgün qiymət verə bilmir. Görkəmli şair Azərbaycandakı xalq hərəkatını, Xiyabani və Heydərəmioğlunu çox gözəl və real mövqedən qiymətləndirir. Lakin Azərbaycan dilinə münasibətdə şovinist fikirli adamların fikrini təkrar edir. Hətta bütün İran xalqlarına münasibətdə özünün istəmədiyi dərin bir səhvə yol verir. Bütün bunlara baxmayaraq işin sevindirici cəhəti burasındadır ki, zaman keçdikcə Arif öz səhvlərinin bir sırasını düzəltməyə müvəffəq olur.
Arif İranın bir sıra əyalətlərinə, o cümlədən Gilan. Xorasan, Azərbaycan, Kürdüstan, Xozistan, İsfəhan və başqa əyalətlərə səfər edib, xalqların aclıq, səfalət, cəhalət və bədbəxt həyatı ilə yaxından tanış olaraq hakimiyyətin nalayiq və xainlər vasitəsilə vətən düşmənlərinin əli ilə idarə edilməsinə təəsüf edir. O, bu barədə yazırdı ki, vətənin hər yerinə qədəm qoyuram, idarələrdəki oğrulara rast gəlirəm və yaxud yol kəsənlərə əsir düşürəm.
Bütün bunlar, xüsusilə xalq kütlələrinin narazılığının gündən – günə artması və istibdada qarşı mübarizənin güclənməsi Arifin ictimai fikirlərinin formalaşmasına müsbət təsir göstərir. Onun yaradıcılıq dövrünün həssas illəri İranda başlanan məşrutə inqilabı və milli hərəkatın güclənməsi illərinə təsadüf edir. O, bu hrəkəta rəğbət bəsləyir. Hərəkata qoşulur və öz qələmi və sənəti ilə xalq mübarizəsinə kömək edir. O dövrün görkəmli hərəkat xadimləri olan Şeyx Məhəmməd Xiyabani, Heydərəmoğlu və Məhəmməd Təqi xan Arif yaradıcılığında həmişə hörmət və izzətlə yad edilir. O, yazır: “imtəhanlardan çıxmış böyük inqilabçı mərhum Heydərəmoğlu ilə dostluğum var idi. Heydər xan ilə mənim xüssiyyətim Tehranda Mirzə Bağır xanın evində oldu. Orada azadlıqdan danışılırdı və mən bundan başqa söhbət eşitmək istəmirdim”.
Məşrutə inqilabı başlananda Arif sevinir və deyirdi ki, xalq oyanıb və kütləvi inqilabın nəticələri daxili və xarici düşmənlərin İran xalqlarına gətirdiyi fəlakətlərə son qoyacaqdır. Buna görədə o həyəcan və inamla deyirdi:
Peyam duşəm əz piri mey firuş aməd,
Be nuş badə ki, yek milləti behuş aməd.
Hezar pərdə zi İran drid istibdad
Hezar şükr ki, məşrutə pərdə nuş aməd.
Bırayi fəthi cavanani cəngi – cu cami,
Zədəm zi meykəde fəryad nuş, nuş aməd.
Kəsi ki, ru be səfarət peyi ümidi rəft,
Dəhid mejde ki lal və kər xamuş aməd.
Sədayi naleyi Arif be guşi hər ki, rəsid,
Çü dəf be sər zəd və çun cəng dər xüruş aməd
Tərcümə:
Dünən meyxananın pirindən peyğam gəldi,
badə iç ki, bir millət oyandı.
İstibdad İranın min pərdəsini yırtdı,
min şükr olsun ki, məşrutə pərdə örtən gəldi.
Döyüşçü gənclərin qələbəsi üçün bir cam qaldırdım,
Meyxanədən nuş olsun, nuş olsun sədası gəldi.
O kimsə ki, səfirliyə bir ümidlə getmişdi,
Müjdə verin ki, lal və kar və səssiz gəldi.
Arifin naləsi hər kəsin qulağına çatdl,
Qaval kimi başa vurdu cəng kimi fəryada gəldi./
Arif güclü təsirə malik şerləri, qəzəl və təsnifləri ilə vətən xainlərinə qarşı kəskin mübarizə aparmaqdan çəkinmirdi. Lakin təəsüf bu mübarizələrdə müvəffəqiyyətsizliyə. Ikiüzlü adamlara rast gəldikdə o, küskünləşir və deyirdi ki, “İranda mənim sığınacağım meyxanədir, lakin hərəkatın gücləndiyi vaxt ilhama gələn Arif yenə də canavar mürtəce ünsürlərin qoyun dərisi geyib inqilabçılar sıralarına soxulmalarından, sonradan isə canavar qiyafəsinə düşmənlərindən qəzəblənib nalayiq adamları öz qoynunda becərən mühiti təqsirləndirirdi. O, məqam və pul xatirinə məmləkəti əcnəbilərə ikiəlli təqdim edən hiyləgər adamları, hakim təbəqəyə mənsub olanları tənqid atəşinə tutub rüsvay edir və onları əcnəbipərəst, xain adlandırırdı. Məşrutə inqilabının qələbəsindən sonrakı mənzərəni nəzərdən keçirən Arif hiss edirdi ki, hakimiyyət başında olanların əksəriyyətinin niyyəti millətin dərdlərinə dərman və məmləkətin xərabələrini təmir etmək yox, bəlkə öz şəxsi mənafelərini təmin etmək və ağalarının arzularını həyata keçirməkdən ibarətdir. Buna görə də Arif deyirdi ki, bir bağda yuva salmışam ki, bağban özü də ovçudur. Məşrutə inqilabının axırlarında İranda xarici siyasətin kəskinləşməsi, məclisi şurayi milli əleyhinə yürüdülən böhtanlar, digər tərəfdən məclis nümayəndələrinin tərkibi ki, əksəriyyət molla nümalardan, əcnəbipərəstlərdən və müftəxorlardan ibarət idi Arifi həddindən artıq kədərləndirirdi. O yazır:
Qəhtül rical gəşt dər İran ki əz əvvəl,
Gui ki, hiç mərd dər in dudman nə bud.
Cüz əcnəbi və xain və biganə məhrəmi,
Dər asitani şah məlik pasban nə bud.
Dər əcnəbipərəsti İrani on çinan
Dad imtəhan ki, behtər əz in imtəhan nə bud.
Əz əvvəl bənayi məclisi azadiyi cahan,
Şərməndə tər, zi məclisi ma parleman nə bud.
İran be ruzigari təcəddüd çi daşt gər,
Müfti və şeyx və müftəxor və rozəxan nə bud.
Tərcümə:
İranda kişi elə qəhət oldu ki,
Deyəsən əvvəldən bu evdə heç kişi yox imiş.
Xaricdən, xaindən və biganələrdən başqa
Şah və hökmdar sarayında sirdaş yox idi.
Əcnəbipərəstlikdə iranlı elə imtəhan verdi ki,
Ondan yaxşı imtəhan yox idi.
Dünyada azadlıq məclisinin binası qoyulandan,
Bizim məclisimizdən rüsvayçı parlaman yox idi.
Mütərəqqi dünya üçün İranın nəyi olardı.
Əgər qazi, şeyx, müftəxor və rozəxan olmasaydı. /
İrticanın azadxahlara qarşı təhlükəli təqibi, bəzi azadxahlar üçün xaricə mühacirət etmək zəruriyyətini meydana gətirir. Arif də İran siyasi mühacirləri sırasında vətəni tərk edib İstanbula gedir. O zaman Türkiyədə təşkil edilmiş “İttihadi islam” cəryanı ilə, onun imperalizmə xidmət edən mahiyyəti ilə tanış olandan sonra o da düşünür ki, hər millət özü – öz dərdlərinə çarə etməlidir. Arif İstanbulda qalmağı məsləhət görməyib bu səfərindən peşiman olur, və dübarə İrana qayıtmağı qərara alır.
Hadisələrin gedişindən və xalqda oyanan inqilabi əhval – ruhiyyədən xəbərdar olan Arif milli üsyanların başlanacağına şübhə etmirdi. Azərbaycanda Şeyx Məhəmmədi Xiyabaninin başçılığı ilə başlanan qiyamın xəbərini eşidən Arif ürəkdən sevinirdi. O Xiyabaninin qabaqcadan tanıyır, onun mütərəqqi məfkurəli, insanpərvər və xeyirxah bir məsləkdaş olduğuna inanırdı. Ona görə də Xiyabani üsyanı Arifin məyus olan xəyalında ümidlər doğururdu. Hərakatın proqramı ilə tanış olan Arif üsyanın nəticələrini bütün İran azad olması üçün güclü amil hesab edirdi. Eləcə də o, Azərbaycan üsyanından vəhşətə düşən satqın dövlət başçılarını, Xiyabani əleyhinə hücum edən daxili və xarici irticanı kəskin surətdə pisləyib yazırdı: “Şeyx Məhəmməd Xiyabani ikinci dövrə məclisdə nümayəndə olduğu zaman öz ali fikrinin istiqamətin, məslək və pakda mənliyin əməldə nişan verdi. O, ən əvvəl ingilislərin nüfuzunun qarşısını almaq və sonra Osmanlı türklərinin təcavüzünə mane olmaq üçün Təbrizdə qiyam elan etdi. Onun gündəlik alovlu nitqləri minlərlə adamların qulağında həyəcanlı gurultu və başında inqilabi mübarizə dərsləri doğurdu ki, bu da Azərbaycan cavanlarını inqilabi mübarizələrə sövq edir və bütün İran xalqlarının kütləvi mübarizələrə qaldırmaq üçün ən güclü silah idi. Xiyabaninin şəhid olması, Arifə çox ağır təsir bağışladı. O yazır:
Kəsəm be şəhr binəd şüdəm biyaban gərd
Zi qüsseyi Kulinel və əz ğəmi Xiyabani.
Tərcümə:
Heç kəs məni şəhərdə görməyəcəkdir.
Mən Məhəmməd Təği xanın qüssəsindən və Xiyabaninin
qəmindən səhralara düşmüşəm.
Arif istibdad əleyhinə başlanan bütün üsyanları istiqbal edirdi. O, Azərbaycandan sonra Xorasanda Kulinel Məhəmməd Təği xanın başçılığı ilə başlanan üsyanda şəxsən iştirak edərək, qoşun içərisindən başlanan bu hərəkatı ürəkdən alqışlayırdı. O, qiyama və xüsusən Kulinel Məhəmməd Təği xanın mütərəqqi simasına səcdə edib deyirdi:
Bidar hər ki gəşt dər İran rəvəd bedar,
Bidar və zendeqani bidarəm arzust.
İran fədayi bulhəvəsi hayi xainin
Gər dide yek ərteş fədakaram arzust.
Tərcümə:
Hər kəs İranda yuxudan oyandı dara çəkilir,
Oyaqlıq və oyaq yaşamağı arzu edirəm.
İran xainlərinin ehtirası, qurbanı olub.
Onun xilası üçün fədakar bir qoşun arzu edirəm./
Ancaq bu inqilab da boğulur. Onun başçısı xainlərin əli ilə qətlə yetişir və üsyan yatırılır.
Arif görkəmli hərəkat xadimi Kulnel Məhəmməd Təği xanın qətlə yetişməsindən sonra da onun şəxsiyyətinə baş əyərək yazırdı: “İran indiyə qədər belə sərkərdarlardan az görmüşdür. Mən özümü bu böyük milli vətənpərvər simanın şəxsiyyətinə həqiqi qiyamət verməyə layiq bilmirəm. Həmin qədr onu İranın xilaskarı kimi tanırdım, ona görə də onun ölümündən sonra mənim ümidim kəsildi. Tarix onu İran xalqlarının azadlığı yolunda fədakarlığını heç vaxt unutmayacaqdır.
Xalq hərəkatının gücləndiyi vaxt ruhlanan, ona ürəkdən kömək edən Arif geri geri çəkiləndə, məğlub olanda, Şeyx Məhəmmədi Xiyabani, Heydər əmoğlu və Kulinel Məhəmməd Təği xan fədakar simalar şəhid olanda yorğunluğa və ruh düşgünlüyünə düçar olur. Yazılı sənədlər göstərir ki, o xüsusilə Xorasan üsyanı yatırılıdıqdan sonra qanadları yanmış şahin kimi guşənişinlik ixtiyar edərək, Məhəmməd Təği xanın kəsilmiş başının şəklinə baxıb bu rübaini deyib ağlarmış.
İn səri ki, nişani sərpərəsti əst,
İm ruzi riha ziqeyd həsti əst.
Ba dideyi ibrət əş be binid kin
Kin aqibəti vətənpərəsti əst.
Tərcümə:
Bu baş ki, bir nəfər azadənin nişanəsidir,
Bütün könüllər onun eşq aşiyanəsidir.
Vətənpərəstlər ona ibrətlə baxsınlar,
Zəmanəmiz belə azadələr zəmanəsidir./
Əbülqasım Arif İranda azadlıq hərəkatının genişlənməsi və məşrutə inqilablarında xalqın əhval ruhiyyəsində milli demokratik ideaların meydana gəlməsi ilə əlaqədar olaraq yeni üslubda yazıb yaratdığı şer, qəzəl və təsniflərə görə məşrutə dövrünün görkəmli milli şairi kimi böyük şöhrətə malikdir. Arifşünaslar onu İran ədəbiyyatında yeni və mütərəqqi forma və məzmunlu şer banilərindən hesab edərək, onun mübariz inqilabi şair olduğunu təsdiq edirlər. onun şer, qəzəl və təsnifləri o dövrə qədər İran şairlərinin yazdığı şer və qəsidələr kimi təkcə ədəbi zövqə malik deyildir, bəlkə insan qəlbinin dərin guşələrində milli hissiləri hərəkətə gətirən və vətənpərvərlik əhval – ruhiyyəsinin canlanması üçün təsirli amildir.
Arifin şerlərində qəliz, anlaşılmaz sözlərin işləınilməsinə nadir təsadüf etmək olar. Onun yazıb yaratdığı ədəbi və bədii əsərlər təmamilə rəvan, xoşahəng, səlis və mətindir. Arifin mübarizəsinin əsas hədəfi məmləkəti xərabəzara çevirən və xalqı ən ağır vəziyyətə salan inperialist və irticanın nüfuzunu kəsməklə azad və müstəqil İran cümhuriyyəti yaratmağı əsas tuturdu. O, ictimai nöqsanları və eybəcər əxlaq pozğunluqları açıb göstərərək, onun səbəbkarlarını ifşa edirdi. Arifdə elə bir nadir ifaçılıq xüsusiyyəti var idi ki, o yazdığı qəzəl və təsnifləri gözəl səsi ilə ümumi və ya xüsusi yığıncaqlarda məharət ilə ifa edə bilərdi. İncəsənət xadimi kimi də məşhur olan Arif ilk dəfə Tehranın Bağırov teatrında səhnəyə çıxıb özünün aşağıdakı qəzəlin Əbu Əta ahəngində ifa etdi.
Libasi mərd bər əndam aləmi zibast
Çi şod ki kutəh və zişt in qəba be qaməti mast.
Biyar badə ki ta rahe nisti girəm
Mən azmudəm axir bəqayi mən be fənast.
Zihəd guzəşt təədi kəsi nəmiporsəd,
Hüdudi xaneyi bixaniman ma zi kocast
Çi şod ki məclisi şura nə mikonəd məlum
Ki, xanə xaneyi ğeyr əst ya ki, xaneyi mast.
Xərab məmləkət əz dəst duzd xanəgi əst.
Zidəsti ğeyr çi naləm, hər çi həst əz mast.
Tərcümə:
Ölüm libası dünyanın əndamına gözəldirsə,
Bilmirəm nə olub ki, bizə güdək həm də yaraşıqsızdır.
Badə gətir, ta yoxluq yolunu tutum,
Çünki mən bilirəm ki, axırım fənadır.
Zülm həddini keçib heç kəs də xəbər almır ki,
Bu var yoxdan çıxmış evimizin hüdudu haradadır.
Nə olub ki, şura məclisi aydınlaşdırmır ki,
Görək bu ev bizimdir və ya başqasının evidir.
Məmləkət ev oğrusunun əli ilə xərabə qalır.
Nə üçün başqasının əlindən kədərlənək, hər nədir özümüzdəndir. /
Arif öz apardığı kəskin mübarizələrdə həm vətən düşmənlərini rüsvay edirdi və həm də xalqı yeni – yeni mübarizə meydanlarına atılmağa sövq edirdi.
Onun öz yazdığına görə Azərbaycanı və Azərbaycan xalqını ürəkdən sevirmiş. Baş vəzir Vüsuqquddövlənin Azərbaycan haqqında yazdığı təsnifdə demişdir.
Can be ruxi Azərbaycan bad
İn məhd Zərdüşt məhdi əman bad. Məhdi aman bad.
Hər nakəsət ku üzv fələc goft
Üzvəş fələc gu laləş zəban bad. Laləş zəban bad.
Kəlidi İran tu – şəhidi İran tu – ümidi İran tu.
Drud bər rəvanət əz rəvan pakan bad – əz niyakan bad.
Ey, ey, ey fədayi xakət can cəhan bad.
Səba ziməm bi gu be əhli Təbriz.
Ki, ey həmə çu şir şərze xunriz.
Zi türk və əz zəbani türk be pərhiz.
Tərcümə:
Azərbaycanın üzünə can qurban olsun.
Zərdüştün bu beşiyi əminamanlıq beşiyi olsun.
Hər nakəs ki, sənə üzvi fələc deyib,
Onun əzası da fələc olsun, dili də lal olsun.
İranın aşarı sənsən, İranın yolunda şəhid olan sənsən, İranın ümidi sənsən
Pak ruhlardan sənin ruhuna salam olsun. Babalardan salam olsun.
Sabah məndən de Təbriz əhlinə.
Ki, ey hamısı qan tökən acıqlı şirlər
Türklükdən və türk dilindən pəhriz edin.
Burada Arif osmanlı türklərinnin və onların dilini nəzərdə tutmuşdur.
Doktor Şəfəq yazır ki, Azərbaycan vətənimizin ürəyi və gözü kimi düşmən oxlarının nişanəsi olarkən onun qeyrətli sərdarları vətənimizin sərhədlərində həmişə səd çəkmişlər. Azərbaycan xalqı İranın azadlığı, istiqlaliyyəti və abadlığı uğrunda mübarizələrdə siqətül islamlar, xiyabanlar və Kulnel Məhəmməd Təği xanlar kimi böyük vətənpərvərləri qurban vermişlər, hər bir İranlı fədakar azərbaycanlılara ürək vermək üçün Arifin bu təsnifini oxumaqda Arif ilə həmsəda olmalıdır. İndi mən bu sətirləri Berlində yazıram. Arif isə Təbrizdədir, yəqin edirəm ki, Azərbaycan İranın bu vəfalı oğluna dərindən hörmət edib və onu çox əziz qonaq hesab edəcəklər Rusiya Böyük Oktyabr Sosialist inqilabının qələbəsinə ürəkdən rəğbət bəsləyən Arif bolşevikləri xilaskar V. İ. Lenini rəhmidar bir mələk adlandıraraq yazır:
Bolşevik əst Xızır rahi nəcat
Bər Məhəmməd və alehi səlavat.
Ey Lenin, ey fürişteyi rəhmət
Kun qədəm rənce zud bizəhmət.
Toxmi çeşm mən aşiyaneyi tust.
Hin be fərma ki, xanə xanəyi tust.
Tərcümə:
Nəcat yolunun Xızrı bolşeviklərdir
Məhəmməd və onun övladına salavat.
Ey Lenin ya ey rəhmət mələyi
Zəhmət olmasa bir addım tez gəl.
Mənim gözümün giləsi sənin yerindir.
Bu dəqiqə buyur, ev sənin öz evindir./
Arif məmləkətdə hökm sürən ümumi savadsızlıqdan şikayətlənərək, İran xalqlarının nicatı üçün geniş maarif şəbəkəsinin yaranmasını zəruri hesab edirdi. O, İran qadınlarını da hüquqsuzluğunu və bədbəxt yaşamasını nəzərə alıb yezırdı ki, bu məmləkətdə hazırki şəraitdə qadın çarəsiz və bədbəxtdir.
Görkəmli azadixah şair olan Arifin həyatı acı xatirələrlə doludur. Təhlükəli mühit içərisində ağır şəraitdə apadığı mübarizələrdə onun çətinliklə tapdığı pendir çörəyə, göz yaşı ilə yaşadığı günlərə və hətta ondan da məhrum olduğu günlərə də çox rast gəlmək olar.
Arifin şer, qəzəl və təsniflərinin kədərli olması, həyatında rast gəldiyi və özünün düçar olduğu bu məhrumiyyətlərin nəticəsidi. O yazırdı ki, mən istərdim bu cızma pozma şer və qəzəllərimdə təmamilə məhv edilsin, mənim yaşadığım yaramaz dövürdən bir nişanə də qalmasın, çünki bu nəngin dövrün xüsusiyyətləri gələcək nəsl üçün xəcalətdən başqa bir şey olmayacaqdır.
Doctor Şəfəq yazır: “Bu adam kimi öz sənətinə müsəlləm olan ikinci bir şəxs yoxdur. Bu bədbəxt şairin qiyməti onun şöhrətindən qat – qat artıqdır. Çox təəsüf olsun ki, minlərlə Arif kimilərə möhtac olan İranda hələ mərifətin bazarı meyvə ilə dolmamış, rəqiblər həsəd aparıb onun ürək hisslərinə, söz və qələm ilə hücum etdilər”. Arifin dərin arzularından biri də onun notlarının rəvac olması və nəğmələrinin olduğu kimi tərənnüm edilməsi idi ki, şair özünün bu arzusuna çatmadı. Lakin bir qədər sonra onun qəzəlləri İranın bütün guşələrindən azadlıq zəngi kimi çalınırdı. Müasir dövrün ədəbiyyat tarixi onu görkəmli sənətkar kimi yad edərək, onun yaşadığı dövürdə və onun özünün mənfi cəhətlərini də, Arifi ziddiyyətlərə salan mühiti də elmi nöqteyi – nəzərdən təhlil edəcək, görkəmli azadixah İran xalq hərəkatına və xalq ədəbiyyatına xidmətləri aşkara çıxaracaqdır.
Əhməd Şeybani 1958-ci il